|
Təcridxanada ölən sirr “dağarcığı”...
Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin müəmmalı ölümü araşdırılmamış qalıb. 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq Təcridxanasındakı kamerada İlqar Əliyevin cəsədi asılmış vəziyyətdə aşkar olunmuşdu. Onun ölümündən 2 gün sonra - dekabrın 22-də isə digər məhbus - Manaf Paşayev də orada müəmmalı şəkildə öldü. M.Paşayevin İ.Əliyevin kamera yoldaşı olması haqda xəbərlər vardı.  

Hər iki iş üzrə Cinayət Məcəlləsinin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanmışdı. Manaf Paşayevin ölümünü ərazi aidiyyəti üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırırdılar. İlqar Əliyevin ölüm işi üzrə cinayət işinin materialları isə Bakı Şəhər Prokurorluğuna, oradan isə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib. Nəticə haqda ictimiyyətə bu günə qədər konkret açıqlamalar verilməyib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov müvafiq sorğuları  “İstintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir” şəklində cavablandırır. 
 
İ.Əliyev Eldar Mahmudov “vurulandan” sonra “MTN işi” üzrə ilk həbs edilənlərdən  və iş üzrə əsas fiqurantlardan biri idi. Sabiq milli təhlükəsizlik naziri E.Mahmudovun yaxın çevrəsinə daxil olan bu şəxsin adı jurnalistlərə, sahibkarlara qarşı həyata keçirilən qanunsuzluqların əsas icraçısı kimi  hallanırdı. Bu haqda mətbuatda kifayət qədər məlumat var. Onun qəfil olümü çoxsaylı suallar yaratmışdı. İlqar Əliyev tutduğu vəzifəyə görə bir çox sirrlərə vaqif idi və belə demək mümkünsə sirr darğacına çevirilmişdi. Bu baxımdan onun özünü asmasına inanmayanlar mütləq çoxluqdadırlar.  İlqar Əliyevin saxlanıldığı BİT-də 1 il 6 ay istintaq altında olmuş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı isə  qəzetimizə açıqlamasında bidirmişdi ki, İlqar Əliyevin kamerada özünü asması mümkün deyil. Buna sadəcə şərait yoxdur.  
Ə.Zeynallı bildirmişdi ki,  İlqar Əliyevin ölümündən əvvəl bildiklərini danışmaq istəməsi haqda bəyanatları olub
 
Sitat: “Ölümündən əvvəl onun bildiklərini söyləmək istəməsi haqda fikirlər var idi. İlqar Əliyevin əlində olan materiallar güman ki, bu gün haradasa qalır. Yəni bu tip adamlar danışmaq istəyirlərsə, onlar ölümlərindən sonra da əlindəki materialların, kompromatların vasitəsi ilə “danışa” bilirlər. İlqar Əliyev iri çapda adamdır”. 
 
Digər tərəfdən, onun ölümündən sonra məlum oldu ki, İlqar Əliyev əllərini yanına salıb məhkəmə qarşısına çıxarılıb iş alacağı günü gözləməyib. O, müdafiə olunmaq üçün çox ciddi şəkildə vəkili ilə hazırlıqlar görüb. İlqar Əliyevin özünü müdafiə etmək üçün çalışdığı bir vaxtda özünü asması ağlabatan, inandırıcı deyildi. 

İ.Əliyevin ailəsi də onun özünü öldürməsinə çox ciddi şübhələrinin olduğunu gizlətmirdi. “Yeni Müsavat”ın 8 yanvar 2016-cı il tarixli sayında dərc edilən “Ailəsi MTN polkovnikinin özünü öldürməsinə inanmır” ) 

 
sərlövhəli yazıda bu haqda məlumat verilirdi. 
 
Sitat: “İ.Əliyevin ailəsinə yaxın mənbə ”Yeni Müsavat"a deymişdi ki, ailə üzvləri onun həyatla öz xoşu ilə vidalaşdığına inanmadıqlarını istintaqçılara da deyiblər. “İlqar Əliyev ölümündən az əvvəl həyat yoldaşı ilə telefonla danışıb, hər şeyin normal olduğunu deyib. Onun iki uşağı var, yoldaşından uşaqlarını soruşub. Deyib ki, hər şey yaxşı olacaq. Yəni özü də bilirdi ki, 10-12 il cəza verilə bilər. Həbsə düşməyindən narahat olub, bədbin, fikirləri qarışıq olub. Amma özünü asması heç ağla gələn məsələ deyil... Deyib ki, atası, qardaşı çox da qüssələnməsin. Bir işdir başına gəlib. Yəni İlqar Əliyev həbs olunmasından narazı olub. Amma onun özünü asması üçün əsasları olmayıb. Onun ölümündən sonra vəkili də ailəsinə deyib ki, İlqarın vəziyyəti pis olmayıb. Onunla məsləhətləşmələr aparıb, müdafiə taktikası qurub, vəsatətlər hazırlayıblar. Vəkili hər gün onunla görüşüb, nə edəcəklərini müzakirə ediblər. Adam özünü asacaqdısa, niyə müdafiə olunmağa hazırlaşıb?”
 
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov da keçmiş iş yoldaşının intihar etməsinə inanmadığını vəkili vasitəsi ilə açıqlamışdı. Bu ilin oktyabrında Çovdarovun vəkili Kamandar Nəsibov mətbuat konfransı keçirərək son dərəcə ilgin açıqlama ilə çıxış etmişdi: 
Həmin açıqlamanı təqdim edirik: “Akif Çovdarov dünən bizimlə görüşdü. Getdik rəisin yanına. Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq aclıq edib özümü öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər”.
Kamandar Nəsibov A.Çovdarovun İlqar Əliyevlə bağlı dediklərini ictimiyyətə belə çatdırmışdı: “İlqar Əliyev özünü asan idisə, ölməmişdən əvvəl özünü niyə döyürdü? Bundan başqa, o, ölümündən bir saat əvvəl evinə zəng eləyib, yeyib-içmək istəyib. Yaxud Orxana (MTN-nin həbsdə olan başqa bir əməkdaşı) ərizə yazdırıblar ki, guya başını divara vurub. Onu o vaxtdan tibb-sanitar hissəsinə salıblar, havaya da buraxmırlar. Bütün bunları mənə Çovdarov deyib”.
 
MTN-çinin saxlanıldığı təcridxanada özünü asmasına Akif Çovdarovun açıqlamasına qədər də inananlar az idi. Bu açıqlamadan sonra belə fikir formalaşmışdı ki, tezliklə istintaqın gedişatı haqda müfəssəl açıqlama veriləcək. Amma belə bir açıqlama da verilmədi. İ.Əliyevin müəmmalı ölümünün 1 illiyinin tamamlanmasına 1 həftədən az vaxt qalıb. Cinayət işinin istintaqı da MTN polkovnikinin ölümü kimi məmmalı şəkil alıb. Sirrlər daşıyan polkovnikin ölümü sirli olaraq qalmaqdadır.
musavat