Xristian dünyasının tarix boyu türk, müsəlman ölkələrinə qarşı apardığı çirkin siyasət davam etməkdədir. Sanki bir neçə güclü müsəlman ölkəsinin mövcudluğunu onlar özlərinə qarşı ciddi bir təhlükə görürlər.
Bu məsələ zaman-zaman müzakirə mövzusu olub. Hər kəs “xristianlar müsəlmanlardan nə istəyirlər” sualının cavabını axtarır. Hazırda islam ölkələrində gedən proseslərə xristian dövlətlərinin münasibəti dediklərimizi əyani sübut edir. Bir neçə faktı qeyd edək.
50 ildən artıq Avropa İttifaqında üzv olmaq istəyən qardaş Türkiyənin birliyə daxil olması üçün bütün mümkün maneələrdən istifadə olundu və Türkiyənin sonda birliyə daxil olması möcüzələrə qaldı.
Bundan əlavə, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaradılan Minsk Qrupuna həmsədr olan dövlətlər indiyə qədər nəinki səmərəli bir iş görüblər, hətta təcavüzkar ölkə olan Ermənistana zaman-zaman əllərindən gələn yardımları etdiklərinin şahidi oluruq.
Maraqlıdır ki, demokratiyadan dəm vuran xristian gücləri Orta Asiyada yerləşən türk dövlətlərinə tamam başqa mövqedən yanaşırlar. Həmin ölkələrdə birmənalı şəkildə mövcud olan avtoritar quruluşları dəstəkləyirlər. Buna səbəb də, belə quruluş yaşayan dövlətlərin heç zaman irəliləyə nail ola bilməyəcəklərini bu güclərin anlamasıdır.
Belə misalları çox çəkə bilərik.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, xristian və müsəlman ölkələri birlikdə yaşamağa məhkumdurlar: “ Sivil insanlar dini və irqi ayrı-seçkiliyə yol verməməlidirlər. Əks halda xaosun miqyası genişlənəcək. Ancaq təəssüf ki, hətta inkişaf etmiş ölkələrdə belə bu ayrı-seçkiliyə yol verilir. Elə götürək Amerikanın yeni prezidenti Donald Trampı. Seçkiqabağı çıxışlarının birində söyləmişdi ki, müsəlmanları ölkəyə buraxmayacaq. Bu açıqlamada dini dözümsüzlük var. Doğrudur, prezident olaraq onun bu “vədini” yerinə yetirməsi mümkün görünmür. Ancaq fakt bundan ibarətdir ki, Qərb ölkələrinin bir qisim lideri ölkələrində müsəlman görmək istəmirlər. Ancaq məsələnin başqa tərəfini də görməliyik, bəzi müsəlmanlar da Qərb ölkələrində özlərini yaxşı aparmırlar. Məsələn, Amerikada son terror aksiyaları məhz orada yaşayan müsəlmanlar tərəfindən törədilib və bu hal Amerikanın millətçi xristian kəsimini müsəlmanlara qarşı aqressivləşdirir. Halbuki, Amerikada yaşayan müsəlmanların əksər hissəsi yerli qanunlara hörmətlə yanaşırlar. Eləcə də Almaniyada sığınacaq tapan bəzi müsəlman gənclər yerli millətin nümayəndələrinə qarşı bır sıra hallarda qanunsuz hərəkətlərə yol verirlər. Heç kim əfqanı, suriyalını, iraqlını və digərlərini Almaniyaya köçməyə məcbur etməyib, ancaq köçmüsənsə zəhmət çək yerli şəraitə inteqrasiya olun”.
Politoloq onu da qeyd etdi ki, türklərin gələnəyində dini və ayrı-seçkilik yoxdur: “Türk dövlətlərinin və millətlərinin tarixən xristian ölkələrlə sıx münasibətləri olub və var. Məsələn, Azərbaycana səfər edən İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycandakı tolerantlığa heyran qaldı. Halbuki, İsrailin İslam dünyasının böyük kəsimi ilə problemi var və ərəblərlə yəhudilər bir-birlərini qəbul etmirlər. Azərbaycan bu cür münasibətlər sistemindən uzaqdır. Bu ənənəni qorumaq və inkişaf etdirmək lazımdır. Məsələn, Azərbaycanda bütün tədbirlərdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, xristian və yəhudi icmalarının rəhbərləri ilə birgə iştirak edir. Bu da yaxşı ənənədir. Xristian ölkələr münasibətdə olduğu ölkələrin demokratikləşməsini istəyirlər, ancaq bəzən avtoritar rejimlərlə də əməkdaşlıq etmək məcburiyyətindədirlər. Etiraf etmək lazımdır ki, xristian dünyasından fərqli olaraq müsəlman ölkələrinin əksəriyyətində demokratiya ənənəsi zəifdir, avtoritar rejimlər hökm sürür. Bunun özü də xristian dünyası ilə müsəlman dünyası arasındakı anlayışa və əməkdaşlığa mane olur. Çünki baxışlarda fərqlər var. Nahaqdan amerikalı alim Hantinqton mədəniyyətlərarası toqquşma haqqında proqnoz verməmişdi. Çox təəssüf ki, onun bu proqnozu doğruldu”.
Müsahibimiz xristian həmrəyliyi deyilən məfhumun olmasına da toxundu: “Azərbaycan da uzaq 90-cı illərdə bunu öz üzərində hiss edib. Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə biz informasiya blokadasında idik. Ermənistan hakimiyyəti və dünyadakı erməni lobbisi bundan öz məqsədləri üçün istifadə etdi, Azərbaycanla müharibəni xristian-müsəlman qarşıdurması kimi qələmə verdi. Halbuki, Azərbaycan işğalçılara qarşı savaşırdı, yəni işğalçının irqi və dini bizi maraqlandırmırdı, həmin işğalçı İslam dininə bağlı olsaydı belə biz eyni əzmlə işğalçıya qarşı mübarizə aparacaqdıq. Təəssüf ki, Qərb ölkələrinin bir qismində hələ də Ermənistanı işğalçı kimi qəbul etmək istəmirlər. Görünür bəziləri hələ də dini təəssübkeşlik şinelindən çıxa bilməyib. Ancaq tərsi olaydı, yəni Azərbaycan Ermənistan torpaqlarına iddia etsəydi, ələ keçirsəydi, şübhə etmirəm ki, Azərbaycana qarşı ən sərt sanksiyalar tətbiq olunacaqdır və bizə qarşı təzyiqin həddi-hüdudu olmayacaqdır. Eyni ilə dini təəssübkeşlik Türkiyənin Avropa İttifaqına yolunu qapadıb, bəziləri müsəlman Türkiyənin Avropa İttifaqında söz sahibi olmasını istəmir və buna görə də “xristian klubunu” Türkiyədən “qoruyur”. Sabah Türkiyədə Ərdoğan yox, ən demokrat və liberal prezident belə işbaşında olsa, Türkiyənin Avropa İttifaqına üzv olmaması üçün başqa bəhanələr tapacaqlar”.
