Bu gün başlanan Federal Ehtiyatlar Sisteminin (FES) yığıncağı yenə də dünyanın diqqət mərkəzindədir.
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, ABŞ birjaları artıq FES-in toplantısına reaksiya verməkdədir, belə ki, indekslər yeni artım rekordunu təzələyiblər:
“Yığıncaqda uçot dərəcəsinin 0,25 faiz artırılacağı gözlənilsə də, hələlik müşahidəçilər proqnoz verməkdə maraqlı görünmürlər. FES-də qərarların qəbulunun asan müzakirələrdən keçmədiyini nəzərə alsaq, sadəcə hansı qərarın elan ediləcəyini gözləmək lazımdır. Bu baxımdan nəticəni proqnozlaşdırmaq praktik olaraq mümkün deyil. Əgər FES uçot dərəcəsini artırarsa, bu, qlobal və eləcə də Azərbaycan bazarına necə təsir göstərəcək? Qlobal valyuta bazarı son bir ayda FES-in potensial qərarına hazır olmağa çalışdı desək, yanılmarıq”.
İqtisadçının sözlərinə görə, son həftələr ABŞ dollarının möhkəmlənməsi də həmçinin bu psixoloji təsirlərlə əlaqədar idi:
“Təbii ki, bizim üçün ən önəmlisi manatın məzənnəsinə necə təsir göstərməsidir. Aydındır ki, uçot dərəcəsi artırılacağı halda manata psixoloji təsir yüksələcək. Bu, həmçinin daxili valyuta bazarında dollara tələbin daha da artması ilə müşahidə ediləcək. Ona görə də Mərkəzi Bankın bütün potensial ssenarilərə hazır olması vacibdir”.
cia.az
