|
Tam üzən məzənnəyə keçid nə vəd edir?
Manatın taleyi ilə bağlı narahatlıqlar davam edir. Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində qeyd edilib ki, tam üzən məzənnə rejiminə keçid həyata keçirilməlidir və bu baxımdan, ilk növbədə yaxın və ortamüddətli dövrdə məzənnə siyasətinin əsas strateji hədəfi kimi idxalın əvəzlənməsi siyasətinin dəstəklənməsi prioritet seçilə bilər. 

Sənəddə qeyd edilib ki, qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycanın xarici və daxili iqtisadi balansına neqativ təsirlərini minimuma endirmək, ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, həmçinin ölkənin malik olduğu xarici valyuta ehtiyatlarının bütövlüyünü təmin etmək məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2015-ci il 21 dekabr tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilib, üzən-tənzimlənən məzənnə rejiminin tətbiqinə başlanılıb.
 
“Tam üzən məzənnə rejiminin tətbiqinə nail olmaq üçün ilk növbədə yaxın və ortamüddətli dövrdə hazırda tətbiq edilən üzən-tənzimlənən məzənnə rejiminin məzmununun bir daha dəqiqləşdirilməsi vacibdir. Məhz istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndirilməsi, ortamüddətli dövrdə isə tamamilə ləğv edilməsi üzən rejimə səmərəli keçidi təmin edəcək. Üzən məzənnə rejiminə keçidin şərtlərindən biri də daxili maliyyə bazarının inkişafına, bazarda hedcinq və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinin təqdim edilməsinə nail olmaqdır”,- deyə sənəddə qeyd edilib.
 
Bundan əlavə, AMB-nin valyuta bazarına müdaxilə strategiyasının hazırlanması və onun maliyyə bazarı iştirakçılarına səmərəli şəkildə kommunikasiya edilməsinin təmin olunması istiqamətində tədbirlər nəzərdən keçiriləcək. Tədbirlər planına əsasən, tam üzən məzənnə rejiminə keçid 2017-ci ildə təmin olunacaq. Burada əsas icraçı AMB, digər icraçılar isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.
 
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə bildirib ki, Azərbaycan bu ilin əvvəlindən üzən məzənnə rejiminə keçib: “Biz bu ilin əvvəlindən artıq üzən məzənnə rejimində çalışırıq. Bunu təsdiq edən fakt odur ki, artıq Mərkəzi Bank fevral ayından bazarda öz valyutasını satmır”. E.Rüstəmov qeyd edib ki, bu gün bazarda tələb təklifi üstələyir: “Buna görə, tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir. Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır”. (APA)
 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində bu, terminlərlə oynamaqdan başqa bir şey deyil: “Üzən məzənnə ya olur, ya olmur. Bunun tam, yarımçıq və yaxud yarı üzən məzənnə rejimi dünyanın heç bir ölkəsində yoxdur.
 
Azərbaycanda keçən ilki ikinci devalvasiyadan sonra - dekabrın 21-də Mərkəzi Bank artıq üzən məzənnə rejiminə keçdiyini bəyan etmişdi. Əslində isə Azərbaycanda nə dünən, nə bu gün üzən məzənnə rejimi olmayıb. Çünki məzənnə yenidən inzibati qaydada müəyyənləşdiriləcək. Çünki üzən məzənnə üçün infrastruktur lazımdır. 

Qiymətli kağızlar birjası, valyuta birjası, ölkəyə valyuta gətirən yüzlərlə şirkət və bazara valyuta çıxara biləcək yüzlərlə oyunçu lazımdır. Azərbaycanda bu, yoxdur. Elman Rüstəmov özü də etiraf etdi ki, bazara ya Mərkəzi Bank, ya Neft Fondu valyuta çıxara bilir, iki mənbə var. Bu ilin mart ayından Mərkəzi Bank ümumiyyətlə satışları dayandırıb. Ehtiyatları 4 milyard dollara qədər endi. Bundan aşağı düşməsinə Mərkəzi Bank imkan vermir. Bunun da səbəbi var. Azərbaycan ciddi borclanmaya gedir. Mərkəzi Bankın ehtiyatı ölkənin borc alınmasında bir qarant rolunu oynayır. Ona görə ehtiyatların 4 milyarddan aşağı düşməsində Mərkəzi Bank, hökumət maraqlı deyil. Yeganə oyunçu Neft Fondudur. Yeddi- səkkiz aydır ancaq Neft Fondu hərraclarda valyuta satır. Gələn ildən də Neft Fondunun büdcə qarşısında öhdəlikləri var, təqribən 4 milyard dollar civarında valyuta sata bilər. Belə çıxır ki, gələn il valyuta bazarında yeganə oyunçu Neft Fondu olacaq. Cəmi 4 milyard dollar satacaq. Digər oyunçular yoxdur. Azərbaycanda təəsüf ki, digər oyunçuların olmaması yenidən üzən məzənnə sisteminə keçməyə imkan verməyəcək. Ayda valyutaya tələbat təxminən 1 milyarda dollara yaxındır. Cəmi 4 milyard dollar bazara çıxacaqsa, tələbat da illik 12 milyarddırsa, heç bir inzibatı müdaxilə olmasa, dolların məzənnəsi 3 manatı da keçə bilər. Buna da Azərbaycan iqtisadiyyatı dözməz, bank sektoru dözə bilməz. Ona görə adını nə qoyurlar, qoysunlar, Azərbaycanda nə dünən, nə bu gün, nə sabah üzən məzənnə rejimi olmayacaq. Məzənnə ancaq inzibati qaydada, Mərkəzi Bankın müəyyən etdiyi qaydada realizə olunacaq. Çünki institusional olaraq Azərbaycan üzən məzənnə rejiminə hazır deyil”.
 
Ekspert Əkrəm Həsənov isə “Lap yekun tam ”üzən məzənnə"yə keçid nə vaxt olacaq?",- deyə ritorik sual edib. Ekspertin sözlərinə görə, Mərkəzi Bank üzən məzənnəyə 2015-ci ilin dekabrında keçdiyini bəyan edib: “Elman Rüstəmov deyib ki, ”tam üzən məzənnəyə keçidlə bağlı işlər aparılır və tezliklə öz proqramımızı ictimaiyyətə elan edəcəyik". Halbuki 21 dekabr 2015-ci ildə bəyanat vermişdi ki, “Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Deməli, ötən bir il ərzində üzən məzənnə yox idi? ”Tam üzən məzənnə" ilə “üzən məzənnə” arasında fərq nədir? Növbəti ilin də sonunda deyəcək ki, “yekun tam üzən məzənnə”yə, sonrakı ildə isə “lap yekun tam üzən məzənnə”yə və sair məzənnələrə keçirik?"
Cia.az