|
Hökumətin kredit axtarışı - borclarımız artır
Hökumətin kredit axtarışı davam edir. Ekspertlər bildirirlər ki, Mərkəzi Bankın valyuta ehtiyatını 4 milyard dollardan aşağı salmamasının bir səbəbi də bununla bağlıdır. Çünki xarici təşkilatlardan kredit alınarkən Mərkəzi Bankın rezervlərinə baxılır.

Ekspert Qubad İbadoğlunun sözlərinə görə, Asiya İnkişaf Bankının ölkəmizlə son zamanlar artan sıx kredit əməkdaşlığından sonra Azərbaycan bu bankın Çin və Hindistandan sonra üçüncü əsas tərəfdaşına çevrilib: “Bunun başlıca səbəbi Asiya İnkişaf Bankının Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi texniki dəstək və islahatlar paketi təqdim etmədən qeydsiz-şərtsiz borc verməsidir. Ola bilər ki, adını sadaladığımız banklar da yaxın zamanlarda Azərbaycana kreditlər ayırsın. Əgər həqiqətən də Azərbaycan donor dövlətə çevrilibsə, onda nədən daxili ehtiyaclarımızı və kəsirlərimizi kreditlər hesabına ödəyirik. Hesab edirəm ki, milli iqtisadiyyatın qarşısında duran vacib vəzifə qeyri-neft sektoruna xaricdənkredit vəsaitləri deyil, birbaşa sərmayələr cəlb etməkdir, çünki investisiyalar borc öhdəliyi yaratmır, əksinə yeni və əlavə dəyər formalaşdıraraq iqtisadi inkişafa xidmət edir. Uzun illər artan neft gəlirləri hesabına baş verən iqtisadi böyümədən geninə-boluna bəhrələnən hakim zümrə və onların yaxınları, son zamanlar iqtisadi kiçilmədən yaranan zərəri orta və kasıb təqəbənin hesabına örtmək istəyir. Hələ bu azmış kimi külli miqdarda borclanmaya getməklə də onun da qaytarılması məsuliyyətini gənc və gələcək nəsillərin üzərinə qoyur”.
 
Ekspert Rövşən Ağayev isə qeyd edib ki, Mərkəzi Bankın xarici valyuta öhdəliklərinə bağlı investisiya layihələri və xarici borcların qaytarılması üçün valyuta bazarından kənarda vəsait axtarmasının səbəbi odur ki, 2017-2018-ci illər hökumətin özünün və dövlət sektoruna aid şirkətlərin kifayət qədər böyük həcmdə valyutaya ehtuyac var: “2016-cı ildə büdcədən dövlət borclarının qaytarılması üçün nəzərdə tutulan vəsaitin 85 faizi xarici borc ödənişləri ilə bağlı idi. Amma 2017-ci ildə büdcənin borca xidmət xərclərindən 96 faizi xarici borcların qaytarılması ilə bağlıdır. 2017-ci ildə dövlət büdcəsindən xarici borcların qaytarılmasına təxminən 1 milyard dollar ayrılmalıdır. Bu ölkənin səhiyyə büdcəsindən 2,1 dəfə çoxdur.Yeri gəlmişkən, yəqin dünyada öz büdcəsinin təxminən 10 faizini borcun qaytarılmasına xərcləyən ölkələr axtarsanız, belə nümunələrlə çox az qarşılaşarsınız və onlardan biri də biz olarıq. 
 
Əlavə olaraq, SOCAR-ın 2017-ci ildə 600 milyon dollara yaxın xarici borc qaytarmaq öhdəliyi var. Nəhayət, 2018-ci ildə yekunlaşmalı olan TANAP-da Azərbaycanın öhdəliyi 8 milyard dolara yaxın qiymətləndirilir. 2015-2016-da dövlət büdcəsi və Neft Fondu vasitəsilə bu öhdəliyin 2 milyard dollara yaxını artıq maliyyələşdirilib. Bu günlərdə Asiya İnkişaf Bankı layihə üçün 1 milyard dollar kredit xətti açdı. 2017-ci ildə dövlət büdcəsi və Neft Fondu vasitəsilə təxminən 600 milyon dollar ayrılacaq. Yenə də yaxın 2 il üçün ən azı 4-4,5 milyard dollara ehtiyac var. Bu isə orta hesabla 2017-2018-ci illər üçün ildə TANAP üçün ən azı 2-2,5 milyard dollar valyuta vəsaiti tapılmasına ehtiyacın olduğunu göstərir”.
 
Ekspertin sözlərinə görə, bankların və qeyri-maliyyə şirkətlərinin dövlət zəamnəti ilə alınmayan, qaytarılmalı olan borc öhdəliklərini nəzərə alanda, qarşıdakı dövr üçün Mərkəzi Bankın narahatlığını anlamaq olar: “Heyif ki, ölkənin beynəlxalq investisiya mövqeyinə dair məlumatlar açıqlanmır, o halda ölkənin xarici aktivləri və öhdəliklərinin nisbətini aydın görmək, yaxın dövrü daha rahatlıqla proqnozlaşdırmaq olardı”.

cia.az