|
Terrora görə Türkiyəyə gedən turistlərin sayı azalıb
Dekabrın 10-da Türkiyənin İstanbul şəhərində baş vermiş xain terror aktı nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. “Beşiktaş Vodafone Arena” stadionunun yaxınlığında törədilmiş terror aktı nəticəsində xəsarət alanların sayı isə 155 nəfərdir.

Türkiyədə bu cür terror hadisələri təəssüf ki, artıb. Belə olaylardan sonra isə bu ölkəyə, xüsusən də terror hadisəsi baş vermiş şəhərə getmək istəyənlərdə tərəddüdlər yaranır ki, bu da təbiidir. Əvvəlcədən bu şəhərə tur paket alanlar belə cərimə olunmalarına baxmayaraq çox zaman tur paketləri geri qaytarırlar. Təbii ki, bu da həmin turizm şirkətlərinin zərərinə olur.
Biz də İstanbulda baş verən terror hadisəsinə görə əvvəlcədən alınan tur paketlərin qaytarılıb- qaytarılmadığını öyrənmək üçün bir neçə turizm şirkəti ilə əlaqə saxladıq. 
 
“FlyTravel” turizm şirkətinin direktoru Mamed Əliyev İstanbula olan tur paketləri qaytaranların olduğunu dedi: “İnsanların bəziləri qorxur və İstanbula əvvəlcədən aldıqları tur-paketləri gətirib qaytarırlar. Qaytaranda bildirirlər ki, son hadisəyə görə qorxublar və İstanbula getmək fikirlərini dəyişiblər. Artıq dünəndən bu proses başlayıb. Düzdür, tur-paketləri qaytaranlar elə də çox deyil. Tur paketlərin qaytarılması bizim zərərimizədir. Çünki biz onları qaytaranda cərimə ödəməli oluruq. Buna görə də qazancımız olmur”.

“Sky Travel”in meneceri Tərlan Cəbiyev isə İstanbula olan tur paketləri qaytaranların olmadığını dedi:“Hələ ki kimsə gəlib deməyib ki, biz İstanbuldakı terror hadisəsindən qorxub tur paketi qaytarırıq. Bəlkə də irəlidəki günlərdə olacaq. Ancaq hazırda bu barədə heç kim bizə müraciət etməyib”.
 
“VİP Travel”və “SW Traveldən” də İstanbula olan tur paketləri qaytaranların olmadığını dedilər. 
cia.az