|
İrandan Azərbaycana anti-İsrail çağırışının pərdəarxası
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfəri Azərbaycanın iki böyük qonşusunu, Rusiya və İranda narahatlıqlar doğurub. Paytaxtlardan etirazlar səslənməsə də, ayrı-ayrı dairələrin dili ilə qarşıdakı səfərlə əlaqəli əndişələr ictimailəşdirilir.
 
Məsələn, İranın dini liderinin Qərbi Azərbaycan əyalətindəki nümayəndəsi, Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşi dekabrın 9-da qılınan cümə namazı xütbələrində çıxış edərkən deyib ki, Azərbaycan müsəlmanları gərək Bakıya səfəri gözlənilən İsrailin baş naziri Benyamin Netanyahuya qarşı çıxsınlar. Öz çıxışında İsrailin baş nazirini “cinayətkar” adlandırıb.

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a dedi ki, Azərbaycan hökuməti öz xarici siyasətində qonşu dövlətlərin, xüsusən Rusiya və İranın maraqlarını müəyyən qədər nəzərə alır: “Ən azı, çalışır ki, bu dövlətləri qıcıqlandıracaq, onların aqressivliyinə səbəb olacaq addımlar atmasın. Uzun illərdir davam edən balans siyasətinin mahiyyəti həm də bundan ibarətdir. Məsələn, rəsmi Bakının birmənalı avroatlantik seçim etməməsinin əsas səbəblərindən biri Rusiya amilidir. Eləcə də, Azərbaycan hökumətinin İsraildə indiyədək səfirlik açmamasında digər amillərlə yanaşı, İran faktoru da öz rolunu oynayır. Lakin bütün bunlar heç də o demək deyil ki, Azərbaycan Qərb dövlətləri ilə, İsraillə münasibət qurmamalıdır. İsrail Azərbaycan neftinin alıcılarından biridir və son illər iki ölkə arasında xüsusən hərbi sahədə əməkdaşlıq da xeyli inkişaf edib. İsrail Azərbaycan üçün çox mühüm silah bazarıdır, biz Ermənistanda olmayan texnoloji silahları məhz bu ölkədən əldə edirik. Lokal aprel döyüşlərində bunun şahidi olduq. Bu səbəblə, Azərbaycan ictimaiyyətinin önəmli hissəsində İsrailə simpatiya yaranması normal qarşılanmalıdır. İsrail də öz növbəsində Azərbaycan kimi dini radikalizmdən uzaq, dünyəvi müsəlman ölkəsi ilə əlaqələrin inkişafında çox maraqlıdır. Azərbaycandan İsrailə köçmüş yəhudilər və Azərbaycanda yaşayan yəhudi icması da iki ölkənin yaxınlaşmasında mühüm rol oynayır”.  
Ş.Cəfərli xatırlatdı ki, İran Dağlıq Qarabağ məsələsində tam neytral qalmağa üstünlük verir: “Hətta 90-cı illərdəki müharibə zamanı İranın Ermənistanı yanacaqla təmin etməsi faktı da var. Bundan başqa, İranın vasitəçiliyi ilə gedən danışıqlar zamanı ermənilərin Şuşaya hücuma başlaması və şəhəri işğal etməsi də unudulmayıb. Bütün bunlar Azərbaycan xalqında İrana etimadsızlığın yaranmasına səbəb olub. Azərbaycan öz xarici siyasətini başqa dövlətlərin maraqlarına uyğun və ya onların diktəsi ilə qurmamalıdır. İran və İsrail arasında mövcud olan düşmənçilik, əlbəttə ki, bizim üçün narahatlıq doğuran məsələdir, çünki bu ölkələr arasında potensial hərbi münaqişənin Azərbaycana da təsirləri mümkündür. Lakin Azərbaycan bu məsələdə tərəf tutmur, əksinə, rəsmi Bakı dəfələrlə bəyan edib ki, öz ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyəcək. İranın bundan artığını gözləməsi və Azərbaycanı İsraillə sıx əlaqələr yaratmaqdan vaz keçirməyə çalışması yanlışdır. Biz ötən illərdə də axund Qüreyşinin çağırışına bənzər açıqlamaların şahidi olmuşuq. Bu tip bəyanatları və çağırışları Azərbaycana qeyri-rəsmi xəbərdarlıq kimi qiymətləndirmək olar”.
 
Ekspertin fikrincə, bununla İran tərəfi nümayiş etdirir ki, Azərbaycan və İsrail arasındakı əlaqələri, yaxınlaşmanı diqqətlə izləyir: “Necə deyərlər, mesaj ötürür ki, gözüm üzərinizdədir. Lakin əgər İran tərəfində Azərbaycanın İsraillə münasibətlərini məhdudlaşdırması gözləntisi varsa, onda Azərbaycanın da İrandan Ermənistanla münasibətlərini məhdudlaşdırmasını gözləməyə haqqı yaranır. Xarici siyasətdə hər şey qarşılıqlı olur, özünə hörmət edən heç bir dövlət başqasına birtərəfli güzəşt etməz və etmir. Azərbaycan tərəfi indiyədək İran-Ermənistan münasibətlərinə müdaxilə etməyib. Əksinə, İran-Ermənistan yaxınlığına baxmayaraq, İran-Azərbaycan əlaqələrinin inkişafının şahidi olmuşuq. Xarici siyasət praqmatizmi sevən sahədir. Xarici siyasət emosiyalara əsaslanmamalıdır. Əslində İran da praqmatik xarici siyasət yeridən dövlətdir, lakin onların İsrail məsələsində ifrat həssaslığı var. Əgər Azərbaycan-İsrail əlaqələrində İrana qarşı yönələn məqamlar olarsa, onda Tehranın narahatlığını anlamaq olar. Ortada İran əleyhinə hər hansı məsələ yoxdursa, onda Urmiya axundunun çağırışını yalnız boş hay-küy kimi qiymətləndirmək olar”.

Burada bir məqam da diqqət çəkir. Tehran demək istədiyini Urmiya azərbaycanlısı olan ayətullahın dili ilə çatdırır. Bununla da İranda yaşayan azərbaycanlıların bu məsələdə Tehranı müdafiə etdiyi barədə iddiasını ortaya qoymuş olur. Amma təbii ki, bu iddianın əsası yoxdur. Güneydəki azərbaycanlılar Qarabağ uğrunda döyüşməyə hazır olduqlarını aprel savaşında da bəyan etmişdilər. Hansı ki, İsrail silahı bu döyüşlərdə mühüm rol oynadı. Eyni zamanda axund İrandakı milyonlarla azərbaycanlının ana dilində təhsil almaq hüququnu qaldırsa, daha faydalı iş görmüş olar. Hər halda azərbaycanlıları ana dilində təhsildən İsrail dövləti məhrum etməyib.
musavat