Ötən həftə Hələb şəhərinin mərkəzinin Suriya hökumət qüvvələrinin əlinə keçməsi ilə yadda qalsa da, həftəsonu şərq bölgələrində İŞİD-in fəallaşması müşahidə olundu. Suriyanın şərqində yerləşən antik Palmira şəhərinə hücum edən İŞİD silahlıları bir neçə cəhddən sonra şəhəri ələ keçirdilər.
Son məlumatlarda hökumət qüvvələrinin yenidən Palmiranı geri aldığı bildirilsə də, hələlik dəqiq məlumatlar yoxdur. Ancaq hökumət qüvvələrinin bu ilin martında İŞİD-dən təmizlədiyi Palmiranı yenidən nəzarətə götürmək üçün yeni bir əməliyyata başlaması gözlənilir.
Məsələ ondadır ki, qədim Palmira şəhərinin qalıqlarının yerləşdiyi Tadmur şəhəri Suriyanın demək olar ki, mərkəzində - Deyr əz-Zor, Raqqa kimi İŞİD-in əlindəki şəhərlərə gedən yolun üzərində yerləşir. Səhralığın ortasında olan və buna görə də “səhra gəlini” adlandırılan Palmira həm də geniş şərq ərazilərinə çıxış yolu kimi mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən də 2015-ci ilin mayında İŞİD-in nəzarətinə keçən Palmiranı 1 il keçməmiş Bəşər Əsəd qüvvələri geri aldı.
Qədim Roma dönəminin yadigarı, Antik mədəniyyət nümunəsi olan Palmira şəhəri Parfiya dövlətinin bir dönəm mərkəzi olub. Hazırda şəhərin Antik dönəmə aid qalıqları, amfiteatrı dünyanın hər yerindən Antik mədəniyyət həvəskarlarını cəlb edir. Palmira UNESCO Dünya Mirası siyahısında yer alır. Ancaq İŞİD bu şəhəri ələ keçirdikdən sonra şəhərdəki tarixi abidələrin bir çoxunu məhv edib.
İŞİD-in Palmiraya hücumunun qarşısını almaq, terrorçuları şəhərdən çıxarmaq üçün Rusiya Hərbi Hava qüvvələri 64 hava hücumu həyata keçirib və bu zaman 300-dək terrorçunun məhv edildiyi bildirilir. Eyni zamanda Əsəd ordusunun şəhərə əlavə qüvvələr göndərdiyi bildirilir.

Hökumət qüvvələrinin Rusiyanın dəstəyi ilə ölkənin şimal hissəsində, o cümlədən Hələbdə təşəbbüsü ələ aldığı bir zamanda İŞİD-in hücum edərək Palmiranı ələ keçirməsi müəyyən şübhələrə səbəb olur. İraqda və Suriyanın şimalında Türkiyə ordusu və kürd silahlıları ilə toqquşmalarda davamlı olaraq güc itirən və gün-gündən zəifləyən İŞİD-in birdən-birə hücuma keçərək şəhər ələ keçirməsi müəmmalıdır. Doğrudanmı, bu ilin yazında indikindən qat-qat güclü olan İŞİD Palmiranı qoruyub saxlaya bilmədiyi halda, indi necə oldu ki, bu şəhəri ordudan ala bildi?
Bununla bağlı bölgə analitiklərinin bir neçə versiyası var. İlk növbədə Əsədə sadiq qüvvələrin Hələb əməliyyatlarına diqqət yönəltməsi digər istiqamətlərdə, o cümlədən Palmirada gücünün zəifləməsinə səbəb ola bilərdi. İkinci bir versiya İŞİD-in paytaxtına hazırlanan hücum əməliyyatı ilə bağlıdır. Məsələ ondadır ki, ABŞ Müdafiə Nazirliyi Suriya Demokratik Qüvvələri ilə birlikdə İŞİD-in Suriyadakı paytaxtı Raqqa şəhərinə əməliyyat hazırlayır. Ötən həftə Bağdada səfər edən ABŞ müdafiə naziri Eşton Karter deyib ki, Raqqa əməliyyatı üçün ABŞ daha 200 hərbçi göndərəcək. Bölgədə daha 300 amerikalı hərbçinin olduğunu nəzərə alsaq hərbi qüvvələrin sayının heç də az olmadığı aydın olur.

Qeyd etdiyimiz kimi, Palmira Suriyanın mərkəzində, İŞİD-in nəzarətindəki şərq bölgələrinə gedən yolun üzərində yerləşir. Üstəlik Palmirada T4 hərbi təyinatlı aerodrom var və burdan Rusiya aviasiyası əməliyyatlar həyata keçirir. Hazırda bu aerodromun ələ keçirilməsi üçün mübarizə aparılır.
İndilikdə Suriyada ən böyük əraziyə məhz İŞİD nəzarət edir. Doğrudur, bu bölgə, yəni şərqə - İraq və İordaniya sərhədlərinə doğru ərazilər əsasən boş səhralıqdır, ancaq bununla belə Suriyadakı neft yataqlarının burda yerləşməsi, üstəlik geniş coğrafi məkan olması onun önəmini artırır. Hazırda 3 qüvvə İŞİD-in paytaxtını ələ keçirmək üçün mübarizə aparır. Hələbdən sonra böyük ehtimalla hökumət Raqqanı hədəfə alacaq. Raqqanı ələ keçirmək istəyən ikinci güc Azad Suriya Ordusu və dəstəkçi silahlı birliklərlə yanaşı Türkiyə ordusudur. Üçüncü mühüm qüvvə isə kürdlərin əsas ağırlıq təşkil etdiyi Suriya Demokratik Qüvvələri və onların dəstəkçisi olan ABŞ ordusu, eləcə də müttəfiqləridir.
Hazırda hər üç qüvvənin Hələbə məsafəsi demək olar ki, bərabərdir. Raqqanı ələ keçirən qüvvə Suriyanın şimal-şərqində böyük bir ərazini, o cümlədən strateji mərkəzi ələ keçirmiş olacaq. Təbii ki, hər üçün tərəf üçün Raqqa önəmlidir. Ancaq Palmiraya hücum bir tərəfdən Əsəd ordusunun Raqqaya ikinci hücum yolunu kəsməklə yanaşı, eləcə də diqqətini yayındırır. Təbii ki, Raqqadan əvvəl ordu mərkəzdə yerləşən Palmiranı azad etmək istəyəcək. Bu vəziyyət həm də Raqqa cəbhəsində kürdlərin və amerikalıların üstünlüyünü artırır. Çünki ASO və Türkiyə ordusu hazırda əl-Bab istiqamətində “ilişib qalıb”.
Beləliklə, hazırkı şərtlərdə Palmira hücumu Əsəd qüvvələrinin hücumlarının qarşısını almaq, digər tərəfdən cəbhədəki üstünlüyünü zəiflətməyə xidmət edir. Üstəlik, Raqqa yolunda üstünlüyü kürdlər və ABŞ ordusuna verir.
