Ölkədə əhalinin qiymət artımlarından narazılığının artdığı bir dövrdə bir sıra iqtidar deputatları çıxışlarında xalqda narazılığı daha da artıran ifadələrə yol verirlər. Məsələn, biri deyir işdən sonra fəhləlik edin, o biri “ayağınızı yorğanınza görə uzadın” söyləyir, digəri deyir ki, hər il bir paltar almayın, hər toya getməyin, bir başqası “az yeyin, forma saxlayın” kimi fikirlər ifadə edirlər. Bunlar isə əhalidə qıcıq yaradır.
Faktiki olaraq savadsız, guya iqtidara xoş gəlməsi üçün dilə gətirilən bu ifadələrlə hakimiyyətə zərbə vururlar.
Müxalifət düşərgəsinin bəzi təmsilçiləri bildirirlər ki, iqtidara əslində daha çox təhlükə məhz bu cür ifadələrinə diqqət edə bilməyən deputatlardan gəlir.
AMİP katibi Elşən Mustafayev bu barədə açıqlamasında bildirdi ki, neftin qiyməti düşəndən sonra yaranan iqtisadi böhran və maliyyə problemləri, xüsusən də Tarif Şurasının son qərarları göstərdi ki, hökumətdə və parlamentdə yarıtmaz insanlar kifayət qədərdir.
Məhz belə məmurlar və deputatlar yanlış addımları, çıxışları ilə narazılığı körükləyirlər: “Artıq sübuta yetib ki, parlament üzvlərinin bir çoxu deputat mandatı daşımağa layiq deyillər. Hələ bu günə kimi heç bir qurum tərəfindən bu çətinlikdən çıxmaq üçün nəinki real iqtisadi təkliflər paketi ortaya qoyulub, heç vəziyyətə uyğun adi işlər belə görülməyib. Azərbaycanın bugünkü duruma düşməsinin birinci günahkarları məhz elə bu cür deputatlar və məmurlardır. Çünki son 11-12 ildə onlar ölkənin rifahının artırılması, post-neft dövrünə hazırlanması üçün çalışmayıblar. Əvəzində müxtəlif yollarla şəxsi rifahlarını yüksəltməklə məşğul olublar. Hərəsi ayrı ayrılıqda bir oliqarxa çevriliblər. Hansı ki, sərvətlərinin dəyərləri ölkənin problemlərdən çıxarmağa bəs edən qədərdir. Onların insanları aşağılayacaq şəkildə verdiyi təkliflər intellektlərinin, savadlarının və iş görmə qabiliyyətlərinin göstəricisidir”.Ümid Partiyasının sədrinin müavini Tamilla Qulami isə bildirdi ki bir sıra deputatlar və məmurlar var ki, gerçəkdən də həm xalq, həm də bu hakimiyyətin özü üçün təhlükədirlər. Belə deputatlar və məmurlar hakimiyyətin də ciddi probleminə çevrilməkdədirlər: “Hökumətə normal təkliflər vermək, hökumətdən yaranmış vəziyyətin səbəbini tələb etmək, əslində bununla həm də hakimiyyətə də kömək etmək əvəzinə xalqda narazılığı artıran açıqlamalar verirlər.
Həqiqətən də son zamanlar ölkədə baş verən sosial-iqtisadi vəziyyətin ağırlaşdığı şəraitdə millət vəkillərinin, məmurların əhalinin bu sahədə məlumatlandırması əvəzinə əhalidə daha da qıcıq yaradacaq fikirlər səsləndirməsi təəssüf hissi doğurur.
Bu millət vəkilləri o şəxslərdir ki, özləri dediklərinin əksinə bir həyat tərzi yaşayır, əvəzində xalqı daha çətin şəraitdə yaşamağa, onsuz da kasıb olan cəmiyyəti nədəsə qənaət etməyə çağırır. Bu isə haqlı olaraq əhalidə ciddi narahatlıq və narazılıq yaradır. Bu cür deputatların açıqlamaları bütöv müxalifət partiyalarının bılkə də aylarla hakimiyyət leyhinə apardıqları təbliğatdan daha ciddi anti-hakimiyyət ovqatı yaradır cəmiyyətdə. Bütövlükdə onsuz da çətin olan münasibətləri daha da çətinləşdirirlər. Biz hakimiyyətə antiböhran proqramı təqdim edəndə deputatlardan biriylə müzakirələr zamanı həmin deputat mənimlə mübahisə etdi. Bu cür deputatların işi-gücü sanki yersiz mübahisələr, çıxışlar etməkdir. Hakimiyyət üçün təhlükə mənbələrindən biri məhz belələridir".
Ciaa.az
