|
SOCAR niyə zərərlə işləyir...
SOCAR-ın durumunun ağır olması yenidən gündəmə gətirilib. İqtisadiyat naziri Şahin Mustafayev son olaraq məsələyə diqqət çəkərək bildirib ki, SOCAR faktiki olaraq zərərlə işləyir: “Azərbaycanda yeni elektrik enerjisi, təbii qaz tariflərinin dolayı təsirlərinin kompensasiya edilməsi üçün müvafiq tədbirlər nəzərə tutulub. SOCAR hər kubmetr qazın satılması üçün 140 manat xərcləyir.
 
Hazırda qazın orta satış qiyməti 90 manatdır. SOCAR faktiki olaraq zərərlə işləyir. SOCAR tərəfindən investisiyaların qoyulması, hətta qazın hasilatının sabit saxlanması mümkün olmurdu. SOCAR-a büdcə hesabına invesisiyaların ayrılması gündəmə gəlirdi. Qazın hasil edilməsi, istehlakçılara çatıdırılması üçün təmir işləri zəruri idi. Prezident tərəfindən həyata keçirilən sosialyönümlü siyasəti nəzərə alaraq sosial baxımından həssas təbəqinin maraqlarını qorumaq üçün optimal qərar qəbul edilib. 1500 kubmetr güzəştli tariflə müəyyən edilmiş istehlakdır. Əhalinin 62 faizi 1500 kubmetrədək qaz istifadə edir. Böyük hissə bundan zərər çəkməyəcək, onlara qənaət üçün stimul verəcək”.

Qeyd edək ki, ötən həftə Rusiyanın “Rostneft” şirkətinin özlləşdirməsi başa çatıb. Əgər SOCAR-ın durumu yaxşı deyilsə, şirkət nədən özəlləşdirlmir? 
 
Ekspertlər bu barədə musavat.com-a danışıblar. Ekspert Vüqar Bayramov musavat.com-a deyib ki, iqtisadiyyat nazirinin məlumatı doğrudur: “SOCAR-ın özəlləşdirilməsi məsələsi yenidən gündəmə gələ bilər. Ən azı, səhmlərin bir hissəsinin özəlləşdirilməsinə ehtiyac var. Artıq neft bumu başa çatır. SOCAR böyük şirkətdir, öhdəlikləri var. Ona görə birinci mərhələdə səhmlərinin bir hissəsinin, 30 faizinin özəlləşdirilməsi daha məqsədəuyğundur. Sonrakı mərhələdə tamamilə özəlləşdirlməsi mümkündür. Postneft dövrü artıq bunu daha real edir”.
 
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, əvvəla, qazın maya dəyərinin yüksək olmasına aydınlıq gətirilməlidir: “İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, SOCAR ziyanla işləyir, həm də şirkətdə 1000 kub metr qaz hasilatının maya dəyəri 140 manatdır. Təbii inhisarçı olan bir şirkətin ziyanla işləməsi nonsensdir, bunun bir izahı olmalıdır. O ki, qaldı qazın maya dəyərinə, işçilərinin maaşı SOCAR-dan 2-3 dəfə artıq olan, daha ağır şəraitdə qaz hasil edən ”Qazprom" şirkətində 1000 kub metr qazın maya dəyəri 20 dollardır, rəsmi məzənnə ilə 35 manatdır. Necə olur ki, SOCAR-da bu rəqəm 140 manat təşkil edir? Niyə maya dəyəri bu qədər yüksəkdir? Bu sualın cavabını Rövnəq Abdullayev verməlidir, məsələyə aydınlıq gətirməlidir, çünki nazir məhz SOCAR-ı hədəf göstərdi".
 
Ekspert musavat.com-a bildirib ki, SOCAR-ın vəziyyətində ciddi problemlər var: “SOCAR-ın ən böyük problemi xarici borcun kifayət qədər yüksək səviyyədə olmasıdır. Az qala, şirkətin borcu 8 milyard dollara yaxınlaşır. Dövlət borcu qədər tək bir şirkətin borcu var. Bu borclarla bağlı faizlərin və ana məbləğin qaytarılması gündəmdədir. SOCAR zaman-zaman qazancının böyük bir hissəsini borclara sərf etməlidir. Yəni SOCAR-da olan vəziyyət xarici borcun çoxluğu və daxildən idarəetmənin təkmil olmaması ilə əlaqədardır. Daxildə təkmilləşdirmə addımları atılmaldıır ki, SOCAR-ın izafi xərcləri azaldılsın. Daha çevik şəkildə idarə olunmalıdır ki, izafı xərclərin azalması hesabına rentabelliyini artırsın. Amma görünən odur ki, struktur islahatlarındansa, qiymət artımı yolu ilə SOCAR-ı düşdüyü ağır durumdan çıxarmağı düşünürlər. Bu da doğru yol deyil. Rusiyanın son zamanlar artığı addımlar bir örnək ola bilər, "Rostneft" kimi strafetji bir şirkətin bir hissəsini satışa çıxarmaq və büdcəyə əlavə 10,5 milyard dollara yaxın vəsait cəlb etmək doğru  qərar idi. Gələcəkdə SOCAR-ın ən azından ana şirkəti deyil, törəmə şirkətlərini satışa çıxarmaq, özəlləşdirmək daha məqsədəuyğun ola bilərdi. Çünki hələ ki, SOCAR-ın törəmə şirkətləri də, özü də xarici investorlar üçün çox cəlbedicidir. Hələ ki, bundan istifadə etmək lazımdır. Bir müdət sonra bu cəlbedicilik itə bilər. Çünki SOCAR-ın borcları kəskin şəkidlə artacaqsa, aktivlərinin cəlbediciliyi azalacaq. Hələ ki, bu cəlbedicilik var və düşünürəm ki, hökumət ciddi şəkildə bundan istifadə etməlidir. Şirkətin özünün olmasa belə, törəmə şirkətlərinin özəlləşdirməyə açılmasına qərar verilməlidir".