Nəhayət ki, OPEK ölkələri neftlə bağlı razılığa gəliblər. “OPEK-ə üzv və qeyri-üzv ölkələr arasında neftin hasilatına dair razılaşmanın əldə olunması tarixi hadisədir”,- deyə OPEK prezidenti Qətərin energetika naziri Məhəmməd bin Saleh əs-Sada deyib. Qeyd edək ki, OPEK-ə üzv olmayan ölkələr ötən gün gündəlik neft hasilatını 558 min barel azaldılmasına dair razılığa gəliblər. (APA)
OPEK-ə üzv olmayan ölkələr gündəlik neft hasilatını 558 min barel azaldılmasına dair razılığa gəliblər. Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunu energetika naziri Natiq Əliyev Vyanada Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEK) üzv və kartelə daxil olmayan ölkələrin görüşünün yekunları ilə bağlı açıqlamasında bildirib. Natiq Əliyev iclasın müsbət keçdiyini, OPEK və qeyri-OPEK ölkələri arasında əməkdaşlıq haqqında Bəyannaməni razılaşdırdıqlarını bildirib. Onun sözlərinə görə, görüşdə OPEK ölkələri gündəlik neft hasilatını 32,5 milyon barel həcmində saxlamaqla bağlı öhdəliklərini bir daha təsdiqləyərək, bu həcmdən artıq neft istehsal etməyəcəklərini bəyan ediblər.
“Görüşdə OPEK-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib. Rusiya isə hasilatı gündəlik 300 min barel azaltmağa razılaşıb”,- deyə nazir qeyd edib.
Natiq Əliyev bildirib ki, qəbul edilən qərarın icrasına nəzarət məqsədilə Rusiya və Küveytin rəhbərliyi ilə Monitorinq Komitəsinin yaradılması məqsədəuyğun hesab edilib: “OPEK və təşkilata daxil olmayan ölkələr razılığa gəliblər ki, neft bazarında qiymətlərin sabitliyinin uzunmüddətli olması üçün mütəmadi görüşlər keçirilsin. Eyni zamanda tədbirdə iştirak etməyən digər qeyri-OPEC ölkələri də bu sazişə qoşulmağa dəvət edilib”.
Qeyd edək ki, OPEK-ə qeyri-üzv ölkələr üç gün əvvəl Vyanada keçirilən görüşdə neft hasilatının ümumi həcmini sutkada 600 min bareldən çox azaltmağı qərara alıblar. OPEK-ə qeyri-üzv ölkələr neft hasilatının sutkalıq həcminin 612 min barel azaldılmasına dair razılığa gəliblər. Bu barədə Nigeriya Neft Nazirliyinin “Tvitter” səhifəsində dərc edilmiş məlumatda bildirilir. Qeyd edək ki, OPEK-ə üzv olan ölkələr noyabrın 30-da neft hasilatının həcmini sutkada 1,2 milyon barel azaldılmasına dair qərar qəbul edib.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, neftin qiymət dəyişməsi on gün ərzində dalğalı şəkildə davam edəcək: “OPEK toplantısından çıxan qərarı bazar yenidən araşdırmağa çalışır. Özünü inandırmağa çalışır ki, bu qərarlar yerinə yetiriləcək. Əslində, onların yerinə yetirilməsi problemdir. Dekabrın sonunda Vyanada növbəti toplantı olacaq. OPEK-Rusiya görüşməsi nəzərə tutulub. Bu görüşdən də bazarın gözləntiləri var. Hələlik neft qiymətlərində kəskin dəyişikliklərin olması ehtimalı aşağıdır. Hələ də təqbirən 53-55 dollar civarında koridorda qalması ehtimalı var. Bundan sonra bazar artıq artıma köklənəcək . Dekabrın 14-də növbəti FES toplantısı var. Toplantıda faizin artacağı ehtimalı çox yuxarıdır. Demək olar ki, həll olunmuş məsələdir. Faiz artımından sonra dolların bahalaşması qaçılmazdır. Bir qanunauyğunluq mövcuddur dünya iqtisadiyyatında, dollar bahalaşdıqca, əmtəə mallarının, o cümlədən neftin ucuzlaşması prosesi baş verir. Təqribən 10-12 gün ərzində neft bazarında dalğalanmalar olacaq. İlin sonuna yaxın bu dalğalanmaların aşağı düşməsi və qiymətlərin stabilləşməsi müşahidə olunacaq. Bazar yenidən hasilatın artım tempinə, istehsalın artmasına köklənəcək”.
Onun sözlərinə görə, gələn il Qazaxıstanın Kaşaqan neft yatağından əlavə neftin bazara çıxarılması gözlənilir: “Bundan başqa, Liviya, Nigeriya də İraqda ciddi hasilatın artımı prosesi gözlənilir. Amerikada hasilatın artım sürəti getdikcə artır. Bu fundamental faktorlar gələn ilin əvvəllərində işə düşsə, hasilatın artımının neftə ciddi təsir olacaq və neft qiymətlərinin yenidən 40-45 dollar koridoruna çəkilməsini izləyə bilərik”.
Ekspert Qubad İbadoğlu isə musavat.com-a bildirib ki, OPEK-in qərarının bazara müəyyən təsiri ola bilər:“Amma ciddi qiymət artımından söhbət getmir. Çünki ciddi qiymət artımı üçün nə iqtisadi, nə siyasi, nə sosial şərait yetişib, nə də ki, bazar bu səviyyədə ciddi qiymət artımını reallaşdırıacaq dərəcədə bu prosesə hazırdir. Bu, psixoloji təsirlərdən baş verən qiymət artımıdır və hətta gələn ildən reallaşacaq. Gələn ilə qədər qiymətlərin yenə də ucuzlaşıb-artması, əvvəlki səviyyədə qərarlaşması gözlənilmir. Azərbaycan üçün yalnız qiymət artımı əhəmiyyətli məsələ deyil. Azərbaycanda neft və qaz hasilatı aşağı düşür. Eyni zamanda, hasilat xərcləri artır. Burada qiymət faktoru önəmlidir. Çünki qiymət daha yüksək olanda təbii ki, qiymətdə daha çox qazanmaq imkan var. Amma nəzərə alsaq ki, istehsalın həcmi aşağı düşür, hasilat xərcləri artır, qiymət artımının təsiri azalır. Amma istənilən halda, mövcud vəziyyəti heç olmasa, minimum səviyyədə sabitləşdirmək üçün Azərbaycanda indiki qiymətlərlə müqayisədə iki dəfə bahalı neft lazımdır”.
