|
Bəxtiyar Sadıqov: “Avropada kiminsə çaldığı havaya oynamırıq”
Avropa Şurası Nazirlər Komitəsi həbsdəki REAL sədri İlqar Məmmədovla bağlı növbəti qərarını qəbul edib. Beynəlxalq qurum Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının icrası ilə bağlı Azərbaycanın hakimiyyət nümayəndələrindən hər hansı bilgi alınmamasından narahatdır. Nazirlər Komitəsi rəsmi Bakını qurumla dialoqa dəvət edir.
 
Qərarda vurğulanır ki, İlqar Məmmədovla bağlı qərarın qüvvəyə minməsindən iki ildən artıq vaxt keçir. Ancaq Avropa Şurası Nazirlər Komitəsinin, qurumun baş katibinin çoxsaylı çağırışlarına rəğmən o hələ də həbsdə saxlanılır. Nazirlər Komitəsi İ.Məmmədovla bağlı əvvəlki qərarlarını, xüsusilə siyasətçinin dərhal azadlığa buraxılması ilə bağlı çağırışlarını bir daha Azərbaycan hökumətinə xatırladır. Beynəlxalq qurum İ.Məmmədovla bağlı qərarın həyata keçirilməsinin təmin olunmasında qətiyyətli olduğunu bir daha vurğulayıb. Bunun üçün bütün vasitələrdən, o cümlədən Avropa Konvensiyasının 46.4-cü maddəsindən istifadə ediləcəyinin anonsunu verib. 
 
Qeyd edək ki, bu qərarı da saysaq, REAL sədri ilə bağlı indiyə qədər 9 qərar qəbul edilib. Hər bir qərarda da onun dərhal azadlığa buraxılması tələb olunur. Amma görünən odur ki, Azərbaycan hakimiyyəti bu şəxsi azadlığa buraxmamaqda israrlı görünür. REAL sədrini iqtidar üçün bu qədər vazkeçilməz edən, onun üçün Avropa Şurasını qarşısına belə alan hakimiyyətin nədən dirəniş göstərdiyi suallar doğurur.
 
REAL hərəkatının idarə heyətinin üzvü Azər Qasımlı Nazirlər Komitəsinin bu qərarının gözlənilən olduğunu qeyd etdi: “Hesab edirəm ki, bu qərar Azərbaycan hökumətinə verilən son xəbərdarlıqdır. Belə də olacağına ümid edirəm. İlqar Məmmədov həbsdən azad olunmasa, bu məsələ bir daha gündəmə gələcək. O zaman 46-cı maddənin Azərbaycana tətbiq olunma ehtimalı çox yüksəkdir. Artıq İlqar Məmmədovun iki aydan sonra həbsinin 4 ili tamam olur. Qəbul edilən qətnamələr, qərarlara baxmayaraq, o hələ də qanunsuz olaraq həbsdə saxlanılır. İqtidar İlqarı azad etmək istəmir. Ölkədə hazırda vəziyyət sürətlə dəyişir. Vəziyyət dəyişdikcə, İlqar Məmmədovu həbsdə saxlamaq olduqca çətin olacaq. Xaricdən gələn təzyiqlər də artacaq. Daxildən də iqtidara təzyiqlər olacaq ki, İlqarı azad etsin. Düşünürəm ki, çox yaxın zamanlarda o, azad olunacaq”.
 
REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova İ.Məmmədovun son durumu və qəbul edilən qərarla bağlı bunları dedi: “İlqarla dekabrın 11-də telefonla danışdıq. Hər şey qaydasındadır. Nazirlər Komitəsi qərar qəbul etdi və əgər İlqar azad olunmasa, konvensiyanın 46.4-cü maddəsinin tətbiqi mümkündür. Qarşıda əfv sərəncamı gözlənilsə də, açığı ümidimiz yoxdur. Hər halda çox uzun zaman da qalmayıb, gözləyək, görək sonda nə olur”.

İ.Məmmədovun vəkili Fuad Ağayev bildirdi ki, hakimiyyət REAL sədri barəsində beynəlxalq qurumların qəbul etdiyi qərarları nəzərə almalıdır: “İlqar Məmmədov barəsində Avropa İnsan Haqları Məhkəməsinə məhkəmə baxışı ilə bağlı göndərdiyimiz ikinci şikayət artıq hökumətə kommunikasiya  edilib. Hökumət ən uzağı yanvar ayında Avropa Məhkəməsinin ünvanlandığı sorğu-suallara cavab verməlidir”.
 
YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov dedi ki, Avropa Şurasının REAL sədrinin azadlığa buraxılması ilə bağlı təkidi barədə bir söz deyə bilməz: “Avropa Şurası problemlərlə bağlı təkid etməli, yaxud onun həllinə kömək etməli olduğu məsələlərdə susur. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedir. Avropa Şurası işğal faktını qəbul edib. ATƏT-in MİNSK qrupu 24 ildir bu işlə məşğuldur və ortaya bir nəticə qoymayıb. Avropa Şurası isə bu məsələlərdə hələ də "dözümlülük" göstərir. 
 
Əgər söhbət beynəlxalq hüquqdan, insan haqlarından gedirsə, öncəliklə gəlin ölkəmizin pozulmuş hüquqlarını bərpa edək, qoruyaq. Mən bir milyondan çox məcburi köçkünü deyirəm, Şahbaz və Dilqəm kimi vətəndaşlarımızın öz doğma torpaqlarını ziyarət edərkən əcaib şəkildə əsir götürülüb birinə ömürlük, o birinə də 20 il həbs cəzasının verilməsini nəzərdə tuturam. Niyə Avropa Şurası bu məsələlərdə təkid etmir? İlqar Məmmədovla bağlı məhkəmə araşdırması olub, şahidlər dindirilib, ifadələrə baxılıb və sonda qərar qəbul edilib. Azərbaycan müstəqil dövlətdir, özünün qanunverici orqanı var. 
 
Öz hüququmuza, məhkəməmizə inanırıq. Əgər Avropa Şurası istəyir ki, kimsə həbsdə yatmasın, o zaman nəzərə almalıdırlar ki, biz Ermənistan kimi vassal dövlət deyilik, kiminsə çaldığı havaya oynamırıq. Azərbaycan iqtidarı çox doğru addım atır, biz məhkəmələrin qərarlarına hörmətlə yanaşırıq. Biz kimin hansı əməllə məşğul olduğunu çox gözəl bilirik. Bir jurnalist olaraq, Avropa Şurasının bu təkidinin arxasında nələrin gizləndiyini yaxşı bilirəm. Örtülü məsələlərlə örtülü oyun oynamaq lazım deyil. Azərbaycan hökumətinin öz qərarının üzərində durması, müstəqil siyasət yürütməsi bir vətəndaş kimi məni çox razı salır".