Azərbaycan manatının yanvarın 1-dən tam üzən məzənnəyə keçməsi ilə bağlı qərar son günlərin əsas müzakirə mövzularından biridir. Hər kəsi indi bir sual düşündürür: indiyədək üzən məzənnə ilə bağlı deyilənlər və yanvarın 1-dən həyata keçiriləcək bu qərar nə və edir?
Ekspertlərə görə, gəlin ilin əvvəllərindən dollar daha da bahalaşacaq, hətta iki manata çatacaq. Bu da cəmiyyət daxilində ciddi gərginlik yaradıb.
Keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov bildirdi ki, bu ilin fevralında baş verən ikinci devalvasiyadan sonra manat əslində üzən məzənnəyə keçib:“Realda isə keçilmədi. Müxtəlif adlar qoydular, tənzimlənən və idarə olunan üzən məzənnə. Amma faktiki olaraq, belə anlayışlar yoxdur. Manat ya sərbəst buraxılır, ya da tənzim olunur. Düşünürəm ki, manatı sərbəst buraxmağın zamanı çoxdan çatıb. Manatı tam sərbəst buraxmaq lazımdır ki, bazar özü müəyyən etsin. Bizə qonşu dövlətlərdən Rusiya və Qazaxıstan artıq bu keçidi ediblər. Çəkinmədən bunu etmək lazımdır. Burada yalnız bir problem var: bunun da ətrafında bir qədər düşünmək lazımdır. Bu zamanında dollarla götürülmüş istehlak kreditlərinin taleyi ilə bağlı məsələdir. İki devalvasiyadan sonra vətəndaşlar dollarla götürdükləri kreditlərin qaytarılması ilə bağlı ciddi problemlərlə üz-üzə qalıblar. Real olaraq kreditləri ödəyə bilmirdilər. Kreditlərin həcmi get-gedə artır, yaxud artırılır. Əgər həmin vətəndaşlara kreditlərini qaytarmaq üçün müəyyən mümkün olan köməkliklər göstərilməsə, o zaman manatın başının sərbəst buraxılması daha ciddi problemlərə yol açacaq. Banklar verdikləri kreditlərin qaytarılması ilə bağlı real addımlar atmalıdırlar. Müştərilərinə qarşı getməli, onlara dəstək olmalıdırlar. Güzəştlər tətbiq olunmalıdır. Manat sərbəst buraxılanda çalışmaq lazımdır ki, insanların yükü daha da artmasın. Qara bazarda gedən son proseslər göstərdi ki, Mərkəzi Bank burada mühüm rol oynamalıdır. Mərkəzi Bank ”qara bazar"a qarşı öz əlindəki imkanlardan istifadə etməlidir və etməlidir də. Bu proseslərin tənzimlənməsində Mərkəz Bank aparıcı rol oynamalıdır. Mərkəzi Bankın nəzarət mexanizmlərinə böyük ehtiyac var. Beynəlxalq Bankda baş verənlər çox şeyi göstərdi. Mərkəzi Bank əlində olan imkanlardan vaxtında istifadə etməlidir. Gözləməməlidir ki, fəlakətli durum getdikcə dərinləşsin. Gözləmək lazım deyil".
cia.az
