Körfəz ərəb ölkələri ittifaq yaratmağa hazırlaşır. Bu barədə “əl-Cəzirə” kanalı məlumat yayıb. Bildirilir ki, Körfəz Ölkələri Əməkdaşlıq Təşkilatının (KƏT) Bəhreyn paytaxtında başlayacaq 37-ci sammitində əsas mövzu üzv ölkələr arasında daha da yaxınlaşma və əməkdaşlığın möhkəmləndirilməsi olacaq.
İki gün davam edəcək sammitə Səudiyyə Ərəbistanı, BƏƏ, Qatar, Bəhreyn, Küveyt və Oman iştirak edəcək. Bəhreyn informasiya naziri Əli İbn Məhəmməd Rumeyhi deyib ki, Manama zirvəsi güclü və sağlam bir körfəz ölkələri sistemində “Körfəz Birliyi” yolunda ciddi addım olacaq. Nazir sammit zamanı körfəz ölkələrinin siyasət, müdafiə, təhlükəsizlik və iqtisadiyyat kimi sahələrdə müştərək siyasətin formalaşdırılması, körfəz bölgəsi vətəndaşlarının hüquqları, eləcə də iqtisadiyyat və inkişaf istiqamətində əməkdaşlığı artırılması üçün birgə heyətlərin yaradılacağını bildirib.
Sammitin ikinci əsas mövzusu isə Yəmən olacaq. Məlum olduğu kimi, Yəməndə Husi hərəkatının hakimiyyəti ələ keçirməsindən sonra Səudiyyə Ərəbistanı digər körfəz ölkələri və müttəfiq dövlətlərlə birlikdə Yəmənə qarşı müharibə koalisiyası yaradıb. 2015-ci il martın 26-dan etibarən bu koalisiya Yəmənə qarşı əməliyyatları başladıb. Hərbi müdaxilə husilərin məğlubiyyətinə gətirməsə də, ölkə xaraba qalıb, Yəmən dünyanın ən kasıb, səfalət ölkəsinə çevrilib. Dinc insanların öldüyü hava hücumları ölkə infrastrukturunu məhv edib.
Vəziyyətdən çıxmaq üçün BMT husilərin və keçmiş prezident Əli Abdullah Salehin qatıldığı bir danışıqlar masası qurulmasını təklif edib. Ancaq Səudiyyə bununla razı deyil. Yəməndə proseslərin dalana dirənməsi körfəz ölkələrinin bu mövzuda qərar almasını vacib edir.
Ancaq təbii ki, körfəz ölkələrini yeni birlik formatları axtarmasının arxasında daha ciddi mətləblər dayanır. Məlum olduğu kimi, son iki ildə enerji qiymətlərinin kəskin düşməsi neftlə zəngin ərəb ölkələrinə ciddi təsir edib. Ancaq körfəz ölkələrini bir araya gətirən əsas səbəb təhlükəsizlik və siyasətdir. Bölgədə genişlənən terror hərəkatları, müharibə coğrafiyası Yaxın Şərqin “neft cənnətlərini” də yavaş-yavaş təhdid edir. Doğrudur, hələlik KƏT üzvü ölkələrdə terror və ya daxili müharibə yoxdur, amma bu savaşlar birbaşa sərhəddə keçirilir. Üstəlik, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyt davamlı olaraq terror hücumlarına məruz qalır. Bu isə istər-istəməz təhlükəsizlik və əməkdaşlıq məsələlərini gündəmə gətirir.
Oman istisna olmaqla digər üzv ölkələr Yəmən, Suriya və İraq məsələsində İranla açıq gərginlik yaşayır. Digər tərəfdən, son illərdə ərəb ölkələri daxilində bölünmə, Misir, Liviya da daha bir neçə Afrika ölkəsi Səudiyyə Ərəbistanı ilə açıq olmasa da, siyasi anlaşmazlıq yaşayır. Bu səbəbdən də bir neçə il əvvəlki ərəb ittifaqları artıq mümkün olmur. Bu səbəbdən də həm coğrafi, həm də siyasi-ideoloji baxımdan yaxın olan körfəz ölkələrinin daha möhkəm siyasi birlik qurması gözləniləndir.
Müəyyən mənada bu birlik “Ərəb Birliyi” olmaq imkanına malikdir. Ancaq oxşar cəhd daha əvvəl İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində edilib, ancaq vahid iqtisadi və siyasi əməkdaşlıq forması alınmayıb. İndi isə körfəz ərəb ölkələri daha kiçik ölçüdə, körfəz ölkələrini bir araya gətirməklə yeni birlik yaratmağa çalışır. Maraqlıdır ki, bu mühüm toplantıya Böyük Britaniyanın baş naziri Tereza Mey də qatılacaq. Baş nazir ərəb sammitində çıxış edəcək və ərəb ölkələrini daha yaxın əməkdaşlığa dəvət edəcək.
