NATO Türkiyədə orduda həbslərin və işdən alınmaların ittifaqı zəiflətdiyini bəyan edib. Bu barədə NATO-nun Avropa Müttəfiq Qüvvələri komandanı, ordu generalı Kurtis Skaparrotti Brüsseldə açıqlama verib. General bildirib ki, Türkiyədə 15 iyul çevrilişindən sonra NATO-da xidmət edən 150-yə yaxın yüksək vəzifəli Türkiyə ordusu zabiti həbs olunub və ya geri çağırılaraq təqaüdə göndərilib.
NATO generalı deyib ki, bu zabitlər mühüm postlarda xidmət ediblər. Bu səbəbdən də türk zabitlərin geri çağırılması və ya həbs olunmasından sonra fəaliyyətlərində boşluq və zəifləmə yaranıb. Ancaq eyni zamanda o, NATO-da çalışan Türkiyə ordusu zabitlərinin qiyama dəstək verməsinə inanmadığını deyib.
Qeyd edək ki. NATO-da üzvlük qaydalarına əsasən, Türkiyə ordusunun 300 nəfərə yaxın general və müxtəlif rütbəli zabiti Alyansın fərqli qurumlarında, Baş Qərargahında xidmət edir. Son qiyam olaylarından sonra onlardan yarısı şübhəli olaraq geri çağırılıb, bir qismi isə həbs olunub. Onları daha çox gənc və təcrübəsiz zabitlər əvəz edib. NATO komandanlığı bu zabitlərin cəzalanması və ailələrinin haqsız münasibətə məruz qalmasından narahatlığını bildirib. Bununla bağlı Türkiyə ordusu Baş Qərargah rəisinə müraciət edib.
Xatırladaq ki, Türkiyə ordusu NATO-da ABŞ-dan sonra ən böyük ordu hesab olunur. Digər tərəfdən, Alyansın şərq sərhədlərində yerləşən Türkiyənin silahlı qüvvələri və hərbi gücü NATO üçün çox mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, yüksək hazırlıqlı, peşəkar, hərbi xidmətdə seçilən türk zabitləri NATO-da ən mühüm postlarda xidmət ediblər və bu gün də etməkdə davam edirlər. Ancaq təbii ki, NATO komandanlarının narahatlığının arxasında başqa amillər də var.
Məsələ ondadır ki, Türkiyə ordusu buna qədər dövlət içərisində müstəqil bir qurum kimi siyasi hakimiyyətə təsir imkanı olub. Bu səbəbdən də “dövlət içərisində dövlət” olan Türk ordusu NATO üçün əvəzedilməz bir tərəfdaş olub. Siyasi hakimiyyətlərin, partiyaların dəyişməsinə baxmayaraq, ordu hər zaman NATO tərəfdaşı kursunu davam etdirib. Bir qayda olaraq Baş Qərargah rəisləri və qoşun komandanlarının bir çoxu NATO-da xidmət etmiş, bu qurumda təcrübəsi olmuş generallardan təşkil olunurdu. Yəni bu günə qədər NATO-Türkiyə əməkdaşlığı bir üzv ölkə sərhədlərindən çox üstdə idi.
Ancaq indi durum dəyişib. Hazırda NATO və AB ilə münasibətlərində ciddi soyuqluq olan Türkiyə hakimiyyəti faktiki olaraq ordu üzərində nəzarəti ələ alıb və Qərbə meydan oxuyur. Bu vəziyyət isə istər-istəməz Türkiyə ordusunun NATO ilə əməkdaşlığına təsir edir, generalın da dediyi kimi, əlaqələri zəiflədir. Artıq bu vəziyyəti hərbi blokun rəhbərləri də gizlətmir, açıq şəkildə dilə gətirirlər.
cia.az
