ABŞ Dövlət Departamentinin Azərbaycana ayırdığı maliyyə yardımının məbləğini bu ilə nisbətən 3 milyon artırması geniş müzakirələr doğurub. Buna səbəb Dövlət Departamentinin yardım sənədində qeyd etdikləridir.
ABŞ-ın rəsmi qurumu açıq şəkildə bəyan edib ki, maliyyə dəstəyinin artırılmasına səbəb Azərbaycanı Rusiyanın təzyiq və təsirlərinə qarşı müqavimətini gücləndirməkdir. Bu nüans ölkə daxilində müzakirəyə səbəb olub. Ekspertlər qeyd edir ki, dünyanın əsas gücü heç bir vəchlə Azərbaycanın Rusiyanın təsir dairəsinə düşməsini istəmir və rəsmi Bakının qərbyönlü siyasət yürütməsində maraqlı görünür.
Departamentinin bəyanatında diqqətçəkən məqamlardan biri də Amerikanın yeni hakimiyyətə gəlmiş Donald Tramp dövründə də ənənəvi siyasəti yürüdəcəyinin anonsunun verilməsidir. Belə ki, Azərbaycan üçün Konqresə göndərilən yardım sorğusuna dair izahedici sənəddə deyilir ki, Birləşmiş Ştatlar Bakıya münasibətdə demokratikləşmə və insan haqları, təhlükəsizlik və iqtisadi liberallaşma, ticarətin inkişafı və Avroatlantika strukturları ilə əməkdaşlığın gücləndirilməsi prioritetlərindən ibarət “kompleks yanaşma” tətbiq edir.
Göründüyü kimi, əvvəlki hakimiyyətlərin dönəmində olduğu kimi Amerika digər dövlətlərə münasibətdə demokratiya və insan haqları məsələsini yenə də öndə tutacaq. Sənədə əsasən ABŞ-ın Azərbaycana ayıracağı maliyyə yardımları əsasən vətəndaş cəmiyyətinə, QHT-lərə, jurnalistlərin hüquqlarının müdafiəsinə və digər bu kimi məqsədlərə xərclənəcək. ABŞ gələn il də Azərbaycanda “qərbyönümlü” QHT-ləri, KİV-ləri, başqa sözlə, “beşinci kolon”un elementlərini maliyyələşdirməkdə davam edəcək.
Son illərdə QHT-lərə qarşı olan təzyiqlərdən sonra maliyyə böhranı yaşayan vətəndaş cəmiyyəti institutlarının bu yardımla dirçələ biləcəyi qeyd olunur. Azərbaycan hakimiyyətinin ABŞ-ın yeni iqtidarı ilə münasibətləri korlamamaq üçün vətəndaş cəmiyyətinə olan təzyiqləri azaldacağı da iddialar arasındadır.
Lakin “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu ayrılan məbləğin yüksək olmadığını deyir: “Həmin dövlət Rusiya ilə əlaqələrdən Amerikanın xeyrinə imtina etmək istəyirmi? Bu sual çox aktualdır. Çünki Rusiya bizə qonşu dövlətdir. Bilirik ki, Rusiya işğalçıya dəstək verir. Amma bu dövlətdən ehtiyat edirik.
Ona görə də heç kim Rusiyanı qıcıqlandırmaq istəmir. Türkiyə kimi böyük dövlət belə təyyarənin vurulmasına görə Rusiyadan üzr istədi. Çünki Rusiya ilə əməkdaşlıqdan qopmaq istəmirdi. Bu Dövlət Departamenti müvəqqətidir. Yeni prezident gəlir və o açıq şəkildə deyib ki, üçüncü dövlətin daxili işlərinə qarışmayacaq, heç bir ölkədə rejimləri dəyişməyəcək. Bu o deməkdir ki, yeni Dövlət Departamenti üçüncü dövlətin daxili işlərinə qarışmayacaq. Rusiyanın təsirlərinin digər ölkələrdə azaldılması da hədəf kimi qarşıya qoyulmayacaq. Yəni hədəflər dəyişəcək. Buna görə də kiçik dövlətlər Amerikanın ianələrinə görə Rusiya ilə münasibətləri gərginləşdirməyəcəklər”.
Siyasi şərhçi demokratiya və insan haqları məsələsinin önə çəkilməsinə də münasibət bildirdi: “Hər il bunu deyirlər. Sabiq dövlət katibi Kondaliza Rays dedi ki, neft qurtardı və bir daha buna görə demokratiya, insan haqlarını qurban verməyəcəyik. Amma bu söz deyildiyi kimi də qaldı. Amerikanın bu ad altında Yaxın Şərqdə keçirdiyi uğursuz əməliyyatlar da göz önündədir. Qaş düzəltmək əvəzinə gözü vurub çıxardılar. İraq və Liviyada hakimiyyətlər yıxdılar, yerində xaos yarandı. Ona görə Amerikanın bu planlarından kiçik dövlətlər ehtiyatlanmağa başlayıblar. İnsan haqları və demokratiya deyiləndə bunu ABŞ-ın dövlətlərin daxili işlərinə qarışması kimi qəbul edirlər. Kiçik dövlətlər istəyirlər ki, Amerika ilə əməkdaşlıq qursunlar, lakin ABŞ-ın da onların daxili işlərinə qarışmasını istəmirlər. Düzdür, demokratiya və insan haqları məsələləri hər hansı bir dövlətin daxili işi sayılmır. Trampın özü də səhvləri etiraf deyir və deyirsə ki, ABŞ başqa dövlətlərin daxili işlərinə qarışmamalıdır, demək kimsə artıq demokratiya və insan haqları ilə bağlı deyilənlərə inanmır. Tramp Rusiya ilə əlaqələr quracağını dedi və artıq buna əməl edir. Gələn xəbərlərə görə, müşavirlərindən birini Rusiyaya göndərib. Məqsəd də terrorizmə qarşı birgə mübarizə aparmaqdır. Əgər bunlar olacaqsa, Tramp üçün demokratiya və insan haqları məsələsi arxa plana keçəcək”.
E.Şahinoğlu QHT-lərə ayrılan yardımlardan da söz açdı: “Amerikanın Azərbaycandakı fondlarının tam əksəriyyəti bağlanıb. Qrant verilmə halları təhlükəli vəziyyətə çatıb. Hansı Qərbmeylli QHT qrant almağa risk edər? Sadəcə Azərbaycan və ABŞ arasında əlaqələr tam yaxınlaşsa, bağlanan fondlar açıla bilər. İmkan vermək lazımdır ki, xarici fondlar ölkəmizdə fəaliyyət göstərsinlər. Çünki onlar Gürcüstan və Ermənistanda rahat şəkildə fəaliyyət göstərirlər, milyonlarla layihələrə pul yatırırlar”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ayrılan yardımın böhran keçirən QHT sektoruna təsir etməyəcəyini düşünür: “Qanunda dəyişiklik olmasa xeyri yoxdur. QHT-lərin inkişafı üçün ayrılan bu vəsait ABŞ səfirliyi vasitəsilə verilməlidir. Yeni səfirlik qrant elan etməlidir. Yanvarda qanunda dəyişiklik olmasa, yeni səfirlik qrant elan edə bilməz. Hökumət oktyabr ayında qanunla bağlı müəyyən dəyişikliklərin ola biləcəyi barədə cəmiyyətə mesajlar göndərib. Demək, bu vəsaitlərin QHT-lərə ayrılması hökumətin atacağı addımlardan asılıdır. Vəsaitlərin ayrılacağı təqdirdə burada söhbət QHT-lərə olan təzyiqlərin azalmasından deyil, hökumətin aparacağı siyasətdən getməlidir”.
