Bakının Nizami rayonunda bu gün səhər saatlarından qaz yoxdur. Rayonun Şərifli küçəsində yaşayan sakinlərin virtualaz.org-a bildirdiklərinə görə, kondisioneri olanlar onu işlə salsa da, olmayanlar evdəki yorğan-döşəyin ümidinə qalıb.
“Tək bizim küçədə deyil, bütün rayon ərazisində qaz yoxdur. Uşaqlar soyuqdan donur, yaşlılar, xəstələr var. Qazı kəsəndə heç olmasa, əvvəlcədən xəbərdarlıq eləsinlər”, - deyə sakinlər bildirirlər.
Problemlə bağlı “Azəriqaz” İB-in 104 qəza xidməti ilə əlaqə saxladıq. Xidmətdən həqiqətən də, rayonun əksər hissəsində bu gün qaz verilişinin dayandırıldığını təsdiq etdilər. Qaz verilişində məhdudiyyət isə rayon ərazisindən keçən qaz xəttində baş verən qəza ilə əlaqədardır.
“Hazırda qəza baş verən hissədə təmir işləri aparılır. Təmirlə əlaqədar rayonun əksər hissəsində qazın verilişi dayandırılıb. Təmirin nə vaxt bitəcəyi məlum deyil, təmir bitən kimi qaz bərpa olunacaq”, - deyə qəza xidmətindən bildirilib.
“Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayevin virtualaz.org-a bildirdiyinə görə, qəza rayonun Elşən Süleymanov küçəsində yerləşən “Azəri F” MTK-nın qaz xəttində baş verib.
“Bütün rayonda deyil, yalnız iki küçədə qazın verilişi dayandırılıb. Bunlar Elşən Süleymanov və Şərifli küçələridir. Hazırda qəzanın aradan qaldırılması ilə əlaqədar əməkdaşlarımız çalışırlar. Qəza aradan qaldırılan kimi qazın verilişi bərpa olunacaq”
Cia.az
