Ermənistan ordusunun zabiti Norayr Georgiyeviç Minosyanın haqqın.az saytının müxbiri Vahan Martirosyana Azərbaycan tərəfə keçməsinə kömək üçün etdiyi müraciət son günlərin əsas müzakirə mövzusu oldu. Erməni zabitin müraciətinə mövqelər müxtəlifdir.
Çoxları 6 ay həbsdə olduqdan sonra azadlığa çıxsa da, ölkəsində təqib olunan və nəticədə Soçiyə pənah aparan Minosyanın müraciətinin arxasında hiylə olduğunu düşünür. Hətta burada Ermənistanın hakim dairələrinin əlinin olduğunu iddia edənlər də var. Gələcəkdə ölkəmizə qarşı bu kartdan istifadə ediləcəyini deyənlər də var.
Bir düşmən ölkənin hərbçisinin ərazilərini işğal etdiyi ölkəyə sığınması üçün etdiyi cəhd də birmənalı qarşılanmır. Azərbaycanlı zabitlərin Minosyanın atdığı addıma münasibətləri sərtdir.
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, erməni zabiti Azərbaycan tərəfə keçmək istəsəydi, çoxdan keçərdi: “Bu şəxsi cəzalandırmaq istəyirlər, bunun üçün onu sıxışdırırlar. Mesaj vermək üçün demək istəyir ki, Azərbaycan tərəfə keçmək istədiyimə görə məni ölümlə hədələyirlər. Bu qeyri-ciddidir. Əgər keçmək istəyirsənsə keç və fikirlərini əsaslandır. Ermənilər şou düzəltməyi xoşlayırlar. Bunun üçün addımlar atırlar, biz o addımlara aldanmamalıyıq. Ermənilərin bundan istifadə etmələrinə imkan verməməliyik. Bundan öncə də bir erməni ailəsi var idi, ölkəmizə gəldilər, yüksək səviyyədə qarşılandılar, bir neçə il Azərbaycanın çörəyini yedilər, suyunu içdilər. Hər şey onlar üçün gözəl idi, gözəl şərait onlara yaradılmışdı. Ermənistana təhvil verəndən sonra onlar erməni kanallarında peyda oldular və Azərbaycanı qaralamağa başladılar. Bu baxımdan düşünmürəm ki, erməni zabiti Azərbaycana keçmək istəyir. O yalnız bunu deyə bilərdi ki, məni üçüncü ölkəyə keçirmək üçün kömək edin. Bunu sakit şəraitdə də edə bilərdi. Bu təbliğat baxımından müsbətdir. Amma hesab edirəm ki, bizim mətbuat son dərəcə ehtiyatlı və diqqətli olmalıdır. Ən azından o zabiti sakitcə ölkəmizə keçirib, onun bilgilərindən istifadə edə bilərdik. Təəssüf ki, artıq bu məlumat ictimailəşib. Yaxın günlərdə o zabiti ya həbs edəcəklər, ya da qondarma ittihamlarla cinayət işi açacaqlar. Bununla da məsələ yekunlaşacaq. Bizim yeganə uğurumuz odur ki, Ermənistanda vəziyyətin nə qədər ağır olduğunu, hətta nəticədə erməni zabitlərin belə ölkəmizə keçmək istədiklərini dünyaya göstərəcəyik. Bütün hallarda son dərəcə diqqətli olmalıyıq. Düşmənin ən xırda addımından belə istifadə etməliyik. Məlumatın şok effektli olması ilə yanaşı, biz çox əlverişli bir məqamı əldən qaçırmış olduq”.
Ü.Cəfərov erməni zabiti gözləyən təhlükələrdən də söz açdı: “Minosyan onu gözləyən təhlükələrin fərqindədir. Bu adam çox qəşəng bilir ki, vəziyyəti o qədər də yaxşı deyil. Bir daha deyirəm, əgər o Azərbaycana keçmək istəyirdisə, bunun üçün həmyerlisi Martirosyanla əlaqə yaradırdısa, o zaman Martirosyan necə ölkəmizə rahat keçə bilmişdisə, bu yollarla o da rahat şəkildə Azərbaycana gələ bilərdi. İstənilən halda zabit həyatda hər şeyə hazır olmalıdır. Amma onun bu addımı şou xarakterlidir. Başqa bir ölkəyə getmək üçün bəhanə axtarır. Orada Azərbaycan faktorundan istifadə edib. Səhəri gün onu həbs edəndə Azərbaycanın adı hallanacaq ki, o Azərbaycan tərəfə keçmək istəyirdi, lakin Azərbaycan ona lazımı köməkliyi etmədi. Bu erməni hiyləsinin ustalıqla həyata keçirilmiş variantıdır. Zabit düşmən tərəfə keçməməlidir. Çünki ən azından bilir ki, onu ya öldürə bilərlər, ya da öz ölkəsində vətənə xəyanətdə ittiham olunar.
Ermənilərin həyata keçirmək istədikləri bu hiylədə erməni zabitin uduşu daha çoxdur. Əgər mətbuat və hüquq mühafizə orqanları birlikdə işləsəydilər, bunun effekti daha çox olardı. Erməni hakim dairələrinin burada əllərinin olduğunu da istisna etmək olmaz. Hər şey mümkündür. Ermənilərdə heç vaxt səmimiyyət olmayıb. Yaşadığımız faciələrin fonunda iki erməninin gəlib Bakıda nəyisə dillərinə gətirmələri yaralarımızı sağaltmır. Əgər onlar beynəlxalq tribunadan bu həqiqətləri dilə gətirsəydilər, o zaman onların səmimiyyətinə haradasa inanmaq olardı. Açığı səhəri gün onların adından Azərbaycana qarşı bəyanatlar səslənsə, təəccüblənmərəm. Bu erməni xisləti, tərbiyəsidir”.
musavat
