Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün ənənəsinə sadiq qalaraq qarşıdakı yeni il tətilini də daimi tamaşaçıları üçün yaddaqalan və maraqlı etməyə çalışıb.
Axşam.az-ın məlumatına görə, balacalar üçün yeni və fərqli səhnə işləri hazırlayan teatrın yaradıcı heyəti bu dəfə onlara unudulmaz "Yeni il nağılı" vəd edir.
Klassik və müasir yozumlu pyeslərdən seçmələrlə səhnə həlli verilən tamaşada balacalar dünya və milli nağıl qəhrəmanlarını bir arada görmək şansı qazanacaqlar. Bununla yanaşı onların sevimli personajlarının oyununda ibrətamiz, eyni zamanda, komik hadisələri eşidib-izləmək imkanı olacaq. Tamaşada uşaqlara paxıllıq, yalançılıq, oğurluq kimi mənfi xüsusiyyətlərə nifrət personajların düşdüyü komik situasiyalarla izah olunur. Bayram əhvallı tamaşanın əsas qəhrəmanları Şaxta baba, Qar qız və uşaqların sevimli dostu Dovşandır.
Tamaşada əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elmira Hüseynova, Elxan İsmayılov, Elnur Xəlilov, Cavid İbrahimov və başqaları ifa edəcəklər.
Balacaların yeni il istirahətini daha da maraqlı edəcək səhnə əsəri 30 dekabrdan 8 yanvaradək hər gün dörd seans (saat 12.00, 14.00, 16. 00 və 18:00) olmaqla nümayiş olunacaq.
