Bakı Ağır Cinayətlər Məhkəməsində hakim oğlunun ölümünə səbəb olmaqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un prosesdə iştirak edən əməkdaşı xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən proses şahidlərin ifadəsi ilə davam etdirilib.
Prosesdə ötən iclasda şahid qismində dindirilən Raul Şükürlü vəkillərin suallarını cavablandırıb.
Daha sonra digər şahid, təqsirləndirilən şəxsin dostu Musa Mahmudov ifadə verib. O, hadisə baş verən gün Rəhim Kərimovun sürdüyü maşında olduğunu deyib: "Avtomobili Rəhimin özü idarə edirdi. Maşınla gedərkən o, birdən qabağımıza çıxdı. Hadisədən sonra rəhmətə gedən şəxsi maşının altından çıxardıq. Onu xəstəxanaya aparmağımızı istədi, lakin bizi qoymadılar. Dedilər ki, təcili tibbi yardım maşını gəlməlidir. Həmin zaman Rəhim də qışqırırdı. Onun qolu ağrıyırdı. Daha sonra təcili tibbi yardım maşını çağırmaq üçün zəng etdilər. Hadisə yerinə polis əməkdaşları da gəlmişdi. Bir qədər sonra qəzanın baş verdiyi əraziyə bit qadın gəldi, qışqırırdı. Deyəsən, rəhmətliyin anası idi. "Balamı niyə belə etdiz" deyirdi".
Şahidin sözlərinə görə, qəzadan sonra R.Kərimovu hadisə yerindən taksi ilə yola salıblar: "Raulla biz isə orada qaldıq. Bir qədər sonra biz də oranı tərk etdik".
M.Mahmodov bildirib ki, 2010-cu ildən Rusiya Federasiyasında onun barəsində axtarış elan olunub. O, qəza baş verməmişdən əvvəl narkotik vasitədən istifadə etmədiyini söyləyib.
Şahid onu da qeyd edib ki, qəzadan əvvəl sükanı o idarə etsə də sonradan Rəhim Kərimovla sükanı dəyişiblər.
Ötən prosesdə digər şahid Raul Şükürlü də sükanı Musa və Rəhimin idarə etdiyini demişdi.
Məhkəmə prosesi dekabrın 13-də davam etdiriləcək.
Qeyd edək ki, qəza zamanı ölən 19 yaşlı Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub.
Onun atası Elbəyi Allahverdiyev Bakı Hrbi məhkəməsinin hakimidir. O, ləğv edilmiş MTN-nin generalı Akif Çovdarovun cinayət işi üzrə məhkəmə istintaqını aparan hakimlərdən biridir.
Qəzanı törədən Rəhim Kərimovun atası Kərimov Yüzasif Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimidir, əvvəllər Səhiyyə Nazirliyinin Rəyasət Heyətinin də üzvü olub.
Cia.az
