“Prezidentin Tarif Şurasının qərarını ləğv etməsi barədə verdiyi tapşırıq onu göstərir ki, o, hər bir insanın vəziyyətini diqqət mərkəzində saxlayır”
Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə Tarif Şurasının qiymət artımı qərarının ləğv edilməsinə münasibət bildirib. Qeyd edib ki, bununla da bəzi işbazlar suni şəkildə qiymətləri artıra bilməyəcəklər:
“Ölkə Prezidentinin Tarif Şurasının qərarına kəskin reaksiya bildirməsi və onun dəyişdirilməsi göstərir ki, dövlət başçısı cəmiyyətdə gedən müzakirələri diqqətlə izləyir və hər hansı bir narahatlığın aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verir. Azərbaycan iqtisadiyyatının sabit inkişafı üçün ciddi addımlar atılır. Baxmayaraq ki, dünyada maliyyə böhranı hökm sürür, amma manat isə ən sabit valyutalardan biri sayılır. Azərbaycan iqitsadiyyatının inkişafı üçün bir çox layihələr həyata keçirilir. Benzinin qiymətində kiçik bir dəyişikliyin edilməsini yol vergisinin ləğv edilərək yanacağın üstünə gəlinməsi ilə izah edirdilər. Amma cənab Prezidentin baxışları fərqlidir. O, hesab edir ki, Azərbaycan hazırkı durumu ilə istənilən problemin həllini öz üzərinə götürmək imkanındadır. Eyni zamanda bundan bəzi işbazlar qiymət artımı üçün sui-istifadə edəcəkdilər. Ancaq indi onun qarşısı alınır və qiymətlər stabil qalır”.
