Nəhayət uzun müddətdir mavi yanacağın istisinə qızınacağını gözləyən Goranboy rayonunun Qaraçinar, Yenikənd, Meşəli və bu ətrafdakı bir neçə kəndin qazlaşdırılması yekunlaşıb.
Bu haqda Cia.az-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev məlumat verib.
O bildirib ki, Goranboy rayonunun Qaraçinar, Yenikənd, Meşəli kəndlərində 532 mənzil qazlaşdırılıb:
“532 mənzildən 11-i Meşəlidə, 36-sı Yenikənd ərazisindədir. İşlər yekunlaşdırılıb, həmin mənzillərdə sayğac quraşdırılıb, məhəllədaxili daşıyıcı qaz xətləri çəkilib. Hazırda aidiyyatı qurumlarla birlikdə istismara qəbul sənədləri hazırlanır. Sənədlər təsdiq edildikdən sonra təbii qazın verilişi təmin ediləcək”.
İ.Kərbalayevin sözlərinə görə, Qaraçinarla yanaşı digər ərazilərin də qazlaşdırılması işləri həyata keçirilir:
“Yolpak, Goranlı, Qaramusalı, Səmədabad və digər kəndlərdə də qazlaşdırma işləri gedir. Tikinti-quraşdırma işləri bitdikdən sonra ardıcılıqla təbii qazın verilişi təmin olunacaq”.
Onun sözlərinə görə, 2016-ci ilin 11 ay ərzində 195 yaşayış məntəqəsi mavi yanacaqla təmin olunub.
Cia.az
