Dekabrın 4-də Kayseri şəhərində Türkiyənin 11-ci prezidenti Abdulla Gülün adını daşıyan muzeyin və kitabxananın açılış mərasimi olub.
Açılış mərasimində azərbaycanlı nümayəndələr də iştirak ediblər.
Mərasimdə həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, 11-ci prezident Abdullah Gül, digər ölkələrin yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, tanınmış şəxslər də iştirak ediblər.
Bəs Azərbaycan prezidentlərinin muzeyi varmı?
Azərbaycanın ikinci prezidenti, Milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin Ordubad rayonunun ucqar dağ kəndi olan Kələkidəki ata evi, onun qeyri-rəsmi ev muzeyi kimi fəaliyyət göstərir. Bu muzeydə Əbülfəz Elçibəyə aid olan əşyalar, kitablar, bəyin bəzi geyimləri saxlanılır. Lakin onunla bağlı dövlət tərəfindən təşkil olunan rəsmi muzey yoxdur. Əbülfəz Elçibəyin qohumu Çingiz Özgür bildirdi ki, əgər dövlətin marağında olarsa, Elçibəyin Bakıdakı yaşadığı mənzili ev muzeyi edə bilərlər: “Bu bizim verəcəyimiz qərardan asılı deyil. Hökumət nə zamansa bu kimi təkliflə bizə müraciət edərsə, biz Rəsulzadə qəsəbəsi, Əlixanov 38 ünvanında yerləşən mənzili ev muzeyi kimi təşkil edə bilərik. Biz həmin evi qoruyub, saxlayırıq. Bəyə aid ailədə olan bütün əşyalar da qorunub, saxlanılır”.
Azərbaycanın 3-cü prezidenti mərhum Heydər Əliyevin adına Bakı şəhərində mərkəz fəaliyyət göstərir. Bu mərkəzdə olan muzeydə mərhum prezidentin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən əşyalar, tarixi sənədlər ziyarətçilərə nümayiş etdirilir.
Tarixçi Dilavər Əzimli “Yeni Müsavat”a bildirib ki, muzeylərin yaradılması tarix və gələcək üçün olduqca lazımlıdır:
“Maraqlıdır ki, Türkiyədə bütün prezidentlərin muzeylərini açırlar. Bu çox önəmlidir. Əslində təkcə tarixi baxımdan deyil, millətin formalaşması, milliliyin inkişafı baxımdan da muzeylər çox vacib məsələdir. Təəssüf hissi ilə qeyd edirəm ki, biz hələ Məhəmməd Əmin Rəsulzadənin də ev muzeyini açmamışıq. Təkcə Rəsulzadənin deyil, hesab edirəm ki, cümhuriyyətin bütün önəmli şəxslərinin muzeyləri açılmalı idi. Təəssüf doğuran məsələlərdən biri də budur ki, bizdə hələ də Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Əlimərdan bəy Topçubaşov və digərlərinin irsi ali məktəblərdə öyrədilmir. Bu çox ciddi məsələdir.
Biz bəzən sual edirik ki, niyə bu günə düşdük? Millətin böyüməsi, inkişafı onun tarixinə münasibətindən asılıdır. Rəsulzadə irsini dərindən öyrənən hər bir tələbə, o milləti ürək yanğısı ilə sevəcək. Bu zaman onda vətənə bağlılıq daha da güclənəcək. Eləcə də Əbülfəz Elçibəyin adını qeyd etmək olar. Eyni zamanda hesab edirəm ki, Azərbaycan prezidenti olan Ayaz Mütəllibova da münasibət dəyişməlidir. Məsələlərə sırf tarixi baxımdan yanaşıram. Heç bir prezident öz ölkəsinə pis baxa, xəyanət edə bilməz. Sadəcə olaraq, hərənin getdiyi bir yol var. Fərq də bax budur. Bu baxımdan əlbəttə ki, tariximizdə yeri olan şəxslərin mütləq ev muzeyləri açılmalıdır”.
Tarixçi bildirib ki, hazırkı addımlarımıza görə, gələcək bizi kəskin şəkildə qınayacaq: “Bu gün Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin muzeyləri insanların qəlbindədir. Günü-gündən də bu, güclənir. Sadəcə olaraq, məsələ millətin, dövlətçiliyin tarixi məsələsidir. Biz əgər böyük Azərbaycan iddiasındayıqsa, tariximizi də unutmamalıyıq. Ümumi insanları bir araya gətirən, ortaya ideologiya qoyan şəxslər hər zaman xatırlanmalıdır. Onların həyat və fəaliyyətləri ilə bağlı bugünkü insanlarımızda təəssürat, məlumat olmalıdır. Buna görə də muzeylər mütləq açılmalıdır. Biz vətən, millət, torpaq deyirik. Bunları dediyimiz halda nə üçün vətən, millət yolunda canlarını qoyanları unutmalıyıq? Bütün bunlara görə gələcək bizi kəskin şəkildə ittiham edəcək”.
Cia.az
