Prezident İlham Əliyev də hətta Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında baramaçılıqla bağlı fikirlər səsləndirmişdi.
Bu yöndə müvafiq qurumların atdığı addımlara isə münasibət birmənalı deyil. Bir neçə gün öncə ölkəyə Çindən tut tingləri gətirilib. Tinglərin qiyməti isə açıqlanmır. Sadəcə, bildirirlir ki, Kənd Təsərrüfatı Nazirliyi Çindən 1,5 milyon ədəd tut tingi alıb. Bildirilir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 22-də Çinin baramaçılıqla məşğul olan “Shandong Guangtong Silkworm” şirkətinin rəhbərini qəbul edib. Həmin şirkətlə müqavilə bağlanıb və açıq tenderə qatılıb.
Nazirliyin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov məsələ ilə bağlı musavat.com-un suallarını cavablandırıb. O bildirib ki, bununla bağlı verilən sərəncamda tinglərin alınmasına 600 min manat vəsait ayrılıb: “Biz də Kənd Təsərrüfatı Nazirliyi olaraq avqustda yerli və xarici şirkətlərin də qatıldığı tender keçirdik. Ən uyğun variant Çindən təklif edildiyinə görə, tenderin qalibi o şirkət oldu. Nazirliyin mütəxəssisləri Çində səfərdə olaraq həmin tingliklərdə olublar. Yerli şəraitə iqlim uyğunluğu da nəzərə alınaraq tinglərin alınıb ölkəyə gətirilməsi qərara alındı. Əsas məqsədimiz ondan ibarətdir ki, yerli şəraitə uyğun barama üçün nəzərdə tutulan tinglərdir. Yarpaqları yumşaq olur, daha məhsuldar barama yetişməsinə səbəb olur. Müqavilə bağlanıb və 1 milyon 500 min ədəd tut tingi gətirilib. Calaqaltı soyuğadavamlı tut bitkilərinin tingləri olub, calaqüstü ipəkqurdunu bəsləmək üçün yumşaq və məhsuldar, geniş yarpaqlı tut bitkisinin calağı olub. Tinglər də Prezident Administrasiyasının bölgüsü əsasında rayonlara paylandı. Bizdə keçmişdən baramaçılıqla daha çox məşğul olan rayonlar var, onlara bölgüyə uyğun şəkildə ting paylanıb. Hazırda üç mütəxəssis Çindən gəlib rayonlarımızda əyani surətdə insanlara tinglərin necə əkilməsini göstərirlər. Kömək olurlar ki, gələcəkdə yaxşı məhsul götürmək mümkün olsun”.
İmran Cümşüdov konkret olaraq bir tingə verilən məbləği açıqlamasa da, nəqliyyat xərci ilə birgə bu məqsədlə 600 min manat ayrıldığını diqqətə çatdırdı. O, həmçinin bildirdi ki, bu il əkilən tinglər elə bu il də istifadəyə yararlı olacaq: “Bu il əkilir, bir il sonra yarpaq vermə vəziyyətinə düşür. Bu il də onun yarpaqlarından istifadə olunacaq. Növbəti il tam məhsuldar dövrü olacaq”.
Onun sözlərinə görə, ötən il ölkədə 71 ton barama becərilib: “Bu il 200-250 ton barama becərilməsi gözlənilir. Gətirdiyimiz tinglər kifayət edəcək. Hədəf sovet dövründəki kimi becərilməni 5 min, 6 min tona çatdırmaqdır. Eyni zamanda yerli ting istehsalı ilə də məşğuluq. İstəyirik ki, növbəti illərdə tinglərə olan tələbatımız yerli istehsalla ödənilsin. Bizdə baramaçılıq tənəzzülə uğradığına görə, ötən il də İrandan və Çindən barama toxumu gətirmişik, az miqdarda özümüzdə vardı. Yaxın illərdə özümüzü hibridlə də təmin edəcəyik. Bu sahə prioritetdir. Bölgələrdə insanlar barama qurdunu hansı qaydada becərməli olduqlarını bilirlər. Baramaçılıq insanların sosial vəziyyəti üçün də vacibdir”.
Qeyd edək ki, musavat.com bir müddət əvvəl ölkədə baramaçılıqla bağlı vəziyyəti araşdırıb. Bu il bərpasına başlanan baramaçılıqdan ölkənin gözləntilərinin kiçik olmadığı məlum olub. Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzindən bildirilib ki, sovetlər dağılandan sonra bu sahə sıradan çıxsa da, onlar araşdırmalarını davam etdiriblər. Bu il isə rayonda aqrokompleks yaradılması nəzərdə tutulsa da, reallaşmayıb. Ancaq baramaçılığın bərpasına başlanıb. Həmçinin bildirilib ki, Şəkidə və digər rayonlarda əvvəllər ipək qurdunu bəsləmək üçün yüz hektarlarla tut sahələri vardı, ağaclar əkilmişdi. Sonradan bu ağaclar kəsilib. Bu il verilən qurdlar o dövrdəki kimi çox deyil, ona görə də bəsləmək mümkün olub. Tut ağaclarının artırılması da planlaşdırılır. “Özümüz də ting yetişdirə bilərik. Bu, baha almaqdan yaxşıdır”,- deyə mərkəzdən bildirilib. Qeyd edək ki, dövlət başçısının göstərişi və Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə bu il İrandan 19,5 kiloqram, Çindən isə 30 kiloqram ipəkqurdu toxumu gətirilib və dirildilərək respublikanın 24 rayonuna paylanıb.
Ekspertlər isə bildirirlər ki, bu sahəyə dəstək olsa, inkişaf etdirmək mümkündür. Sovet dönəmində Azərbaycan SSRİ-də bu sahədə ikinci yeri tutub. Bu il isə bildirilənə görə, bələdiyyə və icra nümayəndələri ipəkqurdunu əksər hallarda zorla camaata paylayıblar. Tut ağacları kifayət qədər olmadığından, insanlar ipəkqurdu yetişdirməyə risk etməyiblər. Məsələn, Şəkidə az sayda insan barama yetişdirməyə razılaşıb, aidiyyəti qurumlar inzibati metodlardan istifadə edib baramaçılığı inkişaf etdirmək istəyirlər.
İllərdir kənd təsərrüfatı ilə məşğul olan Şahin Nəcəfov isə musavat.com-a açıqlamasında bildirib ki, istənilən məhsul 2-3 il sonra məhsul verir: “Birillik bitkinin yarpağını kəsmək olmaz, azı 2-3 illik olmalıdr ki, məhsulundan istifadə edilsin. Birinci il yarpaqları kəsilsə, ağaclar məhv olar, inkişafı gecikər. Bitkilər yarpağı ilə nəfəs alır. Əkilən tinglərin yarpaqlarından 2-3 il sonra istifadə oluna bilər. İndi ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün şərait var. Bu ilə qədər isə işlərin heç biri görülməyib. İndi xaricdən ting gətirilmə kiməsə sərf edir. Çünki pul var. Rayonlarda, Tərtərdə, Bərdədə insanlar təsərrüfatlarında tinglər yetişdirirlər, böyük şitilxanalar var. O tingləri ölkədəki şitilxanalarda da yetişdirmək olardı”.
Qeyd edək ki, ekspertlər tut ağaclarının artırılmasının vacibliyini vurğulayırlar. Bildirilir ki, tinglər ölkədə də yetişdirilə bilər. Rayonlardan gələn xəbərlərdə isə bildirilir ki, 2016-cı ildə tut ağaclarının azlığı səbəbindən əksər insanlar tut yetişdirməkdən imtina ediblər. Bu il toplanan barama isə Şəki İpək Fabrikinin cəmi üç aylıq tələbatıdır.
Cia.az
