|
“Poroşenko düz deyir, SSRİ dağılıb, amma...”
Ukrayna prezidenti Pyotr Poroşenkonun Sovet İttifaqının dəfn olunmaması ilə bağlı fikirləri MDB məkanında ciddi müzakirə mövzusuna çevrilib. Polşada “Liderlik forumu” çərçivəsində keçirilən konfransda çıxışı zamanı prezident deyib ki, “Sovet İttifaqı nə sənəddə, nə də Belovej cəngəlliyindədir. Sovet İttifaqı başlardadır. Və açıq danışdığım üçün üzr istəyirəm, Ukrayna indi bəzilərinin başlarında olan Sovet İttifaqının dəfn olunması üçün vuruşur, çünki müharibə üçün bir bəhanə mövcud deyil”. 

Poroşenko əlavə edib ki, 25 il əvvəl Ukrayna müstəqillik əldə edib: “Sovet koloniya keçmişinin yeni və köhnə versiyaları, dəqiq bizim üçün deyil. Bizim üçün olan Avropanın birliyidir”.

P.Poroşenkonun SSRİ-nin başlarda hələ də mövcud olması ilə bağlı dedikləri ölkəmiz üçün də tanış səhnədir. Belə ki, xalq arasında, xüsusilə, yaşlı təbəqə nümayəndələri tərəfindən bu cür fikirlər hər zaman səslənir. Buna səbəb kimi, əhalinin sosial durumu göstərilir. İşsizlikdən, evsizlikdən, maddi durumdan əziyyət çəkənlər keçmişə boylanır, sovet dövründə bu cür halların az olduğunu qeyd edirlər. 
 
Xalq hərəkatının öncül isimlərindən olan, VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, insanlara xas olan bir cəhət var: “İnsanlar daim keçmişlərinin xiffətini çəkirlər. Keçmiş həmişə uşaqlıq, gənclikdir. Keçmiş geri qayıtmayan yaşanan bir ömürdür. Gələcək isə naməlumdur. Buna görə də insanlar keçmişlə yaşamağı sevirlər. XX əsrin 20-ci illərində Rusiyada baş verən inqilabdan sonra insanların çox hissəsi inqilabdan əvvəlki Rusiyanın xiffətini çəkirdilər. Bir müddət sonra onların çoxu mühacirətə getdilər, 1937-ci ildə güllələndilər. Bu baxımdan belə fikirlərin olması təbiidir. Tarixin bütün dövrlərində buna bənzər hadisələr olub. SSRİ-ni Rusiya qurmuşdu. SSRİ adlanan məkan Rusiyanın bir çox xalqları zorla özünə birləşdirmək üçün ilhaqçı siyasətinin nəticəsi idi. SSRİ-nin dağılması əslində Rusiyanın qazandıqlarından imtinası demək idi. Rusiya isə bundan imtina etmək istəmir. Yenə də  ”bəlkə qaytardıq" psixologiyası Rusiyada hələ də yaşayır. Bütün vasitələrlə indinin özündə Rusiya bunu tətbiq edir. Dövlətlərin iqtisadi çətinliklərindən, müharibələrdən, öz yaratdığı münaqişələrdən istifadə edir. Münaqişələri ona görə yaradıblar ki, həmin ölkələr Rusiyadan qopmasınlar. Bunun üçün xalqlar arasında SSRİ-nin xiffətini yaratmaq istəyir. Çalışırlar ki, xalqlar o dövrü yaşasınlar, yenidən onun geri qayıtmasını istəsinlər. Təəssüf ki, yeni yaranmış respublikalarda kommunistlər, Moskvadan yararlanmış  şəxslər, Rusiya sayəsində adam olanlar, xüsusilə etniklər buna çalışırlar. Etnikləri Rusiya hər bir yerdə yerli xalqdan önə çıxarırdı. Çalışırdılar ki, həmin etniklər rus dilində təhsil alsınlar. Bu şəxslər Rusiyanın qayıtmasına sevinərlər. Ona görə də, bir çoxu övladlarını rus dilində oxudur, təhsil almaq üçün Rusiyaya göndərir, milli hökumətə xidmət etməkdənsə Moskvaya xidmət etməyə çalışırlar. Bu meyllərin olması bir reallıqdır. Amma bunların heç biri müstəqilliyi əvəz edə bilməz. Ev problemini bəzən önə çəkirlər. SSRİ dövründə evlə təmin olunmağın daha asan olduğu deyilir. Amma indiki dövrü o dövrlə müqayisə etmək olmaz. Bakıda nə qədər istəyirsən ev var, boş evlər də var. Kimsə istəsə, istənilən yerdə ev tikə bilər. Bürokratik çətinliklər də olsa, bunu sovet dövrü ilə müqayisə etmək olmaz. İqtisadi cəhətdən düzdür, əhalinin çətinlikləri var. Lakin yenə də bunu SSRİ dövrü ilə müqayisə etmək olmaz".
 
S.Rüstəmxanlı yaşlı təbəqə arasında bu cür fikirdə olanlara sərt münasibət sərgilədi: “O şəxslərə Musa Peyğəmbər kimi adam lazımdır. Onları səhraya aparıb, susuz çöllərdə gəzdirsin, onlar da köhnə zamanı unudub, müstəqilliyin qədrini bilsinlər. Həmin şəxslər ona görə keçmişi unuda bilmirlər ki, Moskvada oxuyublar, öz ana dillərini bilmədən, vətənə xidmətləri olmadan Rusiya onları irəli çəkmiş, yüksək vəzifələr vermişdi. Onlar da Rusiyaya daha yaxşı xidmət etdiklərinə, adət-ənənələrindən uzaqlaşdırlarına görə təltif olunurdular. O dövlətin hesabına irəli getmişdilər. Əlbəttə onlar üçün indiki dövrdə yaşamaq çətindir. Onların üzündən, yazılarından bunu sezmək çətin deyil. Həmin şəxslərin içərisində övladları Qarabağ savaşına getməyən, amma II Dünya Müharibəsində Berlinə qədər savaşanlar var. Bu baxımdan Rusiya ilə bağlılıqları qalır. Sosial durumun aşağı olması halları da burada var. Ola bilər ki, SSRİ dövrü onlara daha cazibədar görünsün. Amma prinsipcə müstəqilliklə o dövrü bütün sahələrdə müqayisə etmək olmaz. Poroşenko düz deyir, SSRİ dağılıb, amma onun ruhu, xatirəsi, gizli gücləri, kəşfiyyat orqanları, münaqişə yaratmaq istəkləri hələ də yaşayır. Demokratik cəmiyyət qurulmalı, iqtisadiyyat inkişaf etdirilməli idi ki, heç kəs köhnə günlərin xiffətini çəkməsin. Bu da müəyyən vaxt istəyir. Yəqin ki, müəyyən vaxtdan sonra bunlar qaydasına düşəcək”.

Cia.az