|
İsrailin baş nazirinin səfəri ərəfəsində təhlükəsizlik təhdidi...
İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycana rəsmi səfər edəcək. Rəsmi açıqlamalara görə, o, Azərbaycanda bir gün qalacaq, növbəti gün isə Qazaxıstana yola düşəcək.

Bu səfər B. Netanyahunun baş nazir kimi hər iki ölkəyə ilk səfəri olacaq.
 
Azərbaycana səfəri zamanı o, prezident İlham Əliyevlə görüşəcək. Səfər çərçivəsində iqtisadi sahədə əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.

Bəs səfər çərçivəsində Azərbaycanda təhlükəsizlik tədbirləri necə alınıb?
 
Öncə qeyd edək ki, dekabrın 1-də Keniyada İranın iki vətəndaşına qarşı terror aktları törətmək üçün informasiya toplamaq ittihamı irəli sürülüb.
 
 “AssociatedPress”in məlumatına görə, iranlılar Azərbaycanda İsrail obyektlərinə qarşı terror aktları planlaşdırırmışlar. Bildirilir ki, İran casusları Azərbaycanda, Tailandda və Hindistanda İsrail obyektlərinə qarşı terror təşkilində şübhəli bilinirlər. O da qeyd edilir ki, bu, ilk dəfə deyil ki, Keniyada terrorizmdə şübhəli bilinən İran vətəndaşları saxlanılır və həbsə məhkum edilir. 
Konkret olaraq Azərbaycana gəlincə, illər öncə Bakıdakı İsrail səfirliyi ilə bağlı da oxşar xəbər yayılmışdı. Bəllidir ki, Bakının yəhudi dövləti ilə isti münasibətləri heç vaxt Tehranı qane eləməyib. Xüsusən də İsraillə Azərbaycan arasında son illər hərbi və hərbi-texniki sahədə genişlənən əməkdaşlıq cənub qonşumuzu ciddi narahat etməkdədir.
 
Bundan arada Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-də Binə Ticarət Mərkəzi yaxınlığında Emin Cami adlı terrorçunun saxlanılması üzrə əməliyyat tədbiri həyata keçirilərkən, sonuncu müqavimət göstərərək üzərində olan “şəhid kəməri”ni partlatmağa cəhd edib. O, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

Bir məqamı da qeyd edək ki, İranın “Anaj” xəbər agentliyinin məlumatına görə, Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Təbrizdə baş tutan cümə namazında bildirib ki, Bakı İsrail baş naziri Benyamin Netanyahunun səfərinin qarşısını almalıdır...

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a söyləyib ki, belə bir şəraitdə İsrail təhlükəsizlik orqanları da məsələyə qarışacaqlar:
 
“İlk olaraq onu qeyd edim ki, İranın qarşısından neçə illərdir hansısa geopolitik məqsədlərə görə hər zaman qaçmışıq. İsrail buna çox anlaşıqlı yanaşıb. Yenə də yaxşı ki, İsraillə münasibətlərimiz bu günə qədər pozulmayıb, normal olaraq davam etdirilib. İsrail baş nazirinin də Azərbaycana gəlməsi çox uğurlu bir hadisədir. İran bəyan etsə də, etməsə də onun bütün təhdidlərinə qarşı hazır olmaq lazımdır. Çünki İsraillə bağlı hər hansı addım atılan zaman İran maksimum çalışır ki, burada hansısa bir  terror hadisəsi törətsin.  Bu məsələdə adətən bizim öz vətəndaşlarımızdan istifadə edirlər. Hələ ki, konkret olaraq terror məqsədi ilə İran vətəndaşlarından istifadə etməyiblər. Ola bilsin ki, baş nazir səviyyəsində səfər varsa, Azərbaycanı təhdid etmək üçün öz vətəndaşlarından da istifadə etsinlər. Düşünürəm ki, hələ də terror təhlükəsi qalır. Bu təhlükə qaldığına görə də baş nazirin səfəri ərəfəsində Dövlət Təhlükəsizlik Xidməti, təhlükəsizliklə məşğul olan bütün təşkilatların vəzifəsidir ki, maksimum şəkildə qabaqlayıcı, önləyici informasiyalar alsınlar. Hər halda İran bu istiqamətdə çox məkrlidir. Hesab edirəm ki, Azərbaycana bu işdə ən çox köməyi elə İsrailin özü edəcək. Çünki İsrail xüsusi xidmət orqanları xüsusilə müsəlman ölkələrində terrora cəhddən ən birinci xəbər tutanlardandır. Hər halda hər iki tərəfin birgə əməkdaşlığı nəticəsində  hesab edək ki, bu proses hadisəsiz baş tutacaq”.
 
Ekspert bildirib ki, əgər İran bizim İsraillə olan əlaqəmizi qısqanırsa, o zaman İranın Ermənistanla olan əlaqələri də ortaya qoyulmalıdır:
 
“Əgər bizim İsraillə əlaqələrimizin kəsilməsi tələb olunursa, o zaman İrandan da Ermənistanla olan bütün əlaqələrini kəsmək tələb olunmalıdır.  Bu da mümkün deyil. Mümkün olmadığı üçün də xarici diplomatiyamız bu məsələni gərək daha öncədən həll edərdi. Hesab edirəm ki, nəyinki hazırkı əlaqələrlə kifayətlənmək lap səfirlik də açılmalıdır. Nə üçün bizim səfirliyimiz İsraildə olmamalıdır?”.
Cia.az