|
XİN Rusiyanın Qarabağ probleminin həlli ilə bağlı təşəbbüsünü DƏSTƏKLƏDİ

“Yeni xarici siyasət konsepsiyasında Rusiya tərəfindən digər həmsədr ölkələrlə qarşılıqlı fəaliyyət şəraitində Dağlıq Qarabağ münaqişəsinin həllinin prioritet vəzifələr sırasında müəyyən olunmasını alqışlayır və təqdir edirik”.

Bunu Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: “Konsepsiyada münaqişənin həlli prosesində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının 2009-2013-cü illərdə verdikləri bəyanatlarında ifadə olunan prinsiplərin əsas götürüldüyü qeyd olunur”.

 

XİN rəsmisinin sözlərinə görə, bu bəyanatlarda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində xüsusilə mövcud status-kvonun qəbuledilməzliyi və qeyri-davamlı olduğunu vurğulayırlar:

 

“Azərbaycan tərəfi Prezidentlərin Sankt-Peterburq görüşündə aparılmış müzakirələrə uyğun olaraq , Rusiya və ATƏT Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli, qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonun tezliklə dəyişdirilməsi istiqamətində konstruktiv addımlarını davam etdirəcək”.

Cia.az