“Siqaret çəkmək qadağandır!” Bu sərlövhəni əksər restoranlarda, kafelərdə, ümumiyyətlə, qapalı məkanların demək olar, əksəriyyətində görürük. Ancaq bir çox restoranlarda buna məhəl qoyulmadığının da şahidi oluruq. Ailəvi restoranlarda, kafelərdə bəzən siqaret tüstüsündən göz-gözü görmür. Demək olar ki, bütün istirahət və əyləncə məkanları siqaret havasında çalışır. Hətta uşaqlar üçün nəzərdə tutulan əyləncə məkanlarında da bu məsələyə ciddi yasaq yoxdur.
Xatırladaq ki, ötən il Milli Məclisdə qapalı məkanlarda siqaret çəkməyi qadağan edən qanun layihəsi müzakirəyə çıxarılsa da, bunun müsbət nəticəsi olmadı. Görünür ki, siqaret monopolistləri bu qadağanın qüvvəyə minməsində maraqlı deyillər. Milli Məclisin ötən iclasında bu məsələ yenidən gündəmə gətirilib.
Azərbaycandan fərqli olaraq digər dövlətlərdə isə qapalı məkanlarda siqaret çəkənləri ağır cəzalar gözləyir. Məsələn, bu ilin yanvarından Türkmənistanda tütün məmulatlarının satışı ilə mübarizə çərçivəsində dövlət səviyyəsində aparılan kampaniyadan sonra siqaretlər satışdan yığışdırılıb. Paytaxt Aşqabadda satış obyektlərində yoxlama aparılıb və sahibkarlar tütün məmulatları satışına görə 1700 dollar cərimə ilə hədələniblər. Siqaretin qiyməti 1,5-2 dəfə artıb.
Qeyd edək ki, bu ölkədə hələ 2000-ci ildə küçələr də daxil olmaqla, bütün açıq, qapalı ictimai yerlərdə siqaret çəkmək qadağandır. Hətta qonşu İranda belə keçən aydan etibarən ictimai yerlərdə siqaret çəkilməsi rəsmi olaraq yasaqlanıb. Qərara əsasən, İranda xəstəxanalar, teatr, hotellər, restoranlar və digər ictimai yerlərdə siqaret çəkilməsi və tütün məmulatlarından istifadə, hətta onun daşınması qadağan olunub. Qaydalar pozularsa, həmin şəxsləri böyük cərimələr və ya cəzalar gözləyir.
Türkiyədə də siqaret yasağı mövcuddur. Türkiyədə park, bağça, alış-veriş mərkəzləri, ibadət məkanları, yürüş yerlərində siqaret çəkmək olmaz. Azərbaycanda ölkədəki kişilərin təxminən 50 faizi gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir. Bu qrupa daxil olan kişilərin 40 faizi gün ərzində, ən azı 1-2 qutu siqaret çəkir. Ümumiyyətlə isə Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 17 faizi siqaret çəkir. Bunların 0,4 faizi 15-19 yaş, 15,2 faizi 20-44 yaş, 24,1 faizi 45-64 yaş, 16,6 faizi də 65 yaşdan yuxarı olanlardır. 15 yaşdan yuxarı olan kişilərin 35,5 faizi siqaret çəkir. Onların da 0,9 faizini 15-19 yaş, 31 faizini 20-44 yaş, 51,8 faizini 45-64 yaşa aralığında, 36,8 faizini də 65 yaşdan yuxarı olanlar təşkil edir.
Deputat Fazil Mustafa bu məsələni parlamentin ötən iclasında müzakirəyə çıxartdığını dedi: “Parlamentin ötən iclasında bu məsələ mənim tərəfimdən gündəmə gətirildi ki, Azərbaycanda neçə müddətdir ki, tütün məmulatlarının qapalı yerlərdə istifadəsi ilə bağlı qərar olsa da tütün sahəsinin inhisarını əlində saxlayan yaxud da bu sahəyə maraqlı olan qüvvələr qanunun qəbul olunmasında maraqlı deyillər. Yəni buna mane olurlar. Bu da açıq-aşkar onu göstərir ki, millətin bütövlükdə bu zərərli vərdişdən qurtarmaq üçün qarşısını almaq əvəzinə daha çox müəyyən qazanc əldə etmək niyyəti güdülür. Bu qanun layihəsi qəbul olunsa, elə belə qadağandır yazmaqla məsələ həll olunmur. Burada bilavasitə maddi məsuliyyət məsələsi qoyulmalıdır. Misal çəkdik ki, Türkiyədə məhz bu qadağaya görə siqaret çəkənlərin sayı 10 dəfəyə qədər azalıb.
Bu, çox zərərli bir vərdiş olduğuna görə aradan qaldırmaq vacibdir. İndi müxtəlif kafe-restoranlarda yazırlar ki, siqaret çəkmək qadağandır. Amma bu qadağaya əməl edən yoxdur. Adamlar siqaret çəkməyə görə 70-100 manat cərimə olunsa, məcbur olub qadağanı pozmayacaq. Bunun yeganə yolu budur. Mən hətta parlamentin ötən iclasında xanım millət vəkillərinə müraciət etdim ki, onlar bu işə öz ağırlıqlarını qoysunlar. Bunun bir kampaniya kimi həyata keçməsinə köməklik göstərsinlər. Parlamentin vitse-spikeri Bahar Muradova da bildirdi ki, bu həm də maddi ziyandır, biz də bunu dəstəkləyirik. Ona görə də, məncə, bu məsələ aktual müzakirə olunası məsələdir və mətbuatın da bu məsələdə dəstək verməsi vacibdir ki, qapalı yerlərdə ümumiyyətlə siqaret çəkmək qadağan olunsun”.
Xatırladaq ki, ölkəmizdə siqaretlərin bir qisminin qiymətində yenidən təqribən 5-17 faiz artım müşahidə edilir. Satış mərkəzləri qiymət artımına səbəb kimi dolların manata nisbətən hər gün bahalaşmasını göstərirlər. Artımla siqaretlərin hazırkı qiyməti bu cürdür:
Winchester (compact) yeni qiymət 1.70 AZN (əvvəlki qiymət 1.60 AZN), Winchester (qalın qutu) - 1.50 AZN (1.40 AZN), West (qalın qutu) - 1.70 AZN (1.60 AZN)
West (compact) - 1.90 AZN (1.80 AZN), More - 1.50 AZN (1.40 AZN), Yava - 1.50 AZN (1.40 AZN),
Viceroy (compact) - 1.70 AZN (1.60 AZN),
Rothmans (compact) - 1.90 AZN (1.80 AZN),
Classic (compact) - 1.70 AZN (1.60 AZN),
Classic (uzun) - 1.80 AZN (1.70 AZN) Classic (qalın qutu) - 1.60 AZN (1.50 AZN),
Prima - 1.40 AZN (1.20 AZN).
İqtisadçı ekspert Natiq Cəfərli siqaretlərin qiymətinin yenidən bahalaşmasının sırf məzənnə ilə bağlı olduğunu dedi: “Siqaret Azərbaycan yazıları ilə satışa çıxsa da, yerli istehsal deyil. Yəni onun xammalı da, istehsalı da xaricdə olur. Sadəcə olaraq, Azərbaycan üçün nəzərdə tutulur. Ona görə də məzənnənin artması, son zamanlar manatın rəsmi məzənnəsinin 1,73-ün üzərinə çıxması və dolların təqribən satışı çox zaman 1.80-lə həyata keçirilir. Bu məzənnə dəyişikliklərinə görə də siqaretin qiymətində artım müşahidə olunur. Amma bazarın özü tamamilə inhisarçı bir bazardır. Yəni bir şirkətin ciddi dominant olduğu bir bazardır”.
musavat
