Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin noyabrın 29-da keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputatlar əsasən Rusiya-Ermənistan hərbi əməkdaşlığından danışıblar və Kremlin bu siyasətinə etiraz ediblər.
Deputat Qüdrət Həsənquliyev bildirib ki, Ermənistanın arxasında Rusiya dayanır və biz Qarabağ problemini ona görə çözə bilmirik ki, onu Moskva müdafiə edir. Bu, Azərbaycanla indiki münasibətlərin səviyyəsinə uyğun gəlmir: “Mən həmişə Rusiya ilə münasibətlərin normallaşmasının tərəfdarı olmuşam. Amma nə belə vasitəçi, nə də strateji tərəfdaş olmaz. Rusiyaya Milli Məclis olaraq müraciət etməliyik ki, sən bizdən nə istəyirsən? Əgər Rusiya Ermənistana dəstək verəcəksə, biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Azərbaycanda 90 min şagird rusca təhsil alır. Ancaq Rusiya işğalçını müdafiə edir. Rusiya ya vasitəçi kimi bitərəf mövqeyini saxlamalıdır, ya da Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq”.
Deputat Fərəc Quliyev də Rusiyanın Ermənistana dəstəyinə etiraz olaraq addımlar atılmasının vacibliyini bəyan edib.
Deputat Asim Mollazadə də çıxışında bildirib ki, Ermənistan Rusiyanın hərbi əyalətidir. Biz artıq danışıqları Ermənistanın sahibləri ilə aparmalıyıq. Minsk Qrupu Azərbaycanla Rusiya arasında vasitəçilik etməlidir. Azərbaycanla Rusiya arasında sazişə əsasən Rusiya ərazisində yaşayan 366-cı alayın nümayəndələri, uşaq qatilləri cəzalandırılmaq üçün Azərbaycana təhvil verilməlidir: “Rusiya bu sazişlə bağlı addımlar atmasa, biz bu sazişin tam pozulduğunu bəyan etməliyik”.
Deputatların Rusiya ilə münasibətlərə yenidən baxılması məsələsini qaldırmasına politoloq Qabil Hüseynli “Yeni Müsavat”da şərh verib. Q.Hüseynli bildirdi ki, deputatların Rusiya ilə bağlı məsələ qaldırmasını anlaqlı qarşılamaq lazımdır: “Biz dəfələrlə Rusiyanın Ermənistana hər cür dəstək verdiyinə etiraz edəndə həmin deputatlar bu mövqeyi bizim qədər açıqlıqla, kəskinliklə qaldıra bilməzdilər. Çünki deputatlar da bir növü dövlət adamı kimi qəbul edilirlər. Dövlət nümayəndələri isə dövlətin digər strukturları hərəkətə gəlmədən fərdi şəkildə bunların hərəkətə gəlməsi nadir hallarda mümkündür. O zaman belə bir illüziya var idi ki, Rusiya Qarabağ məsələsində obyektiv davranacaq və bizə münasibətdə qərəzə yol verməyəcək. Amma zaman keçdi və bu ümidlər heçə çıxdı. İndi ayılma dövrü baş verir. Zənnimcə, deputatların danışmasına dövlət səviyyəsində izn var, danışmaq tövsiyə edilir. Deputatlar da bundan istifadə edərək həqiqətləri söyləməyə başlayıblar. Bu, düzgün addımdır, ictimai fikri həqiqətlərə kökləmək lazımdır”.
Q.Hüseynli fikrinə davam edərək vurğuladı ki, Rusiya qırmızı xətləri artıq çoxdan keçib və Azərbaycanın həm milli maraqları, həm strateji maraqları üçün təhlükə yarada biləcək addımlar atmağa başlayıb. İşğalçı Ermənistan “İsgəndər M” raketləri, digər müasir silahlar verməyin, Ermənistanla birgə hərbi birləşmələr yaratmağın başqa adı yoxdur. Məhz Rusiyanın bu qədər dəstək addımlarıdır ki, Serj Sərkisyan bir neçə gün öncə Azərbaycanı hətta Bakını da tutmaqla təhdid edən çıxış elədi: “Sərkisyanı qudurdan məhz Rusiyanın Ermənistana qeyd etdiyim dəstəyidir. Belə olan tərzdə əlbəttə ki, Azərbaycanın səbrinin bir bitən vaxtı olmalıdır və Rusiyaya etirazımızı bildirməli idik. Sərkisyanın havadarlarını dövlət səviyyəsində tənqid etməyin vaxtı çatıb. Gürcüstan torpağı işğal edilsə də Rusiya ilə münasibətlərdə bəlli bir prinsipləri qoruyub saxlayır, çəkinib eləmədən yeri gələndə Rusiyaya ciddi etirazını bildirməyi bacarır. Əlbəttə ki, Rusiya Azərbaycanın qonşusudur. Biz çox istərdik ki, Rusiya ilə münasibətlər qaydasında olsun, Rusiya Azərbaycanın geosiyasi mövqeyinə hörmətlə yanaşsın, bu iki dövlət arasında yaxşı qonşuluq münasibətləri mövcud olsun. Azərbaycan bu missiyanın özünə aid olan hissəsini illərdir şərəflə yerinə yetirib. Lakin qarşı tərəfdən biz adekvat cavab ala bilmirik. Biz Rusiya ilə yaxınlaşmaq xətti götürdükcə, Rusiya Ermənistana dəstəyini daha da artırır. Hər şey açıq-aşkar ortadadır. Rusiya Ermənistan vasitəsilə bizə əzələ nümayiş etdirir. Belə bir vəziyyətdə Azərbaycanın Rusiyaya etiraz etməsindən, münasibətlərə yenidən baxmaq məsələsini qaldırmaqdan başqa yolu qalmır. Artıq Azərbaycan hakimiyyət orqanları sanki hərəkətə keçmiş kimi görünürlər. Milli Məclis üzvlərinin bu mövzuda danışmaları, məsələ qaldırmaları bunun hələ ilk nümunələridir. Güman edirəm ki, yaxın gələcəkdə Rusiyanın davranışları ilə bağlı daha yüksək səviyyələrdə münasibətlər bildirilə bilər”.
Azərbaycan Milli Məclisindən Rusiyaya etiraz, Rusiya ilə münasibətlərə yenidən baxılması məsələsinin deputatların dili ilə qaldırılmasına Moskvanın necə reaksiya verəcəyinə gəldikdə, politoloq dedi ki, Rusiya Azərbaycandan olan bu etirazları təkəbbürlə qarşılaya bilər: “Rusiyanın mediasında tənqidi yazılar da meydana gələ bilər. Kreml Azərbaycan parlamentinin narahatlığını qulaqardına vura, saymazlıq edə bilər. Amma hər bir halda Azərbaycan öz haqlı mövqeyində qalmalıdır. Əgər Azərbaycan parlamenti həyəcan siqnalı verirsə, bu həyəcan siqnalı bütün cəmiyyətə yayılmalıdır və Rusiya Azərbaycan cəmiyyətinin ovqatını dəqiq başa düşməlidir. Rusiya bizi Ermənistanla onsuz da həmişə təhdid edir. İndi də etsə Ermənistanın cavabını verməyə Azərbaycanın gücü kifayət qədərdir”.
Cia.az
