Tarif Şurasının bahalaşma qərarı Milli Məclisin deputatları tərəfindən də birmənalı qarşılanmayıb. Maraqlıdır ki, əksər deputatlar qərarı alqışlayıb və qiymət artımının sadə vətəndaşa təsir etməyəcəyinə əminliyini ifadə edib. Ancaq əksini düşünən deputatlar da var.
Deputat Bəxtiyar Sadıqov musavat.com-a açıqlamasında bildirib ki, bu qərar zərurətdən yaranıb:“İstənilən bahalaşma heç kimin ürəyindən olmur. Yəni bütün hallarda əlavə xərc ailə büdcəsinə təsir göstərir. İnsanlar yenidən düşünməlidir ki, haradan kəsib, haraya yapışdırsınlar. Amma bəzən qiymət artımı zərurətdən doğur. Yəni Azərbaycan dünyanın bir parçasıdır. Azərbaycan dünyaya inteqrasiya olunmuş dövlətdir və dünyada gedən proseslər Azərbaycana da təsir edir. Bu gün həmin proseslərin mənfi təsirlərini, ölkə iqtisadiyyatına ziyanını azaltmaq üçün belə bir addım atılır. Amma bu addımı atmaqdan öncə ölçülüb-biçilib və çalışılıb ki, insanların ailə büdcəsinə mümkün qədər az təsir göstərsin, yaxud heç təsir göstərməsin.
Ona görə də limit müəyyənləşib. Yəni əslində sosial cəhətdən müdafiə ehtiyacı olan ailələr elə mənzillərdə yaşayırlar ki, elektrik enerjisi və təbii qazdan elə istifadə edirlər ki, o limiti nəinki keçmək, heç ona çatmırlar da. Yəni daha böyük sahələrdə yaşayan, bir neçə mərtəbəli villaları olan, yaxud istehsal sferası ilə məşğul olanlar limiti keçəcəklər. Tarif Şurasının bu qərarında hər iki qütb nəzərə alınıb. Belə bir ”planka" müəyyən olunub ki, buradan yoxsul ailələr qiymət artımından heç bir ziyan görməyəcəklər. Yəni həmin o həddi onsuz da onlar keçmirlər. O biri tərəfdən isə israfçılar, istehsalla məşğul olanlar yəqin ki, bir qədər artıq pul xərcləməli olacaqlar. Bütövlükdə bu, zərurətdən irəli gəlir, ölkənin maliyyə sabitliyini qoruyub saxlamaq üçün atılıb. Azərbaycan xalqı anlaşılan şəkildə qəbul edir və hesab edirəm ki, qənaət etməklə bu ağırlığı heç hiss etməmək də mümkün olar".
Deputat Zahid Oruc isə musavat.com-a deyib ki, tariflərin dəyişdirilməsi məcburiyyətdir: “Bunu büdcə müzakirələri zamanı da dedim. Biz uzun illər ərzində enerji sektorunda idarəetməyə verilmə məsələsini qaldırarkən məhz postneft dövrünün çətinliklərini göz altına alırdıq. Ona görə də həmin sektorda real addımlar atılmadığı təqdirdə, hökumətin tarif siyasətinə getməsi məcburiyyət kimi görünəcək. Halbuki zamanında burada nələr etmək mümkün idi? Biz nəzərə almalıyıq ki, elektrik enerjisi sahəsində əsas maya dəyərinə təsir göstərən amillərin hamısı ölkəmizlə bağlıdır. Elektrik enerjisinin tərkibində şərti yanacaq vahidi olaraq, mavi yanacaq iştirak edir. Həmçinin ötürücü güclər üçün lazım olan stansiyaların qurulması da Azərbaycandadır, kadr zavodları da bizim ölkəmizdə yerləşir. Yaxud qaz sektoru üçün dəmir filizi istehsalı da Azərbaycandadır. Belə olan təqdirdə, biz bu sektorun enerji istehsalına aid olan bazislərin kənardan gəlmədiyi halda artımını anlaşılmaz qarşılayırıq. Düşünürük ki, atılan addım əslində daha bir sıra sahələrdə qiymət artımlarını yaradacaq. Həm psixoloji faktorlar burada güclü rol oynayacaq. Eyni zamanda iqtisadi amillər rol oynayacaq. Bu kvotadan kənarda qalan əhali qrupları, müəssisələr avtomatik olaraq öz məhsullarında yeni xərclərini qarşılamağa çalışacaqlar. Biz bu gün müqayisə edib onlarla ölkədə tariflərin aşağı olduğunu deyə bilərik. Amma bu, əsas mənzərəni görməyə həlledici olmayacaq. Çünki müxtəlif məsələləri ifadə etməliyik. Orta aylıq əməkhaqlarını, aylıq enerji sərfiyyatının normasını və sairəni nəzərə almalıyıq. Ona görə bu gün vətəndaş bir sıra ciddi iqtisadi, sosial təhdidlərin altında olduğu zamanda belə bir qərarın verilməsi onları əlavə problem qarşısında qoyur. Yəni son iki devalvasiya iki yüz mindən artıq vətəndaşın məhkəmə ilə çəkişməsinə səbəb olub. Biz maliyyə, bank sektorunda sabitləşməni yaratmasaq, iqtisadiyyatın normal xətt üzrə inkişafını əldə edə bilməyəcəyik. Vətəndaşlar bu gün maliyyə sahəsində qeyri-sabitlik yaşadığı bir dönəmdə enerji siyasətində bəlli dəyişikliklər baş verib. Bu ona da təsir edəcək ki, ünvanlı yardıma müraciət edənlər artacaq. Nə qədər ki, bu sahələrdə özəlləşmə, yaxud idarəetmə yeni qüvvələrə keçməyəcək, tarifə həmişə qayıtmaq məcburiyyəti ortalıqda olacaq. Ona görə də mən bu məsələyə münasibət bildirərkən, parlamentdə hökumətin vətəndaşlarla ciddi dialoq qurmasını, bu etimad vasitəsini əllərində saxlamasını istədim. Ona dair təkliflərimi irəli sürdüm”.
Deputat Rüfət Quliyev isə aznews.az-a bildirib ki, kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək. Onun sözlərinə görə, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək: “Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft Şirkətinə, ”Azəriqaz" və “Azərişıq” İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək". R.Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyəti “kombi” istilik sistemindən istifadə etmir: “Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”.
Deputat Elman Nəsirov hesab edir ki, Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub. Deputat bildirib ki, Tarif Şurası bu qərarı qəbul etməmişdən əvvəl təhlilləri nəzərə alaraq müəyyən araşdırmalar aparıb. O bildirib ki, Tarif Şurasının bu qərarı istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir və bu addım zəruridir.
Deputat Tahir Rzayev Tarif Şurasının sonuncu qərarının aztəminatlı ailələrə o qədər də ziyan vurmadığını düşünür. O hesab edir ki, bu qərar daha böyük obyekti, yaşayış sahələri olan insanlar üçün nəzərdə tutulub: “Əgər kimin imkanı varsa, elektrik enerjisi və qazı çox işlədirsə, həmin şəxslər çox ödəsin. Böyük villaları, bağ evləri olanlar üçün bu qiymət tətbiq olunacaq. Aztəminatlı ailələr istifadə etdikləri 250 kilovat-saat elektrik enerjisi və 1500 kubmetr qaza görə köhnə tariflərlə pul ödəyəcək. Əgər aztəminatlı ailə də nəzərdə tutulandan artıq istifadə etsə, onda çox ödəməlidir”.
musavat
