|
Zərərçəkmiş məhkəmədə Akif Çovdarovun əlaltısına 10 min manat bağışladı

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

“Akif Çovdarovun mono-teatrı”

Akif Çovdarov səhər məhkəmə zalına xeyli gümrah şəkildə daxil oldu. 36 günün “aclığı” generalın səhhətinə arıqlamaqdan başqa zərrə qədər təsir etmişə oxşamırdı.

Günortadan sonra vəziyyət diametral olaraq dəyişdi. 30 dəqiqəlik nahar fasiləsi 90 dəqiqəyə qədər uzandı. Səbəb kimi generalın vəziyyətinin xeyli pisləşməsi göstərilirdi. Vəkili Kamandar Nəsibovun sözlərinə görə, Akif Çovdarovun şəkəri 65-ə düşüb, qan təzyiqi xeyli aşağıdır və bir az da belə getsə, general elə məhkəmə zalında koma vəziyyətinə düşəcək. Lakin...

Bir müddətdən sonra məhkəmə zalına gətirilən Çovdarov heç nə olmayıbmış kimi, keçmiş əlaltılarından biri, təqsirləndirilən Akif Əliyevlə söhbətə başladı və baxılan epizodla bağlı məsləhətlərini verdi.

Vəkillərin gecikmə sindromu

Saat 11-ə təyin olunmuş iclas saat 12:10-da başladı. Daha doğrusu, saat 11:15-də prosesi başlamaq cəhdi edilmişdi, amma 6 vəkildən iclasda yalnız Cavid Rzazadə iştirak etdiyindən, məhkəməyə sədrlik edən hakim Həbib Həsənov fasilə elan etməyə məcbur olmuşdu.

Gecikdiklərinə və bu halın artıq dəfələrlə (əslində, hər dəfə) təkrar olunması üzündən vəkillər Kamandar Nəsibova, Şahin Rəfiyevə (ümumiyyətlə, iclasda iştirak etmədi), Anar Qasımlıya, Sadiq Rəsulova və Elxan Quliyevə xəbərdarlıq edildi.

Şahmar Qurbanovun şikayəti üzrə iki şahid dindirildi

Xatırladaq ki, 2007-ci ildə Akif Çovdarov zərgərlik məmulatlarının hazırlanması ilə məşğul olan “Riyad Prodakşn” MMC-nin direktoru Şahmar Qurbanovu MTN-ə çağıraraq, ondan 500 min dollar gətirməsini tələb edib. Bu məbləği toplamaq üçün zərərçəkən sexini, 4 avtomobilini və evini satmaq məcburiyyətində qalıb. Pulları gətirməyəcəyi təqdirdə, Akif Çovdarov Şahmar Qurbanovu həbs etdirəcəyi ilə hədələyib.

Daha sonra MTN generalı Şahmar Qurbanovdan 4 və 5 karatlıq brilyantlar gətirməsini tələb edib. Ümumi dəyəri 380 min dollar olan zinət əşyalarını alıb soyğunçu Akif Çovdarova vermək üçün zərərçəkən tanıdığı insanlardan borc alıb, həyat yoldaşının qızıllarını satıb.

Bütün bu təqiblərdən bezmiş iş adamı 2011–ci ildə vətənini tərk edərək, Türkiyəyə köçməyə məcbur olub. Biznesini itirməklə yanaşı, müflisləşmiş milyonçu ailəsindən də ayrılıb.

Şahid İradə Vəliyeva bildirdi ki, zərərçəkmiş Şahmar Qurbanovu birgə iş yerindən tanıyır. Belə ki, zərgər şahidin işlədiyi lombardda qiymətləndirici kimi də fəaliyyət göstərirmiş. Günlərin bir günü Şahmar Qurbanov MTN-lə probleminin olduğunu və pula ehtiyacının yarandığını bildirir. İradə Vəliyeva ev almaq üçün topladığı 70 min dolları iş yoldaşına borc verir. Şahmar Qurbanov həmin borcu hissə-hissə təxminən 1 ilə qaytarır və İradə Vəliyevanın ev almaq sevdası baş tutmur: “İndiyə qədər də ala bilməmişəm”.

Şahmar Qurbanovun aldığı pulları və bütün əmlakını sataraq əldə etdiyi vəsaiti MTN-ə və şəxsən Akif Çovdarova verdiyini isə şahid söhbət əsnasında iş yoldaşlarından eşitdiyini bildirdi.

 

Çovdarovun qohumunun yalanı üzə çıxdı

Ötən yazılarımızda Şahmar Qurbanovun şikayəti üzrə epizodda keçmiş MTN işçisi, Akif Çovdarovun qohumu İsgəndər Hüseynovun da şahid qismində dindirildiyini yazmışdıq. İsgəndər Hüseynov demişdi ki, Hindistan vətəndaşı Qrişə olan borcunu ödəmək üçün Şahmar Qurbanov ona məxsus olan mənzillərdən birini könüllü şəkildə İ.Hüseynovun o zamankı həyat yoldaşı Xədicəxanım Hüseynovanın adına keçirib.

Lakin bugünkü iclasda şahid qismində çıxış etmiş Xədicəxanım Hüseynovanın sözlərindən məlum oldu ki, onun bu alqı-satqıdan xəbəri olmayıb və şəxsən buna etiraz edib. İsgəndər Hüseynov isə hansı yollasa həyat yoldaşının özünün iştirakı olmadan, yalnız şəxsiyyət vəsiqəsindən istifadə etməklə mənzili onun adına keçirib.

X.Hüseynova başqa heç bir şeydən xəbəri olmadığını, keçmiş ərinin ona MTN-dəki işləri barədə heç vaxt məlumat vermədiyini dedi.

10 min manatı kim və niyə alıb?

Bu gün məhkəmədə plastik boru istehsalı ilə məşğul olan “METAK” MMC-nin üç vəzifəli şəxsinin təqsirləndirilən Akif Əliyevə qarşı şikayəti ilə bağlı epizoda da baxıldı.

Zərərçəkmiş, şirkətin maliyyə direktoru Fuad Zülfüqarov ifadəsində dedi ki, 2015-ci ilin fevral ayında onun telefonuna MTN-dən zəng daxil olub. Zəng edən şəxs MMC-nin fəaliyyəti ilə bağlı məsələnin araşdırılması üçün onun xüsusi xidmət orqanına təşrif buyurmasının zəruri olmasını bildirib.

F.Zülfüqarov qeyd etdi ki, MTN-in nəzarət-buraxılış məntəqəsinə getdikdən sonra onu düz 10 saat sorğu-sual ediblər və təzyiqlər göstəriblər. Səbəb isə belə izah olunub: “Qazanırsınız, bizi görmürsünüz”. Xeyli dindirmədən sonra idarə rəisi Akif Əliyev zərərçəkmişi başa salıb ki, “söhbəti” 50 min manat gətirməklə bağlamaq mümkündür.

Şirkətin təsisçisi ilə məsləhətləşdikdən sonra maliyyə direktoru Fuad Zülfüqarov 10 min manatı Akif Əliyevə verib və “söhbət” doğrudan da bağlanıb. Hətta sonradan şirkətin əməkdaşı ilə MTN-də idarə rəisi işləmiş Akif Əliyev arasında mehriban münasibət yaranıb və yaranmış bir sıra problemlərlə bağlı “METAK” MMC-nin rəhbər şəxslərindən biri onunla dəfələrlə əlaqə saxlayaraq görüşüb. Keçmiş MTN-lə bağlı həmin iş hələlik istintaq mərhələsindədir və bu məhkəmə baxışının predmeti deyil.

“Mən həmin 10 min manatı Akif Əliyevə bağışlayıram”

İş üzrə digər zərərçəkmiş, “METAK” MMC-nin təsisçisi Alik Kərimovun ifadəsi qısa oldu və indiyədək bu məhkəmədə səslənmiş bütün digər ifadələrdən sülhsevərliliyi ilə fərqləndi.

Alik Kərimov bildirdi ki, 1997-ci ildən bəri bu şirkətin rəhbəridir və iş adamı kimi fəaliyyəti dövründə bir çox problemlərlə və süni əngəllərlə qarşılaşıb. Bu epizoda gəlincə isə, Akif Əliyevi və digər təqsirləndirilənləri ilk dəfə gördüyünü dedi. Akif Əliyevə tərəf baxaraq Alik Kərimov bildirdi: “Akif Əliyevə baxıram və görürəm ki, pis adama oxşamır. 10 min manat elə də böyük məbləğ deyil və onunla şirkətin əməkdaşı arasında sonradan münasibət də olub. Mən həmin məbləği ona bağışlamaq istəyirəm. Şəxsən mənə Akif Əliyevin heç bir pisliyi dəyməyib. Bilmirəm, hüquqi cəhətdən bu nə dərəcədə düzgündür, hüquqşünas deyiləm, amma imkan olarsa, şikayəti geri götürərəm”.

Hakim Həbib Həsənov bildirdi ki, burada heç bir problem yoxdur və o, istədiyi vaxt bunu edə bilər. Alik Kərimov şirkətin hüquqşünası ilə məsləhətləşdikdən sonra yekun qərar verəcəyini dedi.

Daha sonra bu epizod üzrə zərərçəkmiş, “METAK” MMC-nin direktoru Aydın Kərimov və şahid qismində şirkətin xəzinədarı Rauf İsmayılov qısa ifadə verdilər.

Akif Əliyev pul almadığını bildirdi

Prosesin sonunda təqsirləndirilən Akif Əliyev epizodla bağlı ifadə verərək, deyilənlərin əksər hissəsini təsdiqlədi və qeyd etdi ki, “METAK” MMC-nin əməkdaşı nazirliyə daxil olan operativ məlumatın araşdırılması üçün dəvət olunmuşdu.

Təqsirləndirilən dövlət ittihamçısının sualını cavablandıraraq bildirdi ki, heç kimdən 10 min manat pul almayıb.

Təqsirləndirilənin şikayət ərizəsinin geri götürülə bilmək ehtimalının yaranmasından məmnun olması nəzərdən qaçmadı. 

Hakimin başını kim “şişirtdi”?

Bugünkü iclas da, bazar ertəsi olduğu kimi, nisbətən səs-küysüz və qalmaqalsız keçdi. Akif Çovdarovun vəkili Kamandar Nəsibov isə əzəli taktikasından əl çəkməyərək, hamıya hər şeyi qışqıraraq və xüsusi təkidlə anlatmağa çalışmağa davam etdi.

Bir neçə dəfə prosesə sədrlik edən Həbib Həsənov işə müdaxilə etməli və Kamandar Nəsibovu sakitliyə və məhkəmənin aparılması qaydalarına riayət etməyə dəvət etdi. “Özünə hörmət etmirsən, camaata hörmət et”, “Sənin səsindən başım şişdi”, “Bir sözü sənə neçə dəfə deyəcəyəm?” – bunlar hakimin vəikilin ünvanına etdiyi iradların yalnız kiçik qismidir.

Proses bazar ertəsi, dekabrın 5-i davam etdiriləcək.

Cia.az