Amerikada noyabrın 8-də keçirilən prezident seçkilərinin nəticələrindən sonra yaranan qalmaqal bitmək bilmir. Prezident seçilən respublikaçıların namizədi Donald Trampın qələbəsini həzm edə bilməyən demokratların namizədi Hillari Klintonun qərargahı üç ştatda qanun pozuntularının olduğunu iddia edərək, hər üç ştatda səslərin yenidən sayılması ilə bağlı ərizə verib.
Hər üç ştatda səslərin yenidən sayılması dünya gündəminin son günlərdə əsas müzakirə mövzusuna çevrildi. Hətta xanım Klintonun nəticələri dəyişəcəyi ilə bağlı iddialar da səslənməyə başladı. Mübahisəli ştatlar Viskinson, Miçiqan və Pensilvaniya idi. Artıq yaranan mübahisələrə son qoyulub. Belə ki, Miçiqan ştatında son nəticələr açıqlanıb və D.Trampın bu ştatda da qalib gəldiyi məlum olub. Bu da H.Klintonun qələbəsinə ümid edənlərin ümidlərini puça çıxarıb. Qanun pozuntularının iddia olduğu digər 2 ştatda belə xanım Klinton qalib gəlsə, nəticələr dəyişməyəcək. Çünki onunla Tramp arasındakı səs fərqini aradan qaldırmağa Viskinson və Pensilvaniya ştatlarının gücü yetmir.
Ekspertlər dünyanın əsas güc dövlətində gedən proseslərin ölkənin imicinə ciddi zərbə vurduğunu düşünürlər. İndiyə qədər dünyaya demokratiya dərsi keçən ABŞ-da bu ənənələrin olmasına olan inamın qırıldığı qeyd olunur.
Siyasi şərhçi Elxan Şahinoğlu öncəliklə ABŞ-da sorğu sisteminə ciddi zərbənin olduğunu qeyd etdi:“Amerikada son prezident seçkisi həqiqətən bu ölkənin imicinə zərbə idi. Birincisi, ondan başlayaq ki, Amerikadakı sorğu sistemi iflasa uğradı. Sorğuların əksəriyyəti məhz Hillari Klintonun qələbə çalacağını proqnozlaşdırırdı. Ancaq əksi baş verdi. Digər tərəfdən, Amerikanın az qala bütün mediası Klintonu dəstəkləyir, Donald Trampı isə qaralayırdı. Bu da demokratiya ruhuna uyğun deyildi. Özünü müstəqil adlandıran qəzetlər tərəfkeşlik edirdilər. Seçkidən sonra səslərin yenidən hesablanması isə Amerika tarixində bir ilk ola bilər. Bu o demək olacaq ki, demokratiyanın beşiyinə iddialı olan ölkə demokratik seçki keçirə bilməyib”.
E.Şahinoğlu Trampın iddialarının da ciddi olduğunu düşünür: “Trampın da qarşılıqlı iddiası var ki, seçkidən öncə başlanan səsvermə Hillari Klintonun xeyrinə saxtalaşdırılıb. Bu da ciddi iddiadır. Tramp da həmin səslərin hesablanmasını tələb edə bilər. Bu baş verərsə, Amerikada aləm dəyəcək bir-birinə. Təsadüfi deyil ki, bu vəziyyətdən hazırkı prezident Barak Obama son dərəcə narahatdır. Çünki Obama ölkəni qarışmış şəkildə tərk etmək istəmir. Obama seçki kampaniyasında birmənalı şəkildə Klintonu dəstəklədi, ”Tramp kimi insana nüvə silahını etibar etmək olmaz" kimi ifadələr işlətdi. Ancaq bu açıqlamalar keçmişdə qaldı. Obama Trampı prezident seçilməsi münasibətilə təbrik edib, onu Ağ Evə dəvət edib, gələcək prezident kimi əlini sıxıb. Belə çıxacaq ki, Obama “tələsib”.
Trampın prezidentliyinin şübhə altına alınması Obamanın da imicinə zərbə olacaq. Obama isə bu şəkildə Ağ Evi tərk etmək istəmir. Ona görə də Obama Klintona məsləhət görür ki, səslərin yenidən hesablanması kimi siyasətə baş vurmasın. Doğrudur, səslərin yenidən hesablanması Yaşıllar Partiyasının liderinin təşəbbüsüdür. Ancaq hiss olunur ki, Hillari Klinton ikili oynayır. O da Obama kimi seçki gününün sabahısı Trampı təbrik edib. Ancaq indi susur və səslərin yenidən hesablanmasına hələ ki etiraz etmir".
Siyasi şərhçi 2000-ci ildə baş verən buna bənzər hadisəyə toxundu: “2000-ci ildə oxşar hadisə baş verdikdə o zamankı vitse-prezident Albert Qor müdrik hərəkət etmişdi. O ildəki seçkidə də Corc Buşun Qor üzərindəki qələbəsi sual altında idi, seçicilərin ümumi sayının vitse-prezidentə səs verdiyi irəli sürülürdü. Buna baxmayaraq, Albert Qor nəticələri tanıdı və səslərin yenidən sayılması məqsədilə məhkəməyə baş vurmadı. Çünki Qor Amerikanın siyasi sistemini mürəkkəb duruma sürükləmək istəmədi. Bütün dünyanın gözü Amerikadadır. İndi Amerikada ”qalib kim olub" ətrafında müzakirələr genişlənsə, bu, Amerikanın dünyadakı nüfuzunu da aşağı endirəcək. Bu isə artıq Amerikanın milli təhlükəsizlik maraqlarına zərbədir".
Müsahibimiz ABŞ-dakı seçki sisteminə də münasibət bildirdi: “Amerikalılar mühafizəkardırlar, yüz illər öncə qəbul etdikləri qanunları dəyişmirlər. Ancaq hazırkı seçki sisteminin heç bir müsbət tərəfi yoxdur. Məncə, son hadisə seçki qanununa göz gəzdirməyə məcbur etməlidir. Bu nonsensdir: Klintona daha çox vətəndaş səs verib, ancaq prezident Tramp seçilib. Doğrudur, bəzi ştatlarda çox, digərlərində az əhali yaşayır və iki ştat - Texas və Kaliforniyanın əhalisinin sayı prezidenti müəyyənləşdirməyə imkan verir. Bu halda digər ştatlar kölgədə qalır. Ona görə də Amerikanı quranlar vaxtilə mürəkkəb seçki qanunu yazıblar. Ancaq bu cür seçki qanunu ümumi nəticəyə kölgə salır”.
Cia.az
