Türkiyədə məlum 15 iyul hadisələrindən sonra dövlət çevrilişinə cəhddə ittiham olunan FETÖ tərəfdarlarına qarşı genişmiqyaslı əməliyyatlar başladı. Bunun ardınca isə Azərbaycanda da oxşar addımlar atıldı, FETÖ ilə əlaqəsi olan şəxslər istintaqa cəlb olunub. Bu şəbəkəyə bağlı bir sıra qurumlar isə bağlanıldı.
Həmin ərəfədə mətbuata açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirmişdi ki, Azərbaycanda bu məsələ ilə bağlı atılan addımlar, aparılan tədqiqatlar göstərir ki, bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir: “Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmaq cəhdlərinin qarşısı hər vasitə ilə alınacaq”.
Açıqlamadan bir neçə gün sonra FETÖ əməliyyatları çərçivəsində Azərbaycanda Fətullah Gülənin müsahibəsini anons edən ANS telekanalı da bağlandı. Avqustun 19-da isə Respublika Prokurorluğu “Gülən camaatı” ilə əlaqədə ittiham olunan 3 nəfəri saxladığı haqda məlumat da yaydı.
Prokurorluq bildirdi ki, onlardan biri AXCP Xətai rayon Gənclər Təşkilatının sədri Fuad Əhmədlidir. Ona qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıldı.
Bunun ardınca yenə də AXCP sədrinin köməkçisi Faiq Əmirli də Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) istintaqa cəlb olundu.
Bəs hazırda FETÖ əməliyyatı çərçivəsində həbs olunanların işi nə yerdədir?

Öyrəndik ki, Faiq Əmirlinin istintaqı davam edir, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı şikayət isə Avropa Məhkəməsinə göndərilir. Belə ki, noyabrın 11-də Nəsimi Rayon Məhkəməsi prokurorluğun təqdimatı ilə Faiq Əmirovun həbs müddətini 2017-ci il yanvarın 12-dək uzadıb. Bu qərardan Bakı Apelyasiya Məhkəməsinə edilən şikayət isə qəbul olunmayıb. Nəticədə Faiq Əmirliyinin vəkili Fəxrəddin Mehdiyev bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.
Eyni ilə Fuad Əhmədlinin də həbs qətimkan tədbiri 2017-ci ilin yanvarın 12-nə kimi uzadılıb.
FETÖ əməliyyatları ilə bağlı ölkədə hazırkı siyasi durumu “Yeni Müsavat”a şərh politoloq Elxan Şahinoğlu bildirib ki, proseslərin səngidiyini söyləmək olmaz:
“Türkiyədə yenə də həbslər, işdən çıxarılmalar davam edir. Azərbaycana gəlincə isə deyə bilərik ki, ilk gündən Azərbaycan tərəfi bu məsələdə Türkiyə ilə əməkdaşlığa hazır olduğunu bildirib. Elə ilk gündən də çox ciddi addımlar atılıb. Bir televiziya kanalının bağlanması, universitetin statusunun dəyişdirilməsini buna misal göstərmək olar. Ancaq düşünürəm ki, təmaslar yenə də davam edir. Azərbaycan tərəfinin daxili işlər nazirinin Ankaraya səfəri, oradan siyahının göndərilməsi kimi faktlar göstərir ki, demək hələ Azərbaycanda bütün addımlar atılmayıb. Türkiyə tərəfi mübarizənin daha geniş miqyasda aparılmasını istəyir. Çünki hər kəs etiraf edir ki, Gülənin Türkiyə xaricində ən güclü şəbəkələrindən biri də məhz Azərbaycanda idi. İndi isə bu cür olduğunu söyləmək mümkün deyil. Hazırda Gülənin Amerikada, Almaniyadakı şəbəkəsi daha güclü sayılır”.
Ekspert bildirib ki, ötən həftə Azərbaycanda “Türk filmləri həftəsi” ilə bağlı Bakıya gələnlər də daha çox Gülənlə bağlı mesajlar verməyə həvəsli idilər:
“Məndə belə təəssürat yarandı ki, Bakıya gələn Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu və AKP-nin Ordu millət vəkili Mətin Gündoğdu daha çox Gülənlə bağlı danışmağa həvəsli idi, nəinki filmlərdən. Gələn iki nəfərin Türkiyə filmlərinə nə qədər aidiyyəti var idi, bunu da anlamadım. Doğrudur, “Türk filmləri həftəsi” keçirildi, filmlər nümayiş olundu, ancaq bəlkə də rəsmilər daha çox Azərbaycan tərəfi ilə Gülən hərəkatı ilə mübarizə məsələlərini qeyri-rəsmi şəkildə danışmağa gəlmişdilər”.
cia.az
