Amerika KİV-ləri 20 yanvar 2017-ci ildən-Trampın inauqurasiyasından sonra ABŞ-ı nə gözlədiyinə dair proqnozlar verməkdə davam edirlər. İddia edilir ki, yeni prezident eyni vaxtda iki “imperiyanı”-həm Amerikanı, həm də yerli və beynəlxalq şirkətlərinin konqlomeratını idarə edəcək.
“The Washington Post” bildirir ki, Tramp dünyanın 18 ölkəsində 113 beynəlxalq şirkətə sahibdir. Onlardan beşi, nəşrin iddiasına görə, Azərbaycandadır. Bundan başqa, Trampın Hindistanda 16, BƏƏ-də 13, Kanadada 12, Çində 9, İndoneziyada Panamada və Səudiyyə Ərəbistanında 8, Şotlandiyada 7, Braziliyada, İrlandiyada, İsraildə və Qətərdə 4, CAR, Türkiyə, Uruqvada 2 və Bermudda 1 obyekti var. Vurğulanır ki, Trampın başqa xarici layihələri reallaşma mərhələsindədir.
ABŞ-da güman edirlər ki, Tramp onun və partnyorlarının biznesinə imkan yaradacaq qanunları irəli çəkəcək. Beynəlxalq səviyyədə isə bir çox ölkələrin hökumətləri ABŞ hökumətindən alacaqları xidmətlərin və ya mənfəətin əvəzi olaraq Amerika prezidentinin biznes maraqlarına kömək edə bilərlər.
Trampın biznesmen olmasının demokratiya məsələlərində mövqeyinə mənfi təsir göstərəcəyi də iddia edilir.
Bəs ABŞ-da biznesmenin prezident olması Azərbaycanda da biznesmen məmurların, deputatlarının əl-qolunu açacaqmı, ən azından nümunə göstərmək üçün əllərinə arqument düşmüş sayıla bilərmi?
Yeni AXCP-nin sədri Razi Nurullayev bildirdi ki, ABŞ-da biznesmenin prezident olması onun sərvətinin artması demək deyil və bu mümkün də deyil. Amma, digər ölkələrdə olan biznesinin böyüməsinə təbii ki, səbəb olacaq. Trampın siyasi dəstəyini almaq üçün onu şirkətlərinə heç zaman sönməyən yaşıl işıq yandırılacaq: “ABŞ nəşri yazır ki, onun Azərbaycanda da beş biznesi var. Biz birini, nəqliyyat nazirinin oğlu Anar Məmmədovun da şəriki olduğu-Trump Tower binasını bilirik və yəqin ki, möhtəşəm açılışının da şahidi olacağıq. Digər dörd biznesinin də olması həqiqətdirsə, o bizneslərdə şərik olan azəbaycanlılar da özlərini daha ötkəm aparacaqlar.
Deməliyəm ki, bizim əyri yollarla varlanmış biznesmenlərimizdə, bizneslə məşğul olan məmurlarımızda dikbaşlıq və ədabazlıq çoxdur. Onlar hər zaman özlərini düşünür və varidatlarını artırmaq üçün xalqı əzib keçərlər. Qanun məmurlara bizneslə məşğul olmağı qadağan edir. Ancaq onlar bizneslərindədirlər. İndi çoxları deyəcək ki, “Biznesmen Donald Tramp ABŞ-ın prezidenti olursa, mənin bizneslə məşğul olmağım niyə yasaq olmalıdır?”. Demokratiya məsələsinə gəldikdə, Azərbaycan xalqı demokratiyanı özü qurmalıdır, ABŞ-dan burada gəlib demokratiya qurmağı gözləməmlidir. Trampın başqa ölkələrdə demokratiya məsələsinə necə yanaşacağını indidən dəqiq söyləmək çətindir”.
AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev isə bildirdi ki, Tramp istər seçki kampaniyası dövründə, istərsə də indi özünün uğurlu biznesmen olduğunu və dünyanın bir çox yerlərində biznesinin mövcudluğunu bəyan edib. Azərbaycanda da onun adı ilə bağlı bir neçə layihənin olduğu barədə məlumatlar yayılıb. Nümunə olaraq əsasən Bakıdakı Tramp Tower göstərilir: “Mən bildiyimə görə bu tikintinin tikən də, sahibi də tamam başqa adamdır və yalnız “Tramp” brendinin istifadə edilməsi ilə bağlı razılıq əldə olunub və buna görə də Trampın şirkətinə, daha doğrusu qızının rəhbərlik etdiyi şirkətə bir neçə milyon dollar da ödənilib. Belə nümunələr nə qədər istəsəniz var. Məsələn Hilton, Marriot və digər brendlər də bütün dünyada təxminən bu şəkildə fəaliyyət göstərir.
Digər tərəfdən Tramp ailəsinin biznesi onun övladları tərəfindən idarə olunur və onun prezident olması bu sahədə ona hər hansı əlavə imtiyazlar verməyəcək. Hətta bəzi məqamlarda onun ailəsi biznes fəaliyyətində daha ehtiyatlı davranacaqlar. ABŞ-n siyasi sistemi elə qurulub ki, istisnasız olaraq ölkə komanda ilə idarə olunur. Kimliyindən asılı olmayaraq bu sistemə qarşı çıxmaq mümkün deyil. Senatın, konqressin idarəetmədə rolunu da unutmaq olmaz. Hal hazırda Tramp yüksək dövlət vəzifələrinə namizədləri müəyyən etməklə məşğuldur. Bu namizədlərin əksəriyyəti ilkin seçki dövründə kəskin şəkildə Trampın əleyhinə olan, amma ölkədə böyük nüfuza malik peşəkar siyasətçilərdir.
Başqa tərəfdən demokratiya məsələlərinə yanaşma ABŞ-n xarici siyasət doktrinasının tərkib hissəsidir. Hansı ki, bu istiqamət çoxsaylı institutlar tərəfindən, mütəxəssislərin iştirakı ilə hazırlanır və ABŞ-ın milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Bu günə qədər mövcud olmuş prezidentlər çəkilmiş cizgilərdən kənara çıxa bilməyiblər.
Azərbaycanda bəzi biznesmen məmurların əl-qolunun açılması məsələsinə gəlincə isə bu hadisə onlar üçün presedent ola bilməz. Biz korrupsiya ilə leqal biznesi qarışdırmamalıyıq”.
Cia.az
