Azərbaycanın xarici ölkələrdəki bəzi səfirliklərinin bağlanacağı ilə bağlı bu ilin əvvəllərindən yayılan xəbərlər aktuallığını saxlayır. Son günlərdə bu məsələ daha çox gündəmə gəlir. Əlavə xərclərdən xilas olmaq üçün Azərbaycan hökumətinin belə bir addım atacağı iddia olunur.
Ölkəmizdə baş verən iki devalvasiyanın hakimiyyəti buna vadar etdiyi deyilir. Azərbaycanın əlaqələrinin o qədər də yaxın olmadığı ölkələrdəki səfirliklərin bağlanma, yaxud bir sıra nümayəndəliklərin birləşdirilmə ehtimalları daha yüksək görünür. Afrika ölkələrinin bu sırada öndə olduğu vurğulanır.
Ekspertlərin bununla bağlı fikirləri də birmənalı deyil. Bir qisim bu addımın müsbət nəticələr verə biləcəyini düşünür, digər qisim də hesab edir ki, ölkələr arasında əlaqələr zəif olsa belə, səfirliklərin həmin ölkələrdə daimi fəaliyyət göstərmələri vacibdir.
Politoloq Qabil Hüseynli bildirdi ki, bütün ölkələrdə səfirliklərin olması Azərbaycana dividentlər gətirə bilər: “Könül istərdi ki, bütün ölkələrdə nümayəndəliyimiz olsun, xüsusilə BMT-yə üzv olan dövlətlərdə. Bu, Azərbaycana çox böyük siyasi dividentlər gətirə, ölkəmizin dünya ilə əlaqələrinin qurulmasına böyük töhfələr verə bilər. Amma hazırda büdcədə ciddi kəsir var. Azərbaycanda iqtisadi böhranın təzahürləri də özünü göstərir. Bu səbəbdən ölkə ciddi şəkildə maliyyə ehtiyatlarına qənaət edilməsi prinsipinə keçib. Bu da bütün dövlət qurumlarına və nazirliklərə şamil edilib. Bu səbəbdən Xarici İşlər Nazirliyində maliyyə ehtiyatlarına qənaət edilməsinin bir forması kimi bəzi ölkələrdə nümayəndəliklərin bağlanması məsələsi gündəmə gəlib. Bu proseslər çərçivəsində Cənubi Afrika Respublikasında səfirliyin bağlanılması gözlənilir. Afrika ölkələrində təmsilçilərimizin olmasına hələ ki böyük ehtiyac duyulmur. Bəzi ərəb ölkələrində səfirliklərin bağlanması, yaxud birləşdirilməsi prosesi davam edəcək.
Məsələn, Səudiyyə Ərəbistanındakı səfirliyimiz yaxın ərəb ölkələrinin bir çoxunda Azərbaycanın diplomatik missiyasını həyata keçirə bilər. Eyni sözləri Latın Amerikası ölkələri haqqında da demək olar. Çünki bu ölkələrlə Azərbaycanın əlaqələri hələ intensiv xarakter daşımır. Asiya ölkələrindən Çin, İndoneziya kimi dövlətlərdə səfirliklərin saxlanılmasına ehtiyac var. Amma həmin nümayəndəliklərdə də bəzi ixtisarlar aparılacaq. Rusiyadakı səfirliyimiz ştat etibarı ilə çox böyükdür. Bu səfirliklərdə müəyyən ştatların ixtisar edilməsinə ehtiyac duyulur. İranla sıx diplomatik əlaqələr çox vacibdir. Orada hər hansı bir dəyişikliyin aparılmasına ehtiyac görmürəm. Avropa ölkələrinin bəzilərində səfirlikləri birləşdirmək olar. Məsələn, Rumıniyadakı səfirimiz Eldar Həsənov həm də Bosniya və Herseqovinada, eləcə də Serbiya və Monteneqroda diplomatik missiyamızı həyata keçirir. Bu praktika var və Avropa ölkələrində belə qruplaşmalar aparmaq olar. Almaniya və Fransa kimi ölkələr Avropa Birliyinin lokomotivləridir. Bu ölkələrdə hansısa bir dəyişiklik etməyə ehtiyac yoxdur. Norveç, İsveç və bu kimi digər ölkələrdə mərkəzi səfirliklər yaradıb, digər ölkələrdə də onların funksiyasına şərait yaratmaq olar. Diplomatiya elə bir işdir ki, bəzən pula qənaət etmirlər. Amma bizim ölkədə buna nəzarətə ehtiyac var. Çünki səfirliklər bir neçə dəfə yoxlanıldı və məlum oldu ki, bəzi səfirliklərdə artıq xərcləmələr var. Bunların qarşısının alınmasına böyük ehtiyac var. Diplomatik missiyanın indiki şəraitdə dünyanın aparıcı dövlətlərində qurulması əhəmiyyətli ola bilər. Amma bu, xarici siyasət xəttimizin strateji xəttinin reallaşdırılmasına müəyyən zərərlər vuracaq”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yayılan xəbərlərlə bağlı bunları dedi:“Hazırda səfirliklərin fəaliyyətlərinin effektliyinin daha da artırılması və optimallaşdırılması məsələsi nəzərdən keçirilir”.
Optimallaşdırma dedikdə ola bilər ki, bəzi səfirliklərdə ştat vahidləri qısaldılsın.
Cia.az
