|
Avropa Məhkəməsinin hökumətə cərimə kəsməsinə YAP-çı deputatdan sərt reaksiya
Noyabrın 24-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycan hökumətini növbəti dəfə cərimələyib. AİHM vəkil Əsabəli Mustafayevin hüquqlarını qoruduğu şəxslərlə bağlı şikayəti üzrə qərarını elan edib.

Bu barədə vəkil öz facebook səhifəsində məlumat yayıb. Məlumatda Azərbaycanlı müxalifətçilər İlham Hüseyn, Təzəxan Mirələmli, Bəhruz Həsənov, Tofiq Dadaşov, Türkel Əlisoy və Ağaverdi Ruşanovun ərizələri üzrə qərarın verildiyi qeyd olunub. Ə.Mustafayev bildirib ki, şikayətlər qanunsuz həbs, toplaşma azadlığının və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu ilə bağlı verilib.
 
Məhkəmə ərizəçilərin hüquqlarının pozulmasını tanıyıb və onlara hər birinə 12 min avro təzminat, məhkəmə xərclərinə görə 6 min avro ödənilməsi barədə qərar verib. Beləliklə, Azərbaycan hökumətinə qoyulmuş pul sanksiyalarının ümumi həcmi 72 min avro təşkil edib. Bununla belə, AİHM hüquqi xidmətlərə görə ödəniş məbləğini azaldaraq, hər bir iş üzrə 500 avro cərimə təyin edib.
 
Avropa Məhkəməsi jurnalist, Müsavat funksioneri Mustafa Hacıbəylinin də Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi ilə (işgəncələrə qadağa) zəmanət verilmiş hüquqlarının pozulmasını tanıyıb. AİHM M.Hacıbəyliyə 10 min avro həcmində kompensasiyanın və 3 min avro məbləğində məhkəmə xərclərinin ödənilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, son aylarda AİHM-nin Azərbaycan hökuməti ilə bağlı bu tipli qərarlarının tez-tez şahidi oluruq. Cərimə qərarları ard-arda gəlir. Bu da Azərbaycan-Qərb münasibətlərinin üzərinə kölgə salır. Ekspertlər də bunu deyirlər. Əksəriyyət belə halların baş verməsinə səbəb kimi ölkəmizdəki müstəqil məhkəmə sisteminin olmadığını düşünür. Arqument kimi də qeyd olunur ki, məhkəmələrdə ədalətli qərarlar olsa, siyasi sifarişli həbslər olmasa, Avropaya gedən şikayətlərin də sayı az olar və nəticədə belə cərimə qərarlarının nadir hallarda şahidi olarıq. 
 
YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Azərbaycana qarşı AİHM-nin daim bu cür ənənəvi münasibət sərgildəyini qeyd etdi: “2-3 beynəlxalq ”hüquq müdafiə təşkilatı" var, hər zaman bizə qarşı ənənəvi münasibətdədir. Avropa Məhkəməsi və bəzi beynəlxalq təşkilatlar ölkəmizə qarşı təsir və təzyiq etmək üçün insan haqları, söz azadlığı kimi üsullardan istifadə edirlər. Bu ənənədən görünür onlar imtina etmək fikrində deyillər. Bir jurnalist kimi Azərbaycanda söz azadlığının olduğunun şahidiyik. Mətbuat nədən istəyirsə yazır. Müxalifət qəzetlərinin, müstəqil media orqanlarının müxbirləri yazdıqlarına görə təqib olunmurlar. Eyni zamanda, biz də “Sərbəst toplaşmaq azadlığı” var. 
 
Son illərdə müxalifət dəfələrlə “Məhsul” stadionunda mitinqlər keçirib, öz sözlərini deyiblər, bunlar da mətbuatda işıqlandırılıb. Xüsusilə, sosial şəbəkələrdə bu qabarıq şəkildə özünü göstərir. İnsanlar sərbəst şəkildə sosial şəbəkələrdən istifadə edirlər. Ölkəmizdə insan haqları, söz azadlığı və digər məsələlərin pozulması kimi hallar mövcud deyil. Azərbaycanı qarşı ikili standartlı siyasət aparılır. Almaniya, Fransa və başqa Avropa ölkələrində baxanda, sərbəst toplaşmaq hüququnun necə qorunduğunu görərik. Su şırnağı, gözyaşardıcı qazdan istifadə edirlər, qadın-kişi olmasına baxmayıb, sürüyə-sürüyə aparırlar. Amerikası da, Avropası da belədir. 
 
Azərbaycanda qanuni şəkildə məhkəmə aparılır və sonunda cinayət sübut olunur, məsuliyyətə cəlb olunan şəxslər isə qanuni cəzalarını alırlar. Onlar bundan Avropa Məhkəməsinə şikayət edirlər. Orada isə bu tipli qərarlar qəbul edilir. Artıq o məhkəməyə müraciət edən müxalifət fəalı sonunda istədiyi qərarın veriləcəyinə əvvəlcədən əmin olur. Hamı yaxşı bilir ki, insan haqları, söz azadlığı kimi məsələlər burada əsas deyil. Azərbaycanın müstəqil siyasət yürütməsindən, digər dövlətlərlə əlaqələrdə milli maraqlarını əsas tutması onlara xoş gəlmir. 
 
Onlar çalışırlar ki, bu tipli qərarlarla ölkəmizə təsir etsinlər, Azərbaycan bunların dedikləri ilə hesablaşsınlar. Daxili işlərimizə qarışmalarına icazə vermirik. Belə halda bunların əlində qalan ümumi söhbətdir ki, insan haqları, söz azadlığı filan pozulur. Hansı haqla bizim məhkəmələrin qərarını şübhə altına alırsınız və öz qərarlarınızı daha yüksək tutursunuz? Artıq adət etmişik ki, Avropa Məhkəməsinə Azərbaycandan gedən işlərlə bağlı onlar gözüyumulu qərarlar çıxarırlar, cərimələr edirlər. Bununla hesab edirlər ki, nəsə təsir edə bilərlər, amma bu mümkün deyil".
 
Deputat bildirdi ki, belə qərarlarla Avropa Məhkəməsinə olan inam azalır: “Əslində bu cür qərarlar onlara olan inamı zəiflədir, ədalətinə olan inamı azaldır, onların peşəkarlığına bizdə ciddi şübhələr yaradır. Amma bunlara baxmayaraq, inanmıram ki, Azərbaycanla əlaqələr pisləşsin. Çünki bu dəqiqə Azərbaycanın Avropa ilə ikitərəfli əlaqələri var. Azərbaycan Avropanın enerji təchizatında elə bir mövqeyə malikdir ki, bu kimi məhkəmə qərarlarından verilən şikayətlərlə bağlı qərarlar o münasibətlərə təsir etmək gücündə deyil. Bunlar xırda-para işlərdir. Azərbaycan bu qərarlara daim öz sərt mövqeyini bildirib. Ölkəmiz konstitusiyamıza zidd olan bu cür qərarları icra etməməklə bağlı qanun da qəbul edə bilər. Bu da ölkəmizin hüququdur. İstənilən halda münasibətlərə xələl gələcəyinə inanmıram”.
Cia.az