Yeni ilin gəlişinə 1 aydan bir az artıq vaxt qalıb. Artıq bəziləri Yeni ili harada keçirməsi ilə bağlı planlar qurur. Kimiləri Yeni ili xarici ölkələrdə qeyd edir, kimisi evində, kimisi isə Azərbaycanın gözəl rayonlarında. Maraqlıdır, bəs Yeni ili harada keçirmək daha sərfəli olar? Ümumiyyətlə, Yeni il paketlərinin qiymətləri neçəyədir?
Azərbaycan daxili qiymətlərə nəzər saldıqda bir anlıq “bu qiymətə Yeni ili xarici ölkələrin birində qarşılamaq daha sərfəlidir” düşüncəsi yaranır insanda. Çünki ölkə daxili qiymətlər çox yüksəkdir.
Yeni ili Qəbələdə keçirmək istəyənlə deyəsən yer tapmaqda çətinlik tapacaq. Belə ki, rayondakı “Qafqaz Riverside Hotel”, “Qafqaz Tufandağ”, “Qafqaz Sport Hotel”, “Qafqaz Resort” da Yeni il şənliyi üçün yerlər tamamilə tutulub. “Qafqaz Karvansaray Hotel”də iki nəfər üçün qiymət 415 manatdır. “Qafqaz Yeddi Gözəl”də 240 manat, “Qafqaz Termal Hotel and Spa”da isə qiymət 465 manatdır. Ancaq bunlarda Yeni il şənlikləri təşkil olunmayacaq. “Şahdağ”da Yeni ili qarşılamaq müştərilərə 1120-1270 manata başa gələcək. Bura dekabrın 30-dan yanvarın 4-dək “Şahdağ”da gecələmək, gündə iki dəfə yemək və Yeni il gecəsi və şam yeməyi daxildir. Eyni bölgədə yerləşən “Zirvə Hoteli”n də dekabrın 30-dan yanvarın 4-dək gündə iki dəfə qidalanma daxil olmaqla 2 nəfərlik istirahət paketinin qiyməti 190 manatdır. Burada ayrıca Yeni il şənliyi üçün nəzərdə tutulan paketin qiyməti 990 manatdır. Bu paketə də spirtli içkilər, tam qidalanma və şənlik gecəsi üçün dəvət olunmuş DJ daxildir.
Qusarın digər məşhur otellərinin birində “Pik Palace”da istirahət etmək üçün minimum 4 gecə müddətinə otaq götürməlisiniz. Səhər yeməyi də daxil olan iki nəfərlik otağın qiyməti 282 manatdan başlayır. Yeni il paketi iki nəfər üçün 1586 manatdır. Şənliyə əməkdar artist Tünzalə Ağayevanın solo-konserti, “Jazzberry” musiqi qrupu və Camal Eminli, rəqs qruplarının çıxışları, yarışmalar, atəşfəşanlıq və Ukraynadan dəvət edilən DJ Anastasiya Feldmanın çıxışları daxildir. Qusarda yerləşən “Park Chalet” hotelində iki nəfərlik otaqlar 250 manatdan başlayır, burada da istirahət etmək üçün minimum 4 gecəni məşğul etmək lazımdır. Yeni il günü isə iki nəfərə 306 manatdır. Gecədə DJ-lər, müğənni Diana çıxış edəcək. 7 yaşa qədər uşaqlar pulsuz, 7-10 yaşa qədər olan uşaqlar 30 manat əlavə ödəməlidir. Yeni şənliyi paketi 1090 manata başa gəlir.
Şimal bölgəsinin digər dəbdəbəli hoteli “Quba Rixos” hazırda sosial şəbəkələrdə Yeni il şənliyinin 859 manata başa gələcəyi barədə reklam kampaniyası keçirir. Yeni il şənliyi paketinin qiyməti 1359 manatdır. Dekabrın 1-dən sonra alınan paketlərin qiyməti isə eyni şərtlərlə 1559 manat olacaq.
“Samaxi Palace Sharadil”də Yeni il üçün minimum 2 gecəlik yer rezerv etdirməlisiniz. Qiymət isə 1096 manatdır. Həmçinin Balakəndə yerləşən “Qubek Hotel”də isə Yeni ilini keçirənlərə 4 gecə 5 günlük paket təklif olunur. Paketin bir nəfər üçün qiyməti 330 manatdır. Gündə 3 dəfə yemək və Yeni il şənliyi də bu qiymətlərə daxildir. 6-10 yaş üçün uşaqlara 50 faiz endirim edilir. Yeni il paketinə Gürcüstanın iki şəhərinə, həmçinin Balakən və Zaqatalaya turlar da daxildir.
Şəkidə yerləşən “Marxal Resort & Spa”da dekabrın 30-dan yanvarın 3-dək qiymət bir nəfərə yalnız 1 gün üçün 195 manatdır. 3 yaşa qədər uşaqlar pulsuz, 13 yaşa qədər uşaqlar üçün isə 90 manat ödəmək lazımdır. “Şəki Palace”da Yeni il şənliyi ilə bağlı proqram olmasa da, dekabrın 31-də burada istirahət etmək mümkündür. Otaqların standart qiymətləri 2 nəfərlik 250 AZN-dir. 2 yaşdan aşağı uşaqlar üçün isə heç bir ödəmə gərək deyil.
“Sheki Saray Hotel”də Yeni il şənliyi paketi hələ ki, hazır olmasa da, 2 nəfərlik standart yerlər 90 manatdır. Bura həmçinin səhər yeməyi daxildir.
Şamaxıda yerləşən “Sakit Göl Hotel”də yerlər artıq rezerv edilib. Bununla belə, bu məkanda Yeni il qiyməti 1000-1200 manat arasında dəyişir. 6 yaşa qədər olan uşağa hər şey pulsuzdur. 6-11 yaş üçün isə qiymət bir gün üçün 30 manatdır. 12 yaş uşaqlar üçün isə 60 manatdır.
İqtisadçı-ekspert Natiq Cəfərli rəqabət mühiti olmadığı üçün qiymətlərin bu cür fantastik həddə çatdığını dedi: “Hotel və restoran biznesi məmurlara məxsus olanda sonuc etibarı ilə belə olacaq. Yəni ciddi rəqabət yoxdursa, təbii olaraq yeni il bayramlarında da müəyyən tələbatların yaranmasından istifadə edilərək qiymətlər belə fantastik dərəcədə şişirdilir. Ümumiyyətlə Azərbaycan hotellərinin bəzilərində çox maraqlı sxemlərdə mövcuddur. Bir çox dövlət və hökumət idarələrinin işçilərinə və yaxud da idarələrin özlərinə bu hotellərdə dincəlmək, dırnaqarası seçmək tövsiyə olunur. Yaxud da Həmkarlar İttifaqı tərəfindən müəyyən hissəsinin ödənişi həyata keçirilir. Elə bilin ki, vəsaitlərin bir çoxu dövlətin bir cibindən çıxıb o biri cibinə daxil olur. Əgər ciddi bir rəqabətli mühit olsaydı Yeni il qabağı insanları daha ucuz və keyfiyyətli xidmətə cəlb edə bilərdilər”.
N.Cəfərli bir çox hallarda brend hotellərin adları müxtəlif olsa da, çox zaman bir qrupa yaxud da bir holdinqə məxsus olduğunun ortaya çıxdığını dedi: “Adları müxtəlif olan və bir holdinqə məxsus olan hotellərin sövdələşmiş qiymətlər olduğu ortaya çıxır. Çox güman ki, burada da vəziyyət belədir və bunu ciddi şəkildə araşdırmaq lazımdır. Qiymətləri yüksək olan hotellərin arxasında eyni biznes çevrələrin, eyni insanların durduğunu müəyyən araşdırmadan sonra çox asanlıqla üzə çıxarmaq olar. Çox təəssüf ki, Azərbaycanda bütün sivil dünyadan fərqli olaraq bayramlardan öncə həmişə bütün sahələrdə qiymətlərin artırılmasını düşünürlər. Dünyanın bir çox yerlərində bayramlara özəl olaraq xüsusi endirimlər həyata keçirilir”.
musavat
