Noyabrın 23-ü axşam Simferopol şəhərinin hava limanında Moskvadan gələn reyslə Türkiyə hökumətinin nümayəndə heyətini daşıyan təyyarə yerə enib. Virtualaz.org “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, səfərdə məqsəd yarımadanın investisiya potensialı ilə tanışlıq və Rusiya Krımı ilə iqtisadi əlaqələrin genişləndirilməsidir.
30 nəfərlik nümayəndə heyəti Krımın paytaxtına iki təyyarə ilə gəlib. Heyətə AKP-li deputatlar, Türkiyənin Avrasiya hökumətləri assosiasiyasının rəhbəri Hasan Cengiz, Türkiyə prezidentinin nümayəndəsi İbrahim Erilli, Ankara merinin müavini Ahmet Tunç daxildir. Daha sonra Türkiyə prezidentinin müşaviri, Rəcəb Tayyib Ərdoğanın yaxın qohumu Mehmet Mutlunun Krıma gələcəyi gözlənilir. Heyətin tərkibinə həmçinin Türkiyə iqtisadiyyatının müxtəlif sahələrində çalışan iş adamları da daxildir.
Hasan Cengiz Krımda verdiyi müsahibədə bildirib ki, Qərb telekanallarının Krımdan verdiyi reportajlardakı ab-hava yarımadada mövcud olan real mənzərədən çox fərqlidir. Yeri gəlmişkən, Türkiyə ilə Krım arasında birbaşa aviareyslərin açılması da danışıqların mövzusu olacaq.
Qonaqları Krım tatarları ictimai birliklərinin liderləri və “Krım birliyi” ictimai təşkilatının sədri Seytumer Nimetullayev qarşılayıb. “Biz nümayiş etdirmək istəyirik ki, Krımda Rusiya prezidentinin Krım tatar xalqının reabilitasiyası barədə fərmanı və üç dövlət dili haqqında qanun icra olunur, məscidlər tikilir. Qonaqlar görə biləcəklər ki, Rusiyanın tərkibində çoxmillətli region əminamanlıqda yaşayır və bütün sanksiyalara rəğmən, fəal şəkildə inkişag edir”, - S.Nimetullayev deyib.
Cia.az
