Noyabrın 24-də Türkiyədə növbəti terror aktı baş verib. Adana vilayəti valilik binası qarşısında avtomobilin partlaması nəticəsində 2 nəfər ölüb, 21 nəfər isə yaralanıb. Türkiyənin səhiyyə naziri yaralılardan 5-nin vəziyyətinin ağır olduğunu bildirib. Səhər saatlarında 08.05 radələrində Valilik binasının avtomobil parkı girişində saxlanılmış maşın partladılıb. İlkin ehtimallara görə terroru bir qadın həyata keçirib.
Terror aktı Türkiyədə separatçı kürd siyasətçilərin ardıcıl olaraq həbs olunduğu və AB-Türkiyə münasibətlərinin kəskin pisləşdiyi bir dövrdə baş verir. Yeri gəlmişkən, noyabrın 24-də Avropa Parlamenti Türkiyənin üzvlük müzakirələrinin dayandırılması məsələsini müzakirəyə çıxaracaq. Belə bir hadisələrin fonunda baş verən terror aktı diqqət cəlb edir.
Məsələ burasındadır ki, terror Türkiyəyə qarşı silah kimi istifadə olunub. Hər dəfə bu cür silsilə terror aktları planlı şəkildə hazırlanıb həyata keçirilir və ölkəyə ciddi təsir edir. Xatırladaq ki, Türkiyə son iki ildə PKK və İŞİD terroruna məruz qalır.
Təkcə son il yarımda Türkiyədə törədilən terror aktları nəticəsində 300 nəfərdən artıq insan ölüb, 1000 nəfərdən çox insan isə yaralanıb. 2015-ci il iyulun 20-də Suriya sərhədinə yaxın Suruc qəsəbəsində İŞİD tərəfindən törədilən terror aksiyası nəticəsində 34 insan ölüb, 100 nəfər yaralanıb. Oktyabrın 10-da Ankarada Dəmir Yol Vağzalı qarşısında həmkarlar təşkilatlarının sülh aksiyasında yenə İŞİD tərəfindən törədilən terror nəticəsində 103 nəfər ölüb, 500 nəfər yaralanıb. Bundan başqa, Ankarada fevralın 17-də törədilən terror nəticəsində 28 nəfər ölüb, 80 nəfər yaralanıb, martın 13-də törədilən terror nəticəsində isə 35 nəfər ölüb, 120 nəfər yaralanıb. İstanbulda isə 12 yanvarda, 19 martda və 7 və 28 iyunda terror aksiyaları törədilib. Bu terror aktları nəticəsində 77 nəfər ölüb. Ümumilikdə ötən iki ilə yaxın zaman ərzində Türkiyədə irili xırdanı onlarla terror hücumları baş verib. Bu terror aktları çoxlu sayda tələfata səbəb olmaqla yanaşı, Türkiyə iqtisadiyyatına ağır zərbə vurdu.
Türkiyəli iqtisadçı-ekspertlərin hesablamalarına görə, terror illik orta hesabla Türkiyəyə 40 milyard dollar zərər vurur. Məsələ ondadır ki, terror aktları bir çox hallarda məqsədli şəkildə Türkiyənin turizm bölgələrində törədilir və bununla da xarici ölkələrdən turistləri qorxudaraq onların Türkiyəyə gəlməsinə mane olur. Məsələn Bursa, İstanbul kimi turist bölgələrində. Xüsusən də İstanbulun mərkəzi küçələrində baş verən terror hücumları turist axınına ciddi zərbə vurdu. Məhz bu hücumların nəticəsində Avropa ölkələrindən, xüsusən də Türkiyəyə əsas turist axınına səbəb olan Almaniyada Türkiyəyə səfərlərin azalmasına səbəb olub. Belə ki. ekspertlərə görə. Son iki ildə məhz bu terror aktları səbəbindən Türkiyənin turizm gəlirləri 30 faizdən çox, yəni hardasa 10 milyard dollar civarında azalıb.
Türkiyənin turizm və xidmət sektoruna daha bır zərbə Suriya müharibəsi nəticəsində dəyib. Xüsusən də ötən il noyabrda Türkiyənin Rusiyaya məxsus təyyarəni vurmasından sonra iki ölkə münasibətlərində yaranmış gərginlik nəticəsində ölkə iqtisadiyyatının müxtəlif sahələri, o cümlədən turizm və ticarət ağır zərbə aldı.
Son terror aktları da Türkiyədə davam edən PKK həbsləri və antiterror əməliyyatları ilə əlaqələndirilsə də, bu aktların bir hədəfi də ölkə iqtisadiyyatına zərbə vurmaq, onsuz da sıxıntılı dönəm yaşayan Türkiyəni daha da zəiflətməkdir. Yeri gəlmişkən, qeyd edək ki, xüsusən də 15 iyul qiyamından sonra iqtisadiyyatda artan durğunluq yerli valyutanın – lirənin dəyərinə ciddi təsir edib. Son olaraq türk lirəsi dollara qarşı 3.40-a çatıb. Yalnız noyabrın 24-də prezidentin yanında Mərkəzi Bankın toplantısından sonra faiz dərəcələrinin artırılması ilə bağlı qərar lirədə sabitlik yaradıb, qərardan həmən sonra Türkiyə pulu 1 dollar qarşısında 3.37 lirəyə yüksəlib. Ancaq indiki durumda əvvəlki nəticənin yenidən bərpası qeyri-mümkün görünür.
Terror aktlarının davam etməsi, 3 milyondan artıq qaçqınlar, qeyri-sabitlik Türkiyə iqtisadiyyatına ağır zərbə vurur və belə görünür ki, ölkənin iqtisadi gücünün zəiflədilməsinə çalışan qüvvələr fəaliyyətlərini davam etdirir.
Cia.az
