|
Avropa Parlamenti Türkiyə ilə danışıqları dondurdu
Avropa Parlamenti (AP) Türkiyə və AB arasında üzvlük müzakirələrinin dondurulması ilə bağlı qərar qəbul edib. Noyabrın 24-də Avropa Parlamentində keçirilən müzakirələrdə 479 deputat lehinə, 37 deputat isə əleyhinə olmaqla, Türkiyə ilə müzakirələri dayandırmaqla bağlı qərar layihəsi qəbul olunub. 107 nəfər isə bitərəf qalıb.
 
Qərar tövsiyə xarakterlidir. Üzvlük müzakirələri yalnız Avropa Birliyi (AB) liderləri tərəfindən alınacaq qərarla durdurula bilər. Gələn ay AB üzvü ölkələrin dövlət başçılarının sammiti keçiriləcək. Ancaq Avropa mediası bu toplantıda liderlərin müzakirələrin durdurulması ilə bağlı qərar qəbul edəcəyinə inanmır.
 
Avroparlamentdə Türkiyənin üzvlük danışıqlarının dondurulması ilə bağlı qərar təklifi bir qədər əvvəl irəli sürülüb. AP əsas parlament fraksiyaları bu qərarı dəstəkləyib. Ancaq Türkiyə bu gedişatdan narahat deyil, əksinə, prezident Rəcəb Tayyib Ərdoğan AP-ın bu yöndə alacağı qərarın “heç bir dəyərinin” olmadığını, ancaq belə bir çalışmanın terror təşkilatlarını daha da fəallaşdırdığını bildirib.
 
Qeyd edək ki, Türkiyə ilə bağlı AP-da aparılan müzakirələrdə əsas mövzu 15 iyuldan sonrakı vəziyyət, OHAL (Fövqəladə Vəziyyət) dövründə demokratiya və insan haqları, hüququn aliliyi mövzularında ciddi geriləmələr olub, bu məsələ ilə bağlı rəsmi Ankaraya ünvanlı tənqidlər səsləndirilib. Daha sonra isə Avropa Komissiyasının Türkiyə ilə üzvlük müzakirələrini keçici olaraq dondurması çağırışı edən qərar təklif olunub. AB nizamnaməsinə əsasən, AP üzvlərinin üçdə birinin təklifi ilə üzvlük müzakirələri dayandırılma, müvəqqəti dondurma və yenidən başlatma qərarları alına bilər. 
 
AP müzakirələrində iştirak edən AB xarici siyasət təmsilçisi Federika Meqerini deyib ki, qaçqınlar, Kipr problemi və terrorla mübarizə mövzularında AB-nin Türkiyə ilə yaxından əməkdaşlıq etməsinə ehtiyac var. Ancaq bu çağırış nəticə verməyib. AP qərarında 15 iyul qiyamından sonrakı olaylar, o cümlədən OHAL məhdudiyyətlərinin narahatlıq yaratdığı vurğulanıb. Eyni zamanda qeyd olunub ki, hazırda Türkiyə 10 deputat, 150 jurnalistin həbsi ilə dünya birincisidir. 
 
AP-ın qərarı tövsiyə xarakterli olsa da, qanunverici orqan kimi liderlərin də qərarlarına təsiri ola bilər. Bu səbəbdən hər nə qədər mediada AB sammitində Türkiyə ilə müzakirələri durdurmaq qərarının olmayacağı yönündə fikirlər olsa da, istənilən halda qərar Türkiyə üçün müsbət deyil. Məsələ ondadır ki, Türkiyə uzun illərdir ki, Avropa ilə üzvlük danışıqları aparır. Digər tərəfdən, artıq 50 ildən çoxdur ki, Ankara Avropaya inteqrasiya yolunu tutub. Ölkə iqtisadiyyatı, ticarət əlaqələri Avropa ilə qurulub. Bütün bunlardan imtina etmək, uzun illər formalaşmış əlaqələrin ləğv olunması Türkiyənin uzunmüddətli maraqlarına ziyandır. 
 
Xatırladaq ki, Türkiyə 1963-cü ildə o zaman Avropa İqtisadi Birliyi adlanan qurumla əməkdaşlıq sazişi imzalayıb. 1987-ci ildə isə Türkiyə AB üzvlüyü üçün müraciət edib. Bu proses uzun bir müzakirə və danışıqlar mərhələsindən keçib, nəhayət, 1999-cu ildə AB Türkiyəni üzvlüyə namizəd ölkə olaraq qəbul edib. Yalnız 2005-ci ildən Türkiyə və AB arasında tam üzvlük danışıqları başlayıb. Türkiyənin birliyə üzvlüyü ilə bağlı Avropa Birliyinin bir sıra tələbləri, o cümlədən qanunlarda dəyişiklik tələbləri var. 

Ancaq zaman-zaman bu mövzularda fikir ayrılıqları yaranıb. Türkiyədə bir sıra siyasətçilər Avropa Birliyinin bir “xristian klubu” olduğunu və müsəlman Türkiyənin birliyə üzv qəbul olunmayacağını iddia edirlər. 
cia.az