ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələn il yanvarın 20-də keçirilməsi nəzərdə tutulan inauqurasiya mərasimində kimlərin iştirak edəcəyi barədə müzakirələr gedir.
Azərbaycandan kimin və ya kimlərin mərasimə dəvət edildiyi xüsusilə maraqla izlənir. ABŞ mediasında yayılan xəbərlərə görə, inauqurasiya mərasiminə hazırlıq işləri və dəvətlər artıq ünvanlarına göndərilməyə başlanıb. Lakin söhbət ABŞ vətəndaşları olan şəxslərin dəvətindən gedir.
Azərbaycanı mərasimdə kimin rəsmi təmsil edəcəyi isə hələ dəqiqləşməyib. Kimlərə ABŞ-dan dəvət gəldiyi məsələsinə gəlincə, bir neçə gün öncə mediada “Amerika-Azərbaycan” Alyansının sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun və Ziya Məmmədovun dəvət edildiyi barədə xəbərlər yayılıb. Ziya Məmmədov isə Trampın inauqurasiya mərasiminə dəvət edilmədiyini “Yeni Müsavat”a açıqlamasında bildirib. Anar Məmmədov isə hələ bu barədə nə təkzib, nə də təsdiqləyici açıqlama verməyib.
Hələlik bu iki məşhur şəxsdən başqa heç kimin adı “ABŞ-a dəvət edildi” deyə, çəkilmir.
ABŞ-ın yeni prezidentinin inauqurasiya mərasiminə Azərbaycandan kimlərin dəvət edilib-edilmədiyini araşdırdıq. Bu məqsədlə ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət etdik. Səfirliyin əməkdaşı Mehdi Hüseynquliyev bildirdi ki, bu gün (24 noyabr-red.) ABŞ-ın Şükran bayramıdır, ona görə də iş günü deyil. Səfirlik əməkdaşı bizə gözləməyi məsləhət etdi və bayramdan sonra dəqiqləşdirib məlumat verəcəyini söylədi.
Xatırladaq ki, prezidentlərin inauqurasiya mərasimi ənənəvi olaraq yanvarın 20-də ABŞ Konqresində həyata keçirilir və yeni prezident yanvarın 21-dən rəsmi fəaliyyətə başlayır.
Donald Trampın inauqurasiyası ABŞ tarixinə 57-ci inauqurasiya mərasimi olaraq düşəcək. ABŞ prezidentləri əlini İncilin üzərinə qoyaraq and içirlər.
Cia.az
