|
Ağ Ev rəsmisinin müxalifətlə qapalı görüşü-niyə yalnız “üçlük”?
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinksin Bakı səfəri geniş müzakirələrə səbəb olub. Prezident İlham Əliyevlə görüşən xanım Brinks ölkə müxalifəti və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşüb. 

Xanım Brinkslə görüşdə Azərbaycanın müxalif partiyalardan üçü iştirak edib. Görüşdə Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və REAL hərəkatının icra katibi Natiq Cəfərli iştirak etdi. 
 
Digər siyasi qurumların görüşə dəvət almamaları diqqətdən qaçmadı. 

N.Cəfərli görüşün detalları barədə “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Görüşdə bütün məsələlərə toxunuldu. Eyni zamanda həm ölkədəki insan haqlarına, həm şimal və cənubdan gələ biləcək təhlükələrə, həm də Qarabağ məsələlərinə toxunuldu. Mən daha çox İlqar Məmmədovla bağlı məsələyə ciddi önəm verdim. Bu məsələ müzakirə olundu və xanım Brinks bizə dedi ki, prezidentlə görüşdə İlqar Məmmədov məsələsi bir daha müzakirə olunub. O, tezliklə İlqar bəyin azadlığa buraxılacağına inandığını söylədi. İqtisadi müzakirələrdən tutmuş siyasi risklərə qədər bir çox fikir mübadiləsi aparıldı. Düşünürəm ki, belə fikir mübadilələrinin olması çox vacibdir. Ümumiyyətlə, müxalifətlə görüşüb, onların da fikirlərini almaq çox doğru qərardır. Belə əlaqələrin olması çox vacibdir və gələcəkdə bunlar davam edəcək. Amerikada yeni komandanın hakimiyyətə gəlməsi belə əlaqələrin dəyişməsinə səbəb olmayacaq. Çünki Amerikanın dövlət maraqları və dövləti idarəetmənin formaları tamam fərqlidir. Bu barədə də söhbət oldu. Xanım Brinks təsdiqlədi ki, Amerikada administrasiyanın dəyişməsi belə kontaktlara münasibətin dəyişməsinə səbəb olmayacaq. Amerikanı tanıyanlar və idarəetməsini bilənlər anlayırlar ki, onlarda məmurlar dəyişmir. Orada dəyişən idarəçilərdir. Dövlət Administrasiyasında dövlət katibi dəyişdikdə, təbii ki, öz komandası ilə gəlir. Yuxarı pillələrdə öz komandası ilə işləməyə çalışır. Aşağı pillələrdə isə heç bir dəyişiklik olmur”.
 
İqtidaryönlü deputat Zahid Oruc Brinksin səfərinin böyük maraq doğurduğunu qeyd etdi: “Amerikanın idarəetmə maşını yüz minlərlə insandan ibarətdir. Bu sistemi və vəzifələri dəyişmək ənənəsi yoxdur. Bürokratik sistemin əksəriyyəti dəyişməz olaraq qalır. Bir çoxları hesab edir ki, yeni hakimiyyət hansı partiyadan asılı olmayaraq, əvvəlki kursu qoruyub saxlayacaq. Tramp əslində respublikaçıların üzvü deyildi. Onun qalib gəlməsi bir fenomendir. Göründüyü kimi seçki kampaniyası dövründə partiyasının ən önəmli simaları belə ona qarşı çevrilmişdilər. Amerikanın konkret yeni hakimiyyətinin Azərbaycana qarşı münasibəti necə olacaq? Bu və ya digər məsələlər ətrafında çox maraqlı təhlillər getməkdədir. Bizə görə Amerikanın beynəlxalq aləmdə yürütdüyü siyasətdə geri çəkilmələr olacaq. Göründüyü kimi, NATO-nun üzərində sual işartıları var. Avropa məkanında liderlik Merkelə veriləcəkmi kimi suallar var. Tramp və onun komandasının Qafqaz regionunda çox da fəal olmayacağını indidən söyləmək mümkündür. Rusiya ilə münasibətlərin qurulacağı təqdirdə rəsmi Moskvanın bölgədə çəkisi artacaq. İddia etmirəm ki, bu razılaşdırılmış şəkildə olacaq. 
 
Hər halda, geridə qoyduğumuz onilliklərdə ABŞ Azərbaycanla bir sıra layihələr qurub və bunun üzərindən xətt çəkmək mümkün deyil. Azərbaycan isə bundan imtina etməyəcək. Çünki sonrakı illərdə Rusiya və İranla əlaqələrimiz yaxşı olsa da, bu dövlətlərə neft və qaz satmaq imkanlarımız yoxdur, çünki onların özlərinin varıdır. Düşünürəm ki, Brinksin səfərində əsas məqsəd Azərbaycan hakimiyyətinə mesaj vermək idi ki, Obama dönəmi ilə biz soyuq vəziyyətdə vidalaşmırıq. Obamanın 8 illik hakimiyyəti dövründə Cənubi Qafqaza gəlmədiyinin şahidi olduq. Hətta aralarında assosiativ saziş olan Gürcüstana belə Obama səfər etmədi. 
 
Son illərdə isə Azərbaycanla münasibətlər kifayət qədər aşağı ranqa keçmişdi. Hətta iş o yerə çatdı ki, bayramlarda formal təbrikləşmə belə yaddan çıxdı. Xanım Brinksin səfərində düşünürəm ki, mesajlar verildi ki, bu problemlər aradan qaldırılmalıdır, burada müəyyən qədər vədlər də var. Gördüyünüz kimi, media ilə açıq dialoq baş verdi, Azərbaycan hakimiyyəti barəsində müsbət fikirlər söylənildi. Amma paralel olaraq həmin gün ABŞ Dövlət Departamenti İlqar Məmmədovla bağlı bəyanatla çıxış etdi. Demək, burada bir neçə istiqamətli tədbirlər var. Azərbaycan tərəfi də öz mövqeyini israrla ortaya qoymaqdadır”.

B.Brinksin ölkə müxalifəti ilə görüşündə iştirak etməyən Ümid Partiyasının sədri İqbal Ağazadə görüşə dəvət almadığını bildirdi: “Olub belə şeylər. Bəzən mən belə görüşlərə dəvət almışam, başqaları iştirak etməyib. Çox güman ki, bu görüşü təşkil edənlərdən asılı olan məsələdir. Bu baxımdan, hesab edirəm ki, bu, cavab verə biləcəyim bir məsələ deyil. Amma praktikada belə şeylər çox olub. Görüş barədə məlumatım yoxdur. Buna görə də nələrin müzakirə olunduğunu da bilmirəm”.
cia.az