Bakının Binəqədi rayonunda qaz sızması nəticəsində baş vermiş partlayış zamanı iki mənzilə ziyan dəyib. Partlayış Abay küçəsindəki 6-cı binanın ikinci mərtəbəsində qeydə alınıb.
Beşmərtəbəli binanın ikinci mərtəbəsindəki partlayışdan sonra yanğın da olub və nəticədə mənzildə olan əşyalar yanaraq külə dönüb. Partlayış o qədər güclü olub ki, 3-cü mərtəbədəki mənzilə də təsirsiz ötüşməyib. Üçüncü mərtəbədə olan mənzilin mətbəxi yararsız hala düşüb.
Bina sakinlərinin dediyinə görə, hadisə baş verən evin sahibi bir neçə ildir ki, xarici ölkədə yaşayır və mənzildə indiyə kimi yaşayan olmayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğına Nəzarət Xidmətinin əməkdaşları cəlb edilib. Partlayışa səbəb kimi mənzilə qaz sızması göstərilir. Hadisə zamanı xəsarət alan olmayıb.
Cia.az
