|
İpoteka kreditləri üzrə müraciətlərin qəbuluna başlanıb
Ölkədə ipoteka kreditlərinin gələn həftədən bərpa ediləcəyi gözlənilir. Ekspertlər məsələni fərqli şəkildə dəyərləndirirlər. İpoteka Fondunun kreditləşmə üçün vəsaiti necə tapacağı da sual olunur. Çünki Fond 2013-cü ildən özünü maliyyələşməyə keçməli idi. 
Artıq “Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankları tərəfindən http://www.e-ipoteka.az/ internet portalı üzərindən ipoteka kreditləri üzrə vətəndaşlardan müraciətlərin qəbuluna başlanılıb. Bu barədə Fonddan məlumat verilib. İpoteka kreditlərinin verilməsi müvəkkil təşkilatların iştirakı ilə həyata keçirilir. Müvəkkil təşkilatlar “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilərin seçilməsi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq seçilir. Bu Qaydalar əsasında artıq bir sıra müvəkkil təşkilatlarla müvafiq müqavilələr bağlanılıb. Müvəkkil təşkilatların siyahısına daxil olmaq istəyən banklar, sığortaçılar və qiymətləndiricilər tərəfindən müraciətlər daxil olur və yeni müvəkkil təşkilatlar barədə əlavə məlumatlar təqdim olunacaq.
 
Qeyd edək ki, hazırda AİF-in cəmi 8 müvəkkil bankı var. Bu, “AGBank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “Bank BTB”, “Xalq Bank”, “Kapital Bank”, “NBC Bank” və “PAŞA Bank” ASC-lərdir. Yaxın vaxtlara qədər onların sayı 25 olub. Bundan başqa, Fondun müvəkkil sığorta şirkətlərinin sayı da 4-5 dəfə azaldılıb. Hazırda qurum 4 sığorta şirkəti– “Qala Həyat Sığorta”, “Qala Sığorta”, “PAŞA Həyat Sığorta” və “PAŞA Sığorta” ASC-lərlə əməkdaşlıq edir. Yalnız bu şirkətlər borcalanın həyatını və ipoteka predmeti olan daşınmaz əmlakı sığortalaya bilər. AİF-in müvəkkil qiymətləndirici şirkətlərinin sayı isə 8 dəfə azaldılaraq 2-yə endirilib. Hazırda müvəkkil banklar ipoteka kredirtləşməsi yolu ilə əldə edilən əmlakın qiymətləndirilməsini yalnız “Biləndər” firmasına və “MBA Ltd.” MMC-yə həvalə edə bilərlər. Güzəştli ipoteka kreditləri ilkin ödəniş 15 faiz olmaqla illik 4 faizlə 30 il müddətinə, adi ipoteka kreditləri isə 15-25 faiz ilkin ödənişlə illik 8 faizlə 25 il müddətinə verilir. Maksimal məbləğ hər ikisi üçün 100 min manatdır.
 
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qeydə aldığı yeni istiqraz emissiyasının prospektinə əsasən, AİF tərəfindən dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının buraxılması nəzərdə tutulub. 
Ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, ipoteka ilə bağlı 2016-cı ildə 200 milyon manat əlavə vəsait nəzərdə tutulmuşdu: “Gələn ilin büdcəsində də yüz milyon nəzərdə tutulub. Amma burada da problem onda ibarətdir ki, hökumətin öz qərarı ilə 2013-cü ildən İpoteka Fondu özünü maliyyələşməyə keçməli idi. Amma üstündən üç il keçib, Fond özünü maliyyələşdirə bilmir. Dövlət büdcəsindən dotasiya, kömək və yardım almaqda davam edir. Burada da işin quruluşunda, işə yanaşmada ciddi problemlər var. Bildiyim qədəri ilə, ipoteka kreditlərinin geri dönüşündə də problemlər yaşanır. İnsanlar iş yerlərini itiriblər, gəlirləri azalıb. Bununla da bağlı ciddi problemlər var. Ona görə də büdcədən vəsait nəzərdə tutulub. Sadəcə, bunun effektiv idarə edilməsində problemlər var deyə, hələ də Fondun səmərəli fəaliyyətini görmürük”.   
Ekspert Rəşad Əliyev isə qeyd edib ki, hazırda Mərkəzi Bankın uçot dərəcəsi 15 faizdir, yəni MB banklara krediti həmin faizə verir: “Mərkəzi Bankın özü banklardan vəsaitləri depozit hərracında 21 noyabrda orta hesabla 14,98 faizdən cəlb edib. Özü də tələb nə az, nə çox, 105 milyon manat olub. SOCAR-ın dollar istiqrazları 5 faizdən yerləşdirilib. Maliyyə Nazirliyi də dövlət istiqrazlarını yuxarı faizlə cəlb edir. Bu günlərdə isə İpoteka Fondu 50 milyon manat məbləğində istiqraz yerləşdirmək niyyətindədir. Bu vəsaitlər 8 faizlə adi ipoteka kreditlərinin verilməsinə yönəldiləcək və bunun üçün aşağı faizlə cəlb edilməlidir. Əvvəllər fond istiqrazları 3 faizdən yerləşdirirdi və həmin vaxt manatın məzənnəsi möhkəm idi, üstəlik də MB-nin uçot dərəcəsi dəfələrlə aşağı idi. O vaxt da bu istiqrazların alınması o qədər də sərfəli deyildi. Məsələn, bir dəfə iri banklardan birinin vəzifəli şəxsinə sual verəndə, dedi ki sərbəst vəsait olanda həmin istiqrazları likvid aktiv kimi saxlamağa dəyər, ancaq əgər pul çoxdursa. İndi şərait dəyişib. İndi vəsait cəlb etmək olar, ancaq hansı faizlə? Çünki istiqraz çox aşağı faizlə yerləşdirilməlidir, maliyyə institutlarına isə bu maraqlı deyil. Heç kim digər sərfəli maliyyə alətlərini qoyub 3-4 faizlik istiqrazları almaz. Sözsüz ki, istiqraz yerləşdirilməsinə qərar verənlər bunun yolunu müəyyən ediblər. Bizə isə ancaq ehtimal və ümid etmək qalır. Bəs bu vəsait hardan tapılacaq? Birinci ehtimal Maliyyə Nazirliyidir. Bu inandırıcı görsənmir, çünki nazirliyin büdcə ilə problemləri onsuz da çoxdur. Digər tərəfdən, nazirliyin özü dövlət istiqrazlarını daha yüksək faizə özü cəlb edir. İkinci ehtimal istiqrazların Mərkəzi Bank tərəfindən alınmasıdır. Bu, bir qədər qəribə görsənsə də, belə ehtimal az da olsa var. Çünki MB-nin birbaşa kredit vermə təcrübəsi olub və istiqraz alması da bunun fonunda qeyri-adi görünməz. Daha yüksək ehtimal isə üçüncüdür. Manatla çoxlu həcmdə sərbəst maliyyə vəsaitləri olan banklara bu işin “tapşırılması” istisna deyil. Bu, onlara sərf etməsə belə, istisna edilmir. Sual oluna bilər ki, nə üçün istiqrazların yerləşdirilməsinin incəlikləri bu qədər vacibdir? Çünki bu yerləşdirmə nəticəsində bilinəcək ki, gələcək maliyyə mənbələri haradan formalaşacaq və onun gələcək potensial həcmi nə qədər olacaq”.(musavat)