|
Ölkə siyasətinin episentri niyə daha parlament deyil?
Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev “Yeni Müsavat”a müsahibəsində bildirib ki, Gürcüstanda siyasi həyatın ağırlıq mərkəzi məhz parlamentdədir. Hakimiyyət olimpində qalmaq istəyənlər mütləq parlamentdə güclü fraksiyalara malik olmalıdırlar. Onun “Mixail Saakaşvilini parlament yetişdirdi, parlament də yıxdı” deməsi Azərbaycanda da bir zamanlar parlamentin ciddi mübarizə meydanı olduğunu, bir çox siyasətçiləri, siyasi qüvvələri yetişdirdiyini, həmçinin hakimiyyətdən uzaqlaşdırdığını xatırladır. 

Bu barədə danışan politoloq Natiq Miri bildirdi ki, əslində parlament siyasətçiləri dövlət adamı olaraq yetişdirə bilən məktəb rolunu da oynayır: “Həqiqətən də Saakaşvili məhz deputat olaraq Gürcüstanda özünü bir siyasi fiqur kimi tanıtdı və hakimiyyətə gələ bildi. Azərbaycanda da 1993-cı illərin əvvəllərində ölkə siyasətinin episentri məhz parlament idi. Hakimiyyət dəyişiklikləri ilk olaraq məhz parlamentdə baş verirdi. Xalq Cəbhəsinin siyasi elitası sayılan şəxslərin çoxu parlamentdə mübarizələri ilə siyasətdə önə çıxmışdılar. Xalq Cəbhəsi öncə parlamentə İsa Qəmbərin spiker seçilməsi ilə hakimiyyətə gəldi və təxminən bir ay sonra prezident seçkilərində mərhum Əbülfəz Elçibəy prezident seçildi. Yəni Elçibəy prezident seçiləndə əslində AXC bir aya yaxın idi hakimiyyətdə idi. AXC yeni yarandığı zaman 1990-cı ildə seçilən Ali Sovetdə deputatlardan ibarət ”Demokratik blok" yaranmışdı və 25 nəfərdən ibarət həmin blokun əksəriyyəti AXC-nin üzvləri idi. Həmin üzvlər meydanda mübarizə aparmaqla yanaşı, həm də parlamentdə siyasətçi kimi formalaşdılar və gələcək hakimiyyətə hazırlandılar, özlərini cəmiyyətə parlamentdən tanıtdılar, təqdim etdilər. AXC-nin hakimiyyətə rəsmi gəlişi məhz parlamentdən başlandı".
 
Related image
 
Ekspert xatırlatdı ki, AXC-nin hakimiyyətdən rəsmi gedişi də parlamentdə baş verdi: “1993-cü il 4 iyun hərbi qiyamından sonra parlamentdə çox gərgin vəziyyət yaranmışdı. Prezident Elçibəydən sonra hakimiyyət piramidasında ən həlledici fiqur parlamentin sədri İsa Qəmbər idi. Xatırlayırsınızsa, prezidentdən öncə məhz İsa Qəmbərin istefa verməsinə hakimiyyət əleyhdarları bütün gücləri ilə çalışırdılar. Onlar bilirdilər ki, parlamentdə hakimiyyət dəyişikliyinə nail olmaq ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq deməkdir. İsa Qəmbərin istefasından sonra məhz belə də oldu. Beləliklə, AXC ilk olaraq parlamentdə hakimiyyətə gəldiyi kimi ilk olaraq da parlamentdə hakimiyyətdən salındı. İsa Qəmbərin istefasından sonra hakimiyyəti saxlamaq mümkün olmadı”.
Cia.az