|
Ailə büdcəsinə necə qənaət etməli - ekspert məsləhəti
Hazırda dünyada yaşanan iqtisadi böhran və Azərbaycan iqtisadiyyatındakı problemlər hökuməti 2017-ci ilin büdcəsini hazırlayarkən qənaət rejiminə keçməyə vadar etdi. Demək olar ki, büdcədə əksər investisiya xərcləri ixtisar olunub. 

Ailənin də kiçik bir dövlət olduğunu nəzərə alsaq, hazırkı iqtisadi böhran şəraitində ailə büdcəsinin də planlaşdırılmasına və qənaət edilməsinə ehtiyac var. Hazırda əhalini düşündürən əsas suallardan biri də məhz budur. Ailə büdcəsini necə qənaətlə idarə etmək olar? Hansı xərcləri azaltmaqla aylıq gəlirlərinin normal dolanışıq üçün yetərli olmasına nail ola bilərlər? 

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanda ailələrin maliyyə savadlılığı yetərli olmadığından ailə büdcəsinin planlı şəkildə idarə edilməsi təcrübəsi zəifdir: “Belə bir ifadə var ki, pulu qazanmaqdan çox xərcləmək çətindir. Ailə büdcəsinin idarə edilməsi məsələsində bir çox ailələrdə çətinliklər yaşanır. Ümumiyyətlə götürdükdə bir çox ailələrdə maliyyə savadlılığı səviyyəsi çox aşağıdır. Xüsusilə ailə büdcəsinin idarə edilməsində praktik yanaşmalar yoxdur. Yəni ailə tərəfindən xərclər sisteminin formalaşdırılması, əsas və ikinci dərəcəli xərclərin ayrılması kimi bir yanaşma müşahidə olunmur.  Bu hər bir ailənin üzləşdiyi problemlərdən biridir. Hazırda gəlirlər kifayət qədər azalıb. Belə bir şəraitdə təbii ki, əhali xərclərini də bölməlidir. Ərzaq xərcləri, təhsil və səhiyyə xərcləri ön planda gəlməlidir. Bundan sonra növbəti xərclərin, borc öhdəliklərinin, kreditin və sairin ödənilməsinə keçmək olar”. 
 
İqtisadçı onu da tövsiyə etdi ki, hazirkı iqtisadi şəraitdə kredit və borc öhdəliklərindən imtina etməyə ehtiyac var: “Hazırda ölkə vətəndaşlarının bir qismi artıq kredit öhdəliklərini yerinə yetirmək iqtidarında deyillər. Xərclər əhəmiyyətlilik dərəcəsinə görə sıralanmalıdır. Ailənin gəlirlərinə uyğun olaraq onların icra olunmasına diqqət göstərilməlidir.  İlk növbədə ailə üzvlərinin qidalanması nəzərə alınmalıdır. Xərcləmə prosesində də diqqətli olmaq lazımdır. Daha çox iri marketlərdəki endirim kampaniyalarından  yararlanmaq lazımdır. Düzdür, bəzən bu fərqlər bir neçə qəpik ola bilər. Ancaq ümumi götürdükdə, ailə büdcəsində xeyli qənaətə səbəb olur. Bu şəkildə ərzaq məhsullarına gedən xərclərə müəyyən qədər qənaət etmək olar”. 
 
İqtisadçının sözlərinə görə, ailə xərclərinin ən önəmli hissəsini nəqliyyat xərcləri tutduğundan mümkün  qədər ictimai nəqliyyatdan istifadəyə üstünlük vermək lazımdır: “Nəqliyyat xərclərinə nisbətən daha diqqətlə yanaşılmasına ehtiyac var. Azərbaycanda sərnişin daşımanın aşağı səviyyəli inkişafı insanların bu istiqamətdə seçimini məhdudlaşdıran amillərdən biridir. Ancaq büdcə üçün hər hansı çətinlik ortaya çıxırsa, bu zaman insanlar məcburdur ki, buna qərar versinlər, daha çox fərdi maşınlarından deyil, ictimai nəqliyyat vasitəsindən istifadə etməklə ailənin aylıq nəqliyyat xərclərini müəyyən qədər aşağı sala bilərlər. Bundan başqa, indiki halda ailənin əlavə borc yükünün qarşısını almaq məqsədilə imkan daxilində kreditlərin götürülməsinə məhdudiyyət qoyulmalıdır. Çünki hazırkı dövrdə növbəti dövrlər üçün gəlirlərin planlaşdırılması olduqca çətindir. 
 
Növbəti aylarda gəlirlərin indiki səviyyədə olacağını düşünmək olmaz. Ona görə də ailələr çalışmalıdırlar ki, hazırkı şərtlər daxilində borclanmasınlar. Bundan başqa, əyləncə xərclərinə müəyyən qədər məhdudiyyət qoysunlar. Lakin vətəndaşların qənaət etməsi iqtisadi baxımdan ölkə üçün o qədər də arzuolunan hal deyil. Bu, vergilərin, dolayısı ilə də büdcəyə daxilolmaların azalmasına gətirib çıxaracaq. Son nəticədə istehsala mənfi təsir göstərir. Ancaq təbii ki, vətəndaş makroiqtisadi faktorları öz ailə  büdcəsində nəzərə ala bilməz. Onun  üçün prioritet aylıq gəlirləri ilə ailənin zəruri tələbatını ödəməkdir”. 
Cia.az