Gələn il Azərbaycanda yaşayış minimumunun artırılması gözlənilir. “Turan” agentliyinin xəbərinə görə, “2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində onun 155 manat olması təklif olunur.
Layihəyə görə, yaşayış minimumu əmək qabiliyyətli əhalidən ötrü 18,5 manat artırılaraq 164,5 manata qaldırılacaq. Pensiyaçıların yaşayış minimumunun 15,2 manat artırılaraq 130,2 manata, uşaqların isə 19,6 manat artırılaraq 136,6 manata çatdırılması təklif olunur. 2016-cı ildə yaşayış minimumu 136 manat təşkil edib.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, əslində Azərbaycanda yaşayış minimumu ilə bağlı əsas problem onun hesablanması ilə əlaqəlidir: “Hesablanma qaydalarında ciddi qüsurlar var. Qonşu ölkələrin, hətta Şərqi Avropa ölkələrinin yanaşması ilə Azərbaycanın yanaşması, hesablama qaydaları çox fərqlidir. Artıq dünyada yaşayış minimumuna hətta internet xərclərindən tutmuş mədəni tədbirlərdə iştirak xərclərinə qədər hər şey daxil edilir. Azərbaycanda isə çox primitiv şəkildə, əsasən ərzaq və nəqliyyat xərclərindən ibarət bir yaşayış minimumu hesablanır. Bu indikatorlar da çox aşağı səviyyədə götürülür. Bu il yaşayış minimumunun artırılması əslində hökumətin xoş niyyətindən irəli gəlmir. Qanunvericilikdə rəsmi inflyasiya qədər yaşayış minimumunun indeksləşməsi məsələsi nəzərə tutulub. Bu il də rəsmi inflyasiya təqribən 12 faiz civarındadır. Buna uyğun olaraq yaşayış minimumunun artırılması nəzərdə tutulur.
Bir misalla bunu izah etmək olar ki, Avropa Birliyinin ən kasıb ölkəsi sayılan Bolqarıstanda yaşayış minimumu 190 avrodur. Bizim indiki məzənnə ilə hesablasaq, az qala, 350-360 manat civarında bir yaşayış minimumu hesablanır. Yəni Avropanın ən kasıb ölkəsində yaşayış minimumu bizdən iki dəfədən çoxdur. Bunun özü elə onu sübut edir ki, Azərbaycanda yaşayış minimumunun hesablanması və əhaliyə yetəcək səviyyədə olması bir sual altındadır və böyük problemdir.
Ona görə də Azərbaycanda yaşayış minimumunun ilkin olaraq indikatorları dəyişməlidir, hesablanma qaydaları dəyişməlidir və reallığa daha uyğun bir yaşayış minumumu indeksi hesablanmalıdır. Maaşların, pensiyaların hesablanması yaşayış minimumuna dayanır. Əgər artım olsa, təqaüdlərdə də artım olmalıdır. Büdcənin problemli olduğu bir vəziyyətdə, gəlirlərin azaldığı bir vəziyyətdə düşünürəm ki, hökumət buna getmək istəmir. Bunun üçün maliyyə imkanları da yoxdur. Ona görə də hökumət bu indikatorları dəyişməkdə və yaşayış minimumunu normal şəkildə hesablamaqda maraqlı deyil”.
İqtisadi Tədqiqatlar Mərkəzi isə (İTM) yaşayış minumumunun gerçək dəyərini hesablayıb. Nəticələrə görə, oktyabr ayında yaşayış minimumunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 199,9 manat, uşaqlar üçün 259,9 manat olub. 2017-ci il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən ediləcək. Rəsmi rəqəmlərin reallığını yoxlamaq üçün İTM ekspertləri Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlər üzrə yaşayış minimumunun dəyərini hesablayıb. İTM ekspertlərinin cari ilin oktyabr ayına olan qiymətlər əsasında apardığı alternativ hesablamalara görə, yaşayış minimumunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 199,9 manat, uşaqlar üçün 259,9 manat olub. Ötən aya olan yaşayış minimumunun gerçək dəyəri növbəti il üçün müəyyənləşdirilən rəsmi dəyərindən əmək qabiliyyətli əhali qrupu üzrə 88,9 manat və 35,1 faiz çox, pensiyaçılar qrupu üzrə 69,7 manat və ya 34,9 faiz, uşaqlar üçün 123,3 manat və ya 47,5 faiz çoxdur. Hesablamalar arasında daha böyük kənarlaşma- 2 dəfəyə yaxın fərq uşaqlar üçün yaşayış minimumu dəyərində qeydə alınıb. Uşaqlar üçün yaşayış minimumunun dəyərinin yuxarı olmasının başlıca səbəbi Azərbaycanda uşaqlar üçün qida və geyim məhsullarının baha olması ilə izah olunur.
“Eyni zamanda İTM-in apardığı gerçək hesablamalar göstərib ki, ərzaq məhsullarına yönələn xərclərin əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun dəyərində payı 58 faiz, pensiyaçılar üçün yaşayış minimumunun dəyərində payı 67 faiz, uşaqlar üçün yaşayış minimumunun dəyərində payı 61 faiz təşkil edib. Beləliklə, ərzaq xərcləri pensiyaçıların yaşayış minimumunun dəyərində daha çox paya malikdir”,- deyə ekspert Qubad İbadoğlu bildirib.
Cia.az
