Amerikanın yeni prezidenti Donald Trampdan bütün dünyada olduğu kimi, Azərbaycanda da müəyyən gözləntilər var. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupunda həmsədr olan ölkələrdən biri kimi ABŞ-ın bundan sonra obyektiv addımlar atacağına inam böyükdür.
Çoxları hesab edir ki, son 8 ildə bu problemin həlli yolunda ədalətli olmayan, ikili siyasət yürüdən müsəlman Barak Obamanın etmədiklərini xristian Donald Tramp edəcək. Trampın qələbəsindən sonra bu istiqamətdə ümidlərin artmasına səbəb onun seçki kampaniyası və seçkidən sonrakı dövrdə səsləndirdiyi açıqlamalardır. Öncəliklə qeyd edək ki, ABŞ-ın yeni prezidenti Rusiya və Türkiyə ilə münasibətləri normallaşdıracağı ilə bağlı önəmli açıqlamalarını hələ seçkidən öncə vermişdi. Qalibiyyətindən sonra da artıq bunun rüşeymləri görünməyə başlayıb.
Bu dövlətlərdən Rusiya daim Ermənistanın yanında olsa da, Türkiyə bizə qardaş ölkədir. Ekspertlər hesab edirlər ki, Tramp hər iki dövlətlə əlaqələri yaxşılaşdıracağı halda, Türkiyənin Dağlıq Qarabağla bağlı atacağı müsbət addımlar üçün şərait yetişəcək və rəsmi Moskvaya təsir etmək imkanları atacaq. Eyni zamanda, Amerikanın Türkiyə və Azərbaycanla münasibətləri pozmamaq üçün Dağlıq Qarabağla bağlı yürütdüyü ikili siyasətdən əl çəkə biləcəyi vurğulanır.
Müstəqil politoloqlar içərisində Trampın özündən əvvəlki ABŞ sistemini dəyişməyəcəyi ilə bağlı fikirlər söyləyənlər də var. Onlar hesab edirlər ki, dünyanın əsas güc mərkəzində yalnız rəhbərlər dəyişir, sistem dəyişməz qalır. Bu baxımdan Trampın bu sistemdən imtina etməyəcəyi bildirilir.
Siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, Dağlıq Qarabağ məsələsi rəsmi Vaşinqton üçün son sıralarda yer alan münaqişədir: “Barak Obamanın prezidentliyi və Hillari Klintonun dövlət katibliyi dövründə ABŞ-Azərbaycan münasibətlərində irəliləyiş qeydə alınmadı. Tam əksinə, bu dövrdə Bakıda Amerikanın müxtəlif fondları və Konqresin maliyyələşdirdiyi AzadlıqRadiosu qapandı, xarici qrantlara qadağa qoyuldu. Digər tərəfdən, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə marağı yoxdur. Bu münaqişə Vaşinqton üçün son sıralarda yer alıb. Vaşinqton-Bakı münasibətləri yeganə olaraq enerji əməkdaşlığında müsbət tendensiyaya malikdir, sıx dialoq mövcuddur. Vaşinqton Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Bakıya hər cür dəstək verir, hətta bu məqsədlə Avropa İttifaqı dövlətlərində Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti aparır. Donald Trampın Administrasiyası bu dəstəyi davam etdirəcək. Adətən respublikaçı prezidentlər geosiyasi amillərə önəm verirlər.
Demək Tramp da bir respublikaçı kimi bu amildən çıxış edərək Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir. Buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Trampın formalaşdıracağı administrasiyanın Obama Administrasiyasından yaxşı mənada fərqlənməyəcəyini düşünürəm. Əksinə, Tramp vəd etdiyi kimi Putinlə dostlaşsa, Rusiya Cənubi Qafqazda özünü daha rahat hiss edəcək ki, bu Azərbaycanın maraqlarına uyğun deyil. Və ya ən pis halda Donald Tramp Krımın Rusiyanın tərkib hissəsi qəbul etsə, bu digər münaqişələr üçün təhlükəli presedent olacaq.
Amerikanın siyasi sistemi Azərbaycanın ayaqları üstündə möhkəm dayanmasında, dünyəvi müsəlman ölkəsi kimi inkişafında, o cümlədən Rusiyanın və İranın mümkün təsirlərindən qorunmasında maraqlıdır. Bu siyasət isə artıq Azərbaycanın maraqlarına uyğundur. Ona görə də rəsmi Bakı Vaşinqtonun regional siyasətindən nə qədər narazı olsa da, balanslaşdırılmış xarici siyasət çərçivəsində Amerikanın yeni administrasiyası ilə əməkdaşlığın yollarını axtarmalıdır.
Məsələn Donald Tramp son müsahibələrinin birində deyib ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq. Bu Azərbaycan hakimiyyətində müsbət qarşılanmaya bilməz. Çünki, rəsmi Bakı Vaşinqtonun siyasətində ən çox bundan narazı idi. Azərbaycan hakimiyyəti Vaşinqtonun “rəngli inqilab” siyasətindən ehtiyat etdiyindən ABŞ-ın Bakıdakı fondlarını və Konqresin maliyyələşdirdiyi “AzadlıqRadiosunu qapatdı.
Tramp vəd etdiyi kimi Amerikanın başqa ölkələrin xarici işlərinə qarışmayacağını bildirirsə, rəsmi Bakı indidən bir jest olaraq yeni admninistrasiya ilə körpü yaratmaq məqsədilə həmin fondların və AzadlıqRadiosunun fəaliyyətinə yenidən şərait yarada bilər. Ancaq belə bir addımın atılıb-atılmayacağını söyləmək çətindir. Çünki, başqa reallıq da var. Azərbaycanı yaxın illərdə ciddi iqtisadi sınaqlar gözləyir. Ona görə hakimiyyət kənardan maliyyələşən tənqiddən daha çox ehtiyat edə bilər”.
