|
250 min məcburi köçkün yeni mənzilə köçüb

Son 13 ildə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Furio de Angelis ilə görüşdə bildirib.

Nazir məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqda məlumat verib. “Qaçqınların mənzillərlə təmin olunması üçün 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb, 250 min qaçqın yeni mənzilə köçürülüb”, -nazir deyib.

Furio de Angelis isə qaçqın və məcburi köçkünlərin humanitar ehtiyaclarının aradan qaldırılması sahəsində aparılan işlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən izlənildiyini və müsbət dəyərləndirildiyini bildirib.

“Uzun zaman ərzində Azərbaycanda qaçqın kimi yaşayan, lakin başqa dövlətlərin vətəndaşlığını saxlamış şəxslərin və onların ailə üzvlərinin Azərbaycanın mövcud sosial müdafiə sisteminin bütün elementlərindən (sığorta-pensiya, sosial müavinətlər, ünvanlı sosial yardım) Azərbaycan vətəndaşları ilə bərabər səviyyədə təmin olunmaları imkanları müzakirə mövzusudur”, -Furio de Angelis vurğulayıb.

Cia.az