Şəmkir Rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikovun qaynı Cəfərov Rafiq Məhəmməd oğlu ilə bıçaq davası barədə yayılan söz-söhbətlər səngimir.
Rayon camaatı "Düyərlipetrol" YDM üstündə yeznə ilə qayın arasında baş vermiş insidentin məntiqi sonluğunu gözləməkdə ikən Zakir Tağıyevin xəsarət almasına səbəb olmuş cinayətin obyektiv araşdırılmasına hüquq-mühafizə orqanlarından maraq göstərən olmadı. Bu isə oxşar hadisələr üçün xoşagəlməz presedent yaradır.
Nazim Məlikovun bu cinayət hadisəsi ilə bağlı məsuliyyətə cəlb edilməməsi bir yana, onun rəhbərlik etdiyi rayon maliyyə idarəsində baş alıb gedən qanunsuzluqlara da göz yumulur. Cəzasızlıq mühitində belə bir təsəvvür yaranır ki, Nazim Məlikov rayonda istədiyi hərəkəti edə bilər. Uzun illər qohumluq münasibətində olduğu qaynının üstünə şəriklik zəminində bıçaq çəkən bir adamın sabah daha kimləri hədəfə alacağı məlum deyil.Bunun özü də bir təhlükə deməkdir.
Düyərli kənd bələdiyyəsi sədrinin müavini Zakir Tağıyev araya girməsəydi, insident bəlkə də daha ağır nəticəyə gətirib çıxarardı. Ona görə də kimliyindən asılı olmayaraq qanunlara sayğısızlıq göstərən hər kəs cəzasına çatmalıdır. Bəs necə olub ki, Nazim Məlikov ədalət mühakiməsindən yaxasını qurtara bilib? Bunun cavabını axtara-axtara Maliyyə Nazirliyinə gəlib çıxdıq. Sonra isə xəyalən Şəmkirə qayıdıb rayonun yeni rəhbərliyindən məsələni nəzarətdə saxlamasını istədik.
Rayon maliyyə idarəsini illərdir ki, şəxsi obyekti kimi "fırladan" bir şəxsin əməllərinə nazirlikdə göz yumulmasına da bu spektrdən yanaşmalıyıq. Samir Şərifovun bölgələrdəki işçilərinin, konkret desək, Nazim Məlikovun hərəkətlərinə yumşaq desək, göz yumması nazirin yerli maliyyə strukturları rəhbərlərinin fəaliyyətinə nəzarəti itirməsi anlamına gəlmirmi? Özünüz fikirləşin, Şəmkirə ayrılan büdcə vəsaitlərini istədiyi səmtə yönəltməsəydi maliyyə idarəsi rəisinin təmir-tikinti sahəsində, spirtli içkilərin istehsalı və satışında, həmçinin yanacaq biznesində uğur və ad-san qazana bilərdimi? Nazim Məlikovun törətdiyi bu boyda həngamələrin səsi-sorağı az qala Dağıstandan gəldiyi halda, Samir Şərifovun diqqətindən kənarda qalmasını nəylə izah edəsən? Belə biabırçılıqları görən sadə şəmkirlilər axı ilk növbədə maliyyə nazirinə irad tutur. Rayondakı səlahiyyətli nümayəndənizin məhz adınızdan danışması necə, bunudamı eşitməmisiniz, cənab nazir? Baxın, belə nəzarətsizlik şəraitində maliyyə idarəsi rəisinin adam bıçaqlaması şükürlər ki, ölümsüz nəticələnib. İndi biz necə qəbul edək bu cinayət faktını? Nazim Məlikov rayon maliyyə idarəsinə rəhbərlik edən dövlət məmurudur, yoxsa solaxay qazancını qaynı ilə bölməyə razılaşmayan "vor-zakon"? Şəmkir camaatının cavabını tapa bilmədiyi bu suala Samir Şərifovdan savayı daha kim yerli-yataqlı cavab tapa bilər?(gündəlik bakı)
